Cəmiyyət

"20 Yanvar" stansiyasındakı bəzi ticarət obyektlərinin sökülməməsinin səbəbləri açıqlandı - YENİLƏNİB

19 Mart 2014 15:30
0 Şərh     Baxış: 1 923
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bakı Şəhər İcra Hakimiyyəti metronun "20 Yanvar" stansiyasındakı bəzi ticarət obyektlərinin sökülməməsinə aydınlıq gətirib.

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev APA-ya deyib ki, həmin ərazidə metropolitenin balansında olan 35 obyekt yığışdırılıb, yerdə qalan obyektlər isə metropolitenin balansına aid olmadığından sökülməyib: "Metropolitenin bizə verdiyi siyahıda metropolitenə aid olan ərazilərdə ticarət obyektləri sökülüb. Lakin metronun "20 Yanvar" stansiyasındakı keçiddəki ticarət obyektləri metropolitenin ərazisinə aid deyil. Bizim departament yalnız söküntüyə nəzarət edir. Həmin stansiyada digər obyektlərin yığışdırılmamasının səbəbini soruşduq, metropolitendən dedilər ki, bu obyektlər metropolitenin balansına aid deyil".


---------
12:58

Metronun yalnız "20 Yanvar" stansiyasında ticarət qalıb


"Bakı Metropoliteni"nin stansiyalarındakı keçidlərdə fəaliyyət göstərən ticarət köşkləri yığışdırılsa da, "20 Yanvar"dakı obyektlər bu prosesdən kənarda qalıb.

AzNews.az-ın məlumatına görə, "20 Yanvar" stansiyasının keçidlərində ticarət obyektləri öz fəaliyyətini davam etdirir.

Məsələyə aydınlıq gətirən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov AzNews.az-a açıqlamasında deyib ki, hazırda paytaxtın İcra Hakimiyyətinin bütün strukturları metro keçidlərində ticarət obyektlərinin sökülməsi işinə cəlb olunub. Artıq "20 Yanvar" stansiyası istisna olunmaqala digər keçidlər boşaldılıb. Ə. Bağırov əlavə edib ki, "20 Yanvar"dakı keçidlərin sökülməsi ilə bağlı hələlik onlara göstəriş verilməyib: "Belə bir tapşırıq olarsa, söküntü işlərinə başlanacaq. Göstəriş nə vaxt veriləcəyi haqda isə məlumatsızam".

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakı Metropoliteni"nin stansiyalarının keçidlərində olan bütün ticarət obyektlərinin sökülməsi və bu işə bütün icra strukturlarının cəlb olunması ilə bağlı sərəncam imzalayıb.

X X X 

"Azadlıq" qəzeti yazır ki, "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Fuad Tağızadə mətbuata açıqlamasında demişdi ki, bütün dükanlar yığışdırılacaq:

"Metro sərnişindaşıma üçündür, ticarət üçün deyil. Tələb də budur ki, belə xaos olmasın. Rekonstruksiyadan sonra metro stansiyalarında heç bir ticarət köşkü olmayacaq. Metro stansiyalarının giriş və çıxışlarında müəyyən avtomatik cihazlar vasitəsilə servis xidmətləri göstərilə bilər. Qalan ticarət köşkləri olmayacaq. Günün tələbi belədir ki, ticarət köşkləri olmamalıdır".

"20 Yanvar"dakı dükan sahibləri deyirlər ki, onlara mağazaların sökülməyəcəyi deyilib. Bu üzdən də satıcılar məlumat verməkdən yayınırlar: "Bizlik deyil, ona görə də heç nə deyə bilmərik".

"20 Yanvar" Bakı Metropliteninin başqa stansiyalarıyla müqayisədə ən çox ticarət köşkü olan stansiyadır. Burada 230-a yaxın dükan var və ən çox basırıq da elə buradadır. Məntiqlə, ən birinci sözügedən ünvandakı dükanlar sökülməli idi. Bəs niyə ayrı-seçkilik edilir?

Əldə etdiyimiz məlumatlara görə, "20 Yanvar"dakı mağazalar may ayına qədər söküləcək. Sadəcə, hökumət burada işləyənləri narazı salmamaq, etirazların daha da böyüməməsi üçün bu addımı atıb. Bu üzdən də satıcılara danışmağı qadağan ediblər.

Ancaq bəzi satıcılar əmindirlər ki, onlara da növbə çatacaq və köşklər bir günün içində yığışdırılacaq.

"Mən orada 18 ildir ki, işləyirdim. Buna görə təkcə icarə haqqı üçün Metropolitenin sabiq rəhbərliyinin qohumlarına 400 manat verirdik. Həmin keçiddəki ticarət obyektlərini rəhbərliyə daxil olan şəxslərin qohumları almışdılar, onlar da bizə icarəyə verirdilər. 400 manatı ödədiyimiz adam bizə deyirdi ki, buradakı ticarət obyektləri onundur", - deyə satıcılardan biri bizimlə söhbətində bildirdi.

"İnşaatçılar"da dükanı sökülmüş satıcı isə deyir ki, onlara Keşlədə alternativ yer göstəriblər, amma orada heç bir şərait yoxdur: "Gecə ilə mallarımızı küçəyə tökdülər. Bayramqabağı bizə şok yaşatdılar".

Satıcılarla müqavilə bağlanmadığını deyən Elmira xanım da hər ay icarə haqqı kimi 400 manat ödədiyini deyir: "O zaman bizimlə görüşüb dedilər ki, pulu onlara ödəyəcəyik. Bizdən 400 manat icarə haqqı, 50 manat sığorta pulu, 15 manat isə "naloq" yığırdılar".

Satıcılar "Azadlıq"a onu da bildirdilər ki, son 7 ildə bir neçə dəfə onlara dükanların təmir adıyla söküldüyünü deyərək, hər dəfə 1000-1500 manat pul alıblar.

"Metrodakı ticarət obyektlərinin sökülməsi, yığışdırılması vaxt itkisi idi. Hamı istəyirdi ki, bayram günlərində alternativ ticarət mərkəzlərində yerləşərək, ticarətlə məşğul olsun. Bu baxımdan hamı obyektini boşaldırdı" - bunu isə APA-ya açıqlamasında Bakı Şəhər Icra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev deyib.

O bildirib ki, metrodakı ticarət obyektlərinin martın 27-dək sökülməsi ilə bağlı göstəriş Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşdə verilib. Onun sözlərinə görə, heç kimin obyekti məcburən və ya içində mal olduğu halda sökülməyib: "Biz yalnız boşalan obyektləri sökmüşük. Biz dükan sahiblərinin heç birinə "buranı boşaldın" deməmişik. Onların özlərinin bu barədə məlumatı vardı. Biz söküntüyə nəzarət edirdik. Kim ki boşaldırdı, onun dükanı sökülürdü".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.