Montin qəsəbəsinin ara küçələrində, insanların qələbəlik yerində, yol kənarında tüstülənən manqallardan gələn kabab iyi bizi özünə çəkdi.
Bakıda heç vaxt küçənin ortasında belə yemək satılan yerlər görmədiyim üçün açıq havada hazırlanıb satılan bu möhtəşəm təam məni daha da cəlb etdi. Deyim ki, kababçılarla söhbət kababın özündən heç də az ləzzətli olmurmuş. Biz bildik, siz də bilin.
Təkcə Qarabağı ermənilərə vermədik...
Mahir dayı ilə bir balaca söhbət edəndən sonra, nə qədər maraqlı bir insan olduğu anlaşıldı.
Montində qaçqın yataqxanasında qalır. Köçkünlükdən əvvəl müəllim işləyirmiş. Amma Bakıya gələndən sonra bircə dəfə də sinif otağına girməyib. Əlqərəz, Füzuli rayon sakini Mahir Huseynov müəllimlik sənətinin daşını o vaxtdan atıb, yapışıb manqaldan. Mahir dayı "təkcə Qarabağı ermənilərə vermədik deyir, orada ruhumuzu da qoyub çıxdıq", - deyir.
Xatirələr dumanında
"Səhər-səhər itlərin, xoruzların səsinə qalxıb həvəslə işə gedirdim. Məktəbə çatana qədər, yol boyu uşaqlar məni salamlayırdılar. Çox gözəl günlər idi. İnsan heç vaxt yaşadığı günləri düzgün qiymətləndirə bilmir. Həmin vaxtlar üçün burnumun ucu göynəyir".
Kababçı Mahir müəllim...
Hiss olunur ki, 60 yaşlı bu insanın ürəyi doludur, onunla əgər keçmiş günlərdən söhbət açmaq istəsən, içindəki acının, yanğının şahidi olarsan, belə lap dəqiq desək, ürəyin kabab olar. Bunu söhbətmizin binasındanca anlamışdım.
Mahir dayıya əvvəllər "Mahir müəllim" deyərmişlər, indi isə "kababçı Mahir".
Kababdan çıxan çörək
Bütün ümidlərini, xatirələrini, uşaqlıq illərinin hamısını itirib. Dediyinə görə, 10 ildir ki, çörəyi kababdan çıxır. Müəllimlikdən sonra kababçı işləmək onun üçün elə də asan deyil.
"Bir var qışın soyuğunda dayanıb, kabab bişirəsən - bu işdən, sadəcə, qazanc götürmək olar, bir də var, əlində sinif jurnalı gələcəyin həkimləri, müəllimləri, böyük adamları oxuyan siniflərə girəsən. Çox ağır dərddir".
Yelpiklə manqalda qızarmaqda olan közü həvəslə yelləyir. Hava da külək. Deyəsən, bunu sırf vərdişdən edir. Manqalın külü tez-tez üstümüzə tökülür. "Bakının külündən belə, vətən qoxusu almaq olmur", - deyir. "Qarabağ şikəstəsi"ni zümzümə eləyə-eləyə şişləri çevirir.
Yaxınlaşıb kabab almaq istəyən müştərilərə heç əhəmiyyət vermir. Müştəri kababını alıb lal-dinməz gedir. Yeri gəlmişkən, bir şiş kababın qiyməti 3 manatdır.
Evdəkilərlə də danışmıram
"Mən ümumiyyətlə, Qarabağdan sonra bütün dərdlərimi içimə atmışam. Üç övladım var, evdəkilərlə də danışmıram. Ancaq ürəyimdə vərə-vürd edirəm. Yaşlaşdıqca torpaq adamı özünə çəkir. Amma təsəvvür edəndə ki, o torpağa dönə bilməyəcəm, bilirsiz... bunu sözlə başa salmaq çox çətindir".
Manhettendə kababçı
"Bir dəfə bir əcnəbi ilə yaxşı söhbət etdik. Elə sizin kimi, yaxınlaşıb kababla-filan maraqlandı. Yanında tərcüməçisi də vardı. Ona vətən həsrətindən, evimi itirdiyimdən, ağır dolanışığımdan danışdım. Mənə dedi ki, gəl, səni aparım Amerikaya, hər şey yadından çıxacaq (gülür). Təsəvvürünüə gətir də, Amerikada kababçı işləyirsən...
Dedim, o kinolarda gördüyüm Manhetten var e, orada da yaşasam, Qarabağ Qarabağdı e-e. O da cavab verdi ki, onda ermənilər elə bunu bildiyi üçün oranı işğal edib də.
Bu əcnəbiyə hörmətim birə-beş artdı, elə bildim, Qarabağı geri qaytardıq. Xarici vətəndaş, özü də iş adamına oxşayırdı, mənim bildiyim həqiqəti bilirdi. Gözlərim doldu o anda, nə doldu...
Sağ olsun, ara-sıra mənə baş çəkməyə də gəlir".
Onlar olmasaydı, ölərdim
"Güzəranım yaxşıdır, ailəmi dolandıra bilirəm, onlar üçün yaşayıram. Olmasaydılar, ölərdim. Bundan sonra heç bir mənası yoxdur həyatın. Daha nə fərqi - kababçı işləyim, ya müəllim.
Tüstü, salamat qal...
Yenə də gözləri dolur, onun acısını anlayıb, söhbəti kəsmək istəyirəm. O da mənim narahatlığımı başa düşür: "Sizi də çox yormayım, hərdən mənə baş çəkməyi unutmayın, xeyli yüngülləşirəm danışanda", - deyir. Söz verib ordan ayrılıram. Kabab iyi isə, hələ xeyli arxamca gəlir...
Axar.az
Böyütmək üçün şəkillərə klikləyin.





