Cəmiyyət

"Fatihə" surəsinin TƏFSİRİ

3 Oktyabr 2014 21:55
17 Şərh     Baxış: 9 239
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məkkə dövründə nazil olub. 7 ayədir. Quranın başlanğıcı olduğu üçün "Fatihə" adlandırılıb ki, bu da "açan, açılış edən" mənasına gəlir. Başqa adları da var.

İbn KƏSİR 

1. Rəhman və Rəhim olan Allahın adı ilə.

Səhabələr Allahın kitabını oxumağa "Bismillah"la başlayıblar və alimlər "Bismillah"ın "Nəml" surəsinin bir ayəsi olması məsələsində həmrəydirlər. Amma hər surənin başlanğıcında yazılan "Bismillah"ın surələrin əvvəlində müstəqil bir ayə olub-olmaması və ya hər surədən bir ayə olub-olmaması məsələsində fərqli fikirlər var. Yaxud "Bismillah"ın sadəcə "Fatihə" surəsinin ayəsi sayılması məsələsi də ixtilaflıdır. "Bismillah"ın ayə olmayıb sadəcə surələri ayırmaq üçün yazılması fikri ilə bağlı əvvəlki və sonrakı alimlərin fikirləri fərqlənir. Alimlərin bu məsələ ilə bağlı fikirlərini 3 qrupda toplaya bilərik:

1. "Bismillah" "Fatihə" və digər surələrin ayəsi deyil. İmam Malik və hənəfilər bu görüşdədir.

2. "Bismillah" hər surənin birinci ayəsidir. Abdullah ibn Mübarək bu qənaətin tərəfdarıdır.

3. İmam Şafiyə görə isə "Bismillah" "Fatihə"nin birinci ayəsidir. Lakin o, digər ayələrlə bağlı tərəddüd edib.

Amma "Bismillah"ın "Nəml" surəsinin bir ayəsi olması fikrində alimlər arasında ixtilaf yoxdur (Qurtubi).

"Allah" kəlməsi Uca Rəbbin xüsusi adıdır. Onun İsm-i Əzəm, yəni ən böyük ad olduğu söylənir. Çünki o, Allahın bütün adlarını əhatə edir (Allahın 99 adı var. Amma onların hamısı bu adın sifətidir).

"Rəhman" və "Rəhim" mübaliğə vəznində "rəhmət" kəlməsindən törənmiş iki addır. "Rəhman" adı "Rəhim" adından daha mübaliğəlidir.

2. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.

"Həmd" kəlməsinin mənası sadəcə Allaha şükür etmək və Ondan başqa sitayiş edilən heç bir şeyə, Allahın yaratdığı heç bir varlığa şükür etməməkdir. Çünki Allah qullarına saysız-hesabsız nemətlər vermişdir.

"Rəbb" sözü hökm sahibi və malik mənasına gəlir. "Rəbb" kəlməsindən Allahdan başqası haqqında istifadə olunmur. O, yalnız söz birləşməsinin daxilində işlənə bilər. Məsələn, "evin sahibi" mənasında "Rabbu-d dar" deyilə bilər. Xüsusi formada Rəbb isə sadəcə Allaha deyilir.

"Aləmin" aləm kəlməsinin cəm formasıdır. Aləm Uca Allahdan başqa bütün varlıqları bildirir. Aləm özü də cəm bildirir, bu baxımdan tək forması yoxdur. Bir də "avalim" şəklində cəm forması var ki, bu da göylərdə, quruda və dənizdəki müxtəlif varlıqların siniflərini ifadə edir. Bu varlıqların hər bir qrupuna "aləm" deyilir.

3. Rəhman və Rəhimdir.

Uca Allah "Rəbbul-aləmin" sözü ilə qorxutduqdan sonra bizə ümid vermək üçün Özünü Rəhman və Rəhim sifətləri ilə təsvir etmişdir (Rəhman və Rəhim ərəbcə "rəhimə" felindən yaradılmış, mübaliğə bildirən iki sifətdir. Rəhmət, yəni acımaq, mərhəmət etmək, əsirgəməmək, bağışlamaq mənalarına gəlir. Rəhman Rəhimdən daha mübaliğəlidir). "Rəbb" sözündə qorxutmaq, "Rəhman və Rəhim" sözlərində isə ümid vermək mənaları var.

4. Din (haqq-hesab, qiyamət) gününün sahibidir.

Din günü məxluqat üçün axirətdəki hesab günüdür. Həmin gün Allahdan başqa heç kimin hökm vermək səlahiyyəti yoxdur. Məxluqatın dünyadakı kimi mülkləri və hökmranlıqları olmayacaq. Qiyamət günündə, başqa sözlə, axirət aləmində insanlar hesaba çəkiləcəklər. Əgər əməlləri yaxşı olubsa, yaxşılıq görəcək; pis olubsa, pislik görəcək, yəni cəzalandırılacaqlar. Yalnız Allahın həmin gün əfv etdikləri istisnadır.

5. Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

Yəni Səndən başqa heç kimə ibadət etmərik və ancaq Sənə güvənib etibar edirik. Bu, Allaha bağlılığı və itaətin kamilliyini ifadə edir. Dinin əsas məğzi bu iki ifadədə əks olunur. İbadət lüğətdə "zillət" mənasına gəlir. Poetik terminologiyada isə sevginin, bağlılığın və qorxunun ən mükəmməlini özündə birləşdirən bir ifadədir.

6. Bizi doğru yola yönəlt.

Bu, bir şey istəyən şəxsin normal davranış tərzidir: əvvəl bir şey istədiyi şəxsi tərifləməsi, sonra ehtiyacı olan şeyi istəməsi və bununla yanaşı da mömin qardaşlarının ehtiyaclarını dilə gətirməsi. Çünki bu, ehtiyacın ən yaxşı və ən uğurlu şəkildə ifadə edilməsidir və ehtiyacın ən gözəl surətdə ödənilməsini təmin edir. Belə ki, burada da əvvəlcə tərif (həmd) zikr edilmiş, bunun arxasınca isə istək dilə gətirilmişdir. "Siratı-müstaqim" (doğru yol) dedikdə Allahın Kitabı və ya İslam nəzərdə tutulur.

7. Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və azmışların yoluna yox.

Nemət verilənlər peyğəmbərlər, siddiqlər (dürüst insanlar), şəhidlər və əməlisaleh insanlardır. Verilən nemət siratı-müstəqim, yəni doğru yoldur. Qəzəbə düçar olmuşlar yəhudilərdir. Azmışlar isə xristianlardır. Çünki tövhidi qoyub təslisə (üç tanrıya) inanıblar. "Fatihə"ni oxuyan şəxsin sonda "Amin" deməsi müstəhəbdir. "Amin"in mənası "Allahım, qəbul et" deməkdir.

Din.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.