Cəmiyyət

Lotu Bəxtiyar: "Ey Həci, Novxanıdır, bil əzəl-axır məkanın"

11 İyul 2014 14:45
2 Şərh     Baxış: 8 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriminal aləmin ilk baxışdan amansız, zəhmli təsir bağışlayan üzvlərinin bizə məlum olmayan tərəfləri həmişə maraq doğurub. Məsələn, siz "Lotu Bəxtiyar" kimi tanınan Bəxtiyar Kərimovun həm də duyğusal bir qəzəlxan olduğunu bilirdinizmi?

Milli.Az 1937.az-a istinadən Lotu Bəxtiyarın qəzəllərini təqdim edir.

Mən mərdliyə məhkum olanam, möhkəmə məhkum,

Məhkum edə bilməz məni heç məhkəmə məhkum.

Min şadlığı bir göz yaşına, nəşəni dərdə,

Yüz zövqü-səfanı edərəm bir qəmə məhkum.

Öz kölgəmin ardınca düşüb caniyə döndüm,

Kölgəm mənə hakimdi, mən öz kölgəmə məhkum.

Bəs pərdədə zildən oxuyub, zildə pəs oldum,

Bəmdən güc alan zil, yenə oldu bəmə məhkum.

Yox, varlığa darlıq dedilər, bilmədilər ki,

Çox var olanı tale edibdir kəmə məhkum.

Görkəm ucalıb dünyada şəxsiyyəti ötmüş,

Şəxsiyyət olub gövdəli bir görkəmə məhkum.

***

Bir qətrə damladı, gər bənzəri dəryadı ömür,

Gedir göz qırpımında, oxşarı dünyadı ömür.

Kimi sevdaya çəkir, kimsəni zinyətlə yıxır,

Aqili mərdanəcün məqsədi davadı ömür.

Bağladı gözlərini gör necə dost-aşnalarım,

Var ilə çəkdi dəmə maraqlı röyadı ömür.

Yaşadı ancaq o kəs, gəldi qiyam etmək üçün,

Dərk etdi haqq yolunda, qətli-kərbəladı ömür.

Ay Həci, dur ayağa, yatmağa çox vaxt olacaq,

Bəxtiyar dövrü qurtarmaqdadı, fənadı ömür.

***

Bilmədim qədrini mən, ey cigərim-canım ata,

Görəsən, eylədinmi əfv məni, sultanım ata?

Göz yaşı tökməz idim, həsrətin ağlatdı məni,

Qurbanam məzarına, namusu-vicdanım ata.

Nə rəva bildi fələk, ayırdı istəkliləri,

Danışıb-gülmədik heç, əziz mehribanım ata.

Qəlbinin dərdi-sərindən xəbərim olmadı heç,

Çün qəfil köçdün həyatdan, dərdi-pünhanım ata.

***

Səbr, ey dil, az olur pis güzəranın, yamanın,

Ki, dönüb yaxşılığa, çərxi dövr edər zamanın.

Biz də azədə gəzib, cəm olarıq, qəmdən iraq,

Çıxarıq seyrinə həm, güşeyi-cənnət cahanın.

Kim ki mərddir, bu onunçün yazılan qanundur,

Verə aləmdə gərək, zülmi-həyat imtahanın.

Dərk edə - məqsəd odur ki, - hamı bu mənanı,

Şəkk edib qırmaya ümidini, axər gümanın.

İnşallah verilər qiyməti çox düzlük ilə,

Yaşamış ömrünü mərdanə-təmiz hər adamın.

Nardaran pirinə, ey Bəxtiyar, oldun aşiq,

Ey Həci, Novxanıdır, bil əzəl-axır məkanın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.