Cəmiyyət

Azərbaycanlıların qazandıqlarını xaricilərin ciblərinə tökdürən nədir?

18 Avqust 2014 02:30
0 Şərh     Baxış: 2 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qızmar yay fəsli, davamlı iş yorğunluğu istirahəti zəruri edir. İnsanlar istirahət üçün müxtəlif məkanlara, ölkə xaricinə üz tuturlar. Müşahidələrimiz göstərir ki, artıq Azərbaycandan xarici ölkələrdə istirahət etməyə gedənlərin sayı xeyli artıb
Bəs insanların ölkə daxilində deyil, xaricə üz tutmaları nə ilə bağlıdır - yerli turizm məkanlarındakı yüksək qiymətlərlə, yoxsa vətəndaşlarımızın xaricdə görməli yerləri gəzmək və fərqli istirahət etmək istəkləri ilə?

Ekspertlərin fikirləri də göstərdi ki, vətəndaşlarımız yerli məkanlarda istirahətdən çox, xarici ölkələrdə dincəlməyi üstün tuturlar.

Tanınmış turizm şirkətlərindən birinin əməkdaşı olan Nazim Qurbanov Milli.Az-a açıqlamasında ötən il ilə müqayisədə bu il azərbaycanlıların xarici ölkələrə axınının azaldığını deyib. Buna səbəb kimi o, qiymətlərdə artımın olduğunu bildirdi:

"Yerli camaatımız gəzintini deyil, daha çox günəşlənərək dənizdə çimməyi sevir. Bunun üçün onlar Türkiyəyə üz tuturlar. Ancaq ötən ilə baxdıqda bu il uçuşlar az olub. Bəzi otelləri öncədən rezervasiya edən turizm şirkətlərinin biletləri "hava"da qalıb.

Türkiyədən əlavə, İspaniyaya da üz tutanlar çoxdur. Azərbaycan ilə müqayisədə xarici ölkələrdə turizm qiyməti qat-qat ucuzdur. Misal üçün, Azərbaycanda 5-ulduzlu otelin minimal qiyməti 169 manatdır, bura ancaq səhər yeməyi daxildir. Xaricdə isə həmin qiymətə 5-ulduzlu oteldə "ultra all inclusive" (24 saat hər şey pulsuz) almaq olar".

Tanınmış turizm eksperti Anna Məmmədova isə azərbaycanlıların ən çox Gürcüstana üz tutduqlarını söylədi:

"Bizim cəmiyyət bir neçə təbəqəyə bölünür - az gəlirli, orta gəlirli və yüksək maaş gəliri olanlar. Bunların əksəriyyəti, təqribən 50%-i Gürcüstana üz tutur. Gürcüstana gedən azərbaycanlılar özlərini öz vətənlərindəki kimi hiss edirlər, çünki haraya baxırsan, yerli camaatımızdır.

Yerdə qalan 50% faiz isə Avropaya, əsasən də İspaniya, ya da Türkiyəyə üz tutur. Çünki həmin ölkələrdə "şoppinq" də əlverişlidir.

Turizm Azərbaycanın ən yaralı yeridir. Bizim camaat burada istirahətə xərclədiyi pulla xaricdə ikiqat istirahət edir. Ötən ildən hamı xaricə uçmaq üçün yerli reyslərdən yox, Gürcüstan hava limanından istifadə edir. Çünki ən azı 200-400 manat irəli düşürlər.

Azərbaycanda turizmin inkişafına heç inanmıram, əgər bunu inkişaf etdirmək istəyirlərsə, ən azından, ilk öncə otellərimizdə olan qiymətlər endirilməlidir".

Ceyhun Ələkbərov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.