Cəmiyyət

"Dalğa Plaza"dan sürücüləri narazı salan addım... - FOTO

5 İyun 2014 16:43
0 Şərh     Baxış: 2 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda Dənizkənarı Milli Parkdakı avtodayanacaqda qiymətlər ikiqat artırılıb

Milli.Az bidlirir ki, bu barədə "Yeni Müsavat"a narazı sürücülər məlumat veriblər.

Belə ki, "Dalğa Plaza"nın kirayələdiyi və avtodayanacaq kimi istifadə olunan yerdə avtomobillərini saxlayanlardan 50 qəpik əvəzinə indi 1 manat almağa başlayıblar. Bu da sürücülərin haqlı narazılığına səbəb olub.

Qiymətin qaldırılmasından xəbərsiz olan sürücülər çətin vəziyyətdə qalıblar. Eyni zamanda sürücülərlə dayanacaq işçiləri arasında mübahisə yaranıb.

Narazı sürücülərdən birinin - Elman Məmmədovun "Yeni Müsavat"a verdiyi məlumata görə, dayancaq rəhbərliyi qiymətin birdən-birə ikiqat artırılmasını heç cürə əsaslandıra bilməyib: "Bu ərazi Dənikənarı Milli Parkındır. "Dalğa Plaza" ərazini kirayələyərək, dayanacaq düzəldib. Özü də ki, açıq səma altında olan yerdə heç bir əlavə iş görülməyib. Əvvəllər burada 20 qəpik ödəyərək maşın saxlayırdıq. Sonradan 50 qəpik elədilər. Bu gün də heç bir əsas göstərmədən dayanacaq haqqını 1 manat ediblər".

"Sürücülər bir gün öncəsindən məlumatlandırılıblar. Xüsusilə daimi müştərilərimizə qiymətin 1 manat olacağı ilə bağlı məlumat verilib. Qiymətlərin qaldırılması bizdən aslı deyil. Rəhbərliyin göstərişidir, biz də əməl edirik". Bunu isə dayanacaqda çalışan işçilər söylədilər.

Qeyd edək ki, hazırda Bakının ən böyük problemi günün bütün saatlarında nəqliyyatın hərəkətində sıxlığın baş verməsidir. Əvvəllər mərkəzi küçələrdə günün pik saatlarında tıxac yaranırdısa, indi bu hal günün bütün saatlarında və paytaxtın ara küçələrində özünü göstərir.

Düzdür, dövlət bu problemi aradan qaldırmaq üçün pullu avtodayanacaqların tikintisinə icazə versə də, bu, problemin həllinə heç də kömək etməyib. Hazırda Bakının Mərkəzi Univermaq, "Malakan" bağı, "28 May" metrostansiyası, "5 mərtəbə" kimi məkanlarında böyük avtodayanacaqlar tikilsə də, sürücülər həmin dayanacaqlarda avtomobil saxlamaq istəmirlər. Səbəb isə həmin dayanacaqların həddindən artıq baha olmasıdır.

Sürücülər, həmçinin maşını qadağan olunmuş yerdə saxladıqarına görə Dövlət Yol Polisi əməkdaşları tərəfindən cərimələndikləri üçün də şikayət edirlər. Onların sözlərinə görə, hazırda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanır.

Məktubda qeyd olunur ki, şəhərin mərkəzi küçələrində parklama və durma qəti qadağandır. Qeyd olunan ərazilərdə bununla bağlı müvafiq yol nişanları da quraşdırılıb.

Bunlara Neftçilər, Rəşid Behbudov, Azadlıq, Azərbaycan prospektləri və G.Səfərəliyeva, Üzeyir Hacıbəyov, İstiqlaliyyət, Əziz Əliyev, Ə.Cavad, 28 May, Bülbül, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Füzuli, Nizami küçələri və "Nizami" metrostansiyasının qarşısında yerləşən Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsindən Ə.Hüseynzadə küçəsinə qədər olan hissə, Hökumət Evinin ətrafı, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Xaqani adına bağın ətrafı və mərkəzdə yerləşən digər küçələr aiddir.

Maşınlar sadalanan ərazilərdə park edildikdə onlar evakuatorlar vasitəsilə aparılırlar. Nəqliyyat vasitəsinin aparılması mümkün olmadıqda onların fotoşəkli çəkilir və mərkəzi informasiya sisteminin məlumatı əsasında yerindəcə protokol tərtib edilir. Prokotokolun bir nüsxəsi avtomobilin ön şüşəsinə vurulur, digər nüsxəsi barəsində protokol tərtib olunmuş şəxsin yaşayış üzrə qeydiyyatda olduğu ünvana göndərilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.