Sosial varlıq kimi yaradılmışıq. Təbiətimizdə toplum halında və oturaq şəkildə yaşamaq meyili var.
Artan əhali və ehtiyaclar ucbatından bu gün geniş və qələbəlik olan yerlərdə yaşayırıq. Hələ vaxtı ilə Mesopotamiyada qurulan şəhərlərin əhalisi yüzlərlə hesablanırdısa, bu gün Mexikonun əhalisi artıq 30 milyonu keçib. Bəziləri istisna olmaqla toplum halında yaşayan heç bir canlı növünün sayı bu qədər deyil. Artıq şəhər həyatı deyilən bir reallıq var. Şəhər təbiətdən ayrılan, lakin ona güclü zərbə vuran, təsir göstərən bir yerdir. Sənaye inqilabı ilə birlikdə işçi tələbatının getdikcə artması insanların kənddən şəhərə köç etməsinə səbəb oldu. Elm və texnika sahəsinin sürətli inkişafı şəhərləri daha çox müxtəlif mal və xidmət növünün rast gəlindiyi cazibədar bir yaşayış məskəninə çevirdi. İş və informasiya imkanlarının artması ilə digər bölgələrin əhalisi şəhərlərin bu üstünlüyünü hiss etməyə başladılar. Nəticədə şəhərə böyük axın başladı. Bəzi dövlətlərdə əhalisi daha çox olan şəhərlər peyda oldu. İnkişaf etmiş dövlətlərdə modern imkanlar və yüksək həyat standartı ölkənin hər yerinə yayılarkən şəhərlər də, əsasən, rahat şəkildə böyüməyə başladı. Bəzi ölkələrdə isə şəhərləşmə prosesi ağır inkişaf etdi. Son illər Qarabağ hadisələrindən sonra paytaxtımıza məcburi şəkildə üz tutan vətəndaşlar hesabına əhalinin sayı artdı, yollarda tıxaclar yarandı, maşınların park edilməsi çətinləşdi, şəhərin sərhədləri "gecəqondu"lar hesabına genişləndi. Bunun nəticəsində su, elektrik, rabitə və kanalizasiya xidmətləri; alış-veriş, səhiyyə, mədəniyyət mərkəzləri, məktəb kimi əsas ehtiyaclarla bağlı ictimai xidmətlərin həyata keçirilməsi böyük maliyyə ehtiyacı yaratdı. Şəhərə axının qarşısının alınmaması nəticəsində şəhər və ətrafı təbiəti olmayan böyük bir kəndə çevrilməyə, ekosistem tarazlığının itirilməsi təhlükəsi yaranmağa başladı.
***
Şəhər ekosistemində ən problemli məsələ qaz və tozlardan yaranan atmosferdir. Bunlar ev, sənaye və istilik stansiyalarında yandırılan kömürdən, benzin və dizellə işləyən qurğulardan ətrafa yayılan azot və kükürd oksidləri, dəm qazı, karbon dioksid və metan qazlarıdır.
Azot və kükürd oksidləri birbaşa alındığı halda belə orqanizm üçün zəhərlidir. Su buxarı ilə birləşdikdə alınan nitrat və sulfat turşuları həm şəhər sisi, həm də turşu yağışları içərisində təhlükəli aşındırıcı amillərdir. 1950-ci illərdə Londonda tərkibində böyük nisbətdə kükürd olan sıx bir duman təbəqəsi 4000-dən çox insanın ölümünə səbəb olmuşdur. Dəm qazı isə kifayət qədər havalandırma olmadıqda tənəffüsü zəhərləyir, yanğınlar zamanı isə boğulmaya səbəb olur. Çirkli dumanda çox qaldıqda başağrısına, baş gicəllənməsinə gətirib çıxarır. Ağciyərdən oksigen alan qırmızı qan hüceyrələri bu dəfə beyin və ürəyi oksigen əvəzinə dəm qazı ilə təmin edir. Atmosferdə istixana effekti meydana gətirən karbon 4-oksid qlobal istilənməyə, dolayısilə iqlim dəyişiklərinə gətirib çıxardığına görə zərərlidir. Nəfəs aldıqda zəhərli təsir göstərən ozon isə böyük şəhərlərdə təhlükəli həddə olub azot oksidləri, üzvi qazlar və günəş şüalarının qarşılıqlı təsiri ilə ortaya çıxır.
Avtomobillərdə benzinin partlayışla yanmaması üçün əlavə edilən qurğuşun tetraetil yanmış qazlarla şəhər atmosferinə qarışır. Yüksək səviyyəyə çatdıqda ölümlə nəticələnən saturnizm xəstəliyinə, aşağı dozalarda isə uşaqlarda müalicəsi çətin olan çox ciddi sinir və zehin pozğunluğuna səbəb olur. Benzinin yanması ilə zərərli maddələrdən peroksiasilnitrat qırtlaqda və gözlərdə qıcıqlanmaya səbəb olarkən, benzopiren insan vücuduna uzunmüddətli ziyan vurur. Hidrokarbonlar isə katalitik yanacaq yığını və emal sənayesindən qaynaqlanan səbəblərlə şəhər atmosferini korlamaqdadır.
