Anım mərasimində Alı Mustafayevin tələbə və iş yoldaşlarından Məzahir Süleymanzadə, Tahir Aydınoğlu, İlqar Həsənov, Sakit Ocaqlı, Akif Cabbarov, Akif Qurbanov, Araz Qurbanov, qocaman qələm sahibi Ələsgər Cabbarov həyatdan vaxtsız getmiş jurnalist barədə xatirələrini yada salıb, onunla fəxrarət duyduqlarını dilə gətiriblər.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov bildirib ki, Alı Mustafayev, Salatın Əsgərova kimi jurnalistlər Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gediblər, şəhidlik zirvəsi ilə misilsiz örnəyə çevriliblər. Alı Mustafayevin tələbəlik dostu Qənimət Səfərov şəhid jurnalistin cəfakeşliyindən danışaraq onun dostluğa sədaqətinin, ailəcanlığının da nəsillərə nümunə olduğunu vurğulayıb. MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında dəfələrlə sıx təmasda olduğu şəhid jurnalistin mehribanlıq, işgüzarlıq keyfiyyətlərini xarakterizə edib.
Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə xanım çıxış edərək xoş sözlərə və anım mərasiminin təşkilinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Əmək faəliyyətinə Bakı Elektrik Maşınqayırma Zavodunda başlayıb. 1976-1981-ci illərdə bu müəssisənin göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək orada işləyib. O, ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Lirik şerləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb.
Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Milli.Az