***
Bütün bu qazların canlı orqanizmlər üzərindəki zərərlərini aşağıdakı misalla aydın görmək olar: bir insan gündə 2 litr su içib və 1,5 kiloqram yemək yeyirsə, həcmi 100 kubmetr olan 13,5 kq da hava qəbul edir. Ağciyərlərin hər nəfəs aldıqda bir az zəhərli qaz saxlaması hesabına meydana gələn qaz yığını sürətlə dağılmaya səbəb olur. Lakin ən təhlükəli məhsullar aerozol deyilən şəhər atmosferindəki dəniz duzu kristalcıqları, sənaye və torpaqdan irəli gələn tozlardır. 30 mikrondan böyük dənəciklər burun və nəfəs borusundakı müxtəlif filtrlər vasitəsilə tutulsa da, digərləri ağciyər vasitəsilə əmilir, bronxları tıxayır, divarları qıcıqlandırır və bunlar əgər kömür tozudursa, uzun müddətə xərçəngə səbəb ola bilir. Tozların sıxlığı, qazlarda olduğu kimi, yerə doğru artdığından uşaqlar üçün daha təhlükəlidir. Orta sıxlıq yerdən bir metr yüksəklikdə 100 mikroqram/kubmetr, yer səviyyəsində isə üç dəfə artıqdır. Bu səbəbdən şəhərdə böyüyən uşaqların böyük əksəriyyəti xroniki bronxit və ya astmadan əziyyət çəkir. Bu tozlar, əsasən, sənayedə kömürdən istifadə edilməsi və mühərrikli qurğular hesabına meydana çıxır. Burada ən çirkləndirici faktor dizel yanacağıdır. Təkmil işlənmiş qaz sistemləri böyük dənəcikləri süzüb təmizləsə də, avtomobillərin səbəb olduğu toz çirklənməsi hələ də qalmaqdadır: bu tozlar qaz və su üçün çəyirdək rolunu oynayır, nəticədə olduqca çirkli və zəhərli bir duman meydana gəlir. Gözlərdə yorğunluğa, gərginliyə səbəb olan, görməni əngəlləyəcək dərəcədə qalınlaşa bilən duman yuxarıdakı çirkləndirici maddələrlə dolu olduğu və böyük şəhərlər bundan uzaq qalmadığından sakinlərin böyük qismi bunun təsirinə məruz qalırlar. Bu çirkləndiricilər yarpaqlardakı gözləri tıxayaraq fotosintez və nəfəsalmanı dayandırır, ağacların məhvinə səbəb olur. Məşhur Londaon dumanı ev və sənayedə kömürdən istifadə edilməsinə qadağa qoyduqdan sonra aradan qalxmışdır.
Digər tərəfdən şəhərlərin mikrometeorologiyasını tədqiq etmək və lokal şərtləri modelləşdirmək də önəmlidir. Bu nöqtədə hava durğunluğunun meydana gəlməməsi üçün kompyuter şəraitində həyata keçirilən mikrometeoroloji modelləndirmə müxtəlif binaların inşası və sökülməsinin hava sirkulyasiyasını necə dəyişəcəyini anlamaq imkanı verir. Beləcə, küçə və prospektlərin nizama salınması, istilik qaynaqlarının müəyyən edilməsi və idarəsi daha elmi şəkildə həyata keçirilir. Xüsusilə, paytaxtımız kimi dənizkənarı şəhərlərdə bu yerlər üçün xas olan küləklərə görə planlanan geniş prospektlər açaraq və istilik qaynaqlarının yayılmasını genişləndirərək, havanın çirkliliyi azaldıla bilər. Heydər Əliyev prospekti bunun ən bariz nümunəsidir. Təəssüflər olsun ki, avtomobil sıxlığının idarə edilməsi mövzusunda hələ məqbul sayılan, praktik və kütləvi şəkildə qəbul edilən üsullar tapılmamışdır. Çox güman ki, yaxın zamanlarda "yaşıl yanacaq" və elektriklə, bir müddət sonra isə hidrogenlə işləyən avtomobillər benzinlə işləyənlərin yerini tutacaqdır.
***
Su şəhər üçün hər şeydən əvvəl içmə-istifadə suyu, işlənmiş sular, yeraltı sular və şəhərin içindən keçən çaylar baxımından önəmlidir. İçməli su problemi şəhərdən-şəhərə dəyişir. Məsələn, daimi və ya bəzən quraq bölgələrdə su sıxıntısı şəhərin yaxınlığında su qaynaqlarının olmamasından irəli gəlir. Bu zaman uzaqdan boru xətləri ilə su gətirmək məcburiyyəti yaranır. İşlənmiş suların yaratdığı ilk problem bunların haraya yönləndirilməsidir. Əgər böyük bir çaya axıdılırsa, güclü yağışlar nəticəsində daşqın meydana gəldikdə ətrafda təbii fəlakət ehtimalı ortaya çıxır. Bizim Bakı kimi dəniz sahilində yerləşib, kanalizasıya sistemi olan şəhərlər, əsasən, azdır. Bu şəhərlərin bəzisi tullantı sularını sahildən dənizə, bəzisi isə sahildən uzaq sulara axıdır. Sahilə axıtma təhlükəlidir, dərin sulara axıdıldıqda isə dəniz dibinə yaxın yerlərdə bioloji zənginlik yarada bilər. Çirkli suların axıdılması orta ölçülü bir çaya və ya yer altına sızdırma şəklində həyata keçirilirsə, yeraltı suların da çirklənmə təhlükəsi yüksəlir. Bu halda işlənmiş suları yer altına axıtmamışdan öncə mütləq təmizləmək lazımdır.
"Zaman Azərbaycan"