Cəmiyyət

Bakıdakı kinoteatrlar Azərbaycan dilini niyə unutdurur? - FOTO

15 Fevral 2014 10:01
0 Şərh     Baxış: 1 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yusif Şeyxov: "Bütün kinoteatrlara xəbərdarlıq məktubu göndərilib"

Azərbaycanda kinoteatrlarda nümayiş olunan bütün filmlərin dövlət dilinə çevrilməsi haqqında qərar verilmişdi. Qərara görə, 5 iyul 2011-ci ildən etibarən kinoteatrlarda nümayiş olunan bütün filmlər Azərbaycan dilinə dublyaj olunmuş versiyada verilməli idi. Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən, kinoteatrlar filmi azərbaycan dilində istənilən formada nümayiş etdirə bilərlər.

Bu üsulların seçilməsi kinoteatrların öz işidir. Amma dublyaj zamanı savadlı tərcüməçilərdən və peşəkar aktyorlardan istifadə edilməlidir. Bu qərarın nə dərəcədə icra olunub-olunmadığını öyrənmək üçün bir neçə kinoteatra baş çəkdik. Belə bir nəticəyə gəldik ki, bu qərarın üstündən üç ildən çox keçməsinə baxmayaraq, buna əməl edən yoxdur. Hətta kinoteatrlarda bilet satanlar, məsul şəxslər belə kinoya gələn izləyicilərlə rus dilində ünsiyyət qurur. İlk baş çəkdiyimiz yer gənclərin və uşaqların daha çox üz tutduğu "Metropark" ticarət və əyləncə mərkəzində yerləşən "Park Cinema" oldu. Kinozal müasir dünya standartlarına uyğun hər şeylə təchiz olunub. Ancaq burada bütün xarici filmlər rus dilində nümayiş etdirilir. Kassanın qarşısında da xeyli adam vardı. Hamısı da doğma dilimizdə yox, rus dilində danışırdı. Kassaya yaxınlaşıb filmlərin hansı dillərdə nümayiş olunduğunu soruşduq. Kassada əyləşən xanım əvvəlcə rus dilində danışsa da, öz dilimizdə danışmağını tələb etdikdən sonra azərbaycanca danışmağa başladı. O, filmlərin rus, ingilis və türk dillərində nümayiş etdirildiyini dedi. Filmlərin altında Azərbaycan dilində subtitrlərin olub-olmadığını soruşduqda isə kassir xanım Azərbaycan dilində heç bir tərcümənin olmadığını bildirdi.

Filmlərə baxmağa gələnlər isə biletlərin qiymətinin bahalığından gileylənirdilər. Qeyd edək ki, biletlərin qiyməti filmlərin nümayiş vaxtına və formatına görə fərqlidir. 2D filmlərinin qiyməti 6 manat 20 qəpikdən, 20 manat 80 qəpik arası, 3D filmləri isə 7 manat 50 qəpikdən 24 manat 80 qəpik arasında dəyişirdi.

Digər baş çəkdiyimiz "28 Cinema" və "Park bulvar"dakı cinemada da eyni vəziyyət idi. Hətta övladı ilə uşaqlar üçün nümayiş edilən filmlərə baxmağa gələnlərin bəziləri filmlərin rus dilində olduğunu bildikdən sonra geri qayıdırdı. Bu cür valideynlərdən biri də Aysel xanım idi. Aysel xanım deyir ki, rus dilini bilmədiyi üçün filmlərə baxa bilmir: "Filmlərə kinoteatrda baxmaq istəyirəm. Uşaqlarımı da gətirirəm. Ancaq Azərbaycan dilində film tapa bilmirik. Rus dilində bilmədiyimə görə xarici filmləri izləyə bilmirəm. İndi də uşaqlarla "Park Cinema"ya gətirdim ki, bəlkə burada Azərbaycan dilində uşaq üçün hansısa film olar. Uşaq üçün filmlər var. Ancaq təəssüf ki, tərcümə edilməyib. Başa düşmədən də baxmağın bir mənası yoxdur. Ona görə də geri qayıdırıq".

Digər şəhər sakini Eldar Ələsgərov da filmlərin doğma dilimizə tərcümə edilməməsindən gileyləndi: "Təxminən 2-3 il bundan əvvəl "Park Cinema"da bəzilərini subtitrlə nümayiş etdirirdilər. Düzdür, bərbad tərcümə idi, amma heç yoxdansa, yenə bu yaxşı idi. İndi heç onu da etmirlər".

Dövlət kinoteatrlarına gəlincə, onların əksəriyyəti tamaşaçı sarıdan korluq çəkir. Ancaq bu kinoteatrların da afişalarında Azərbaycan filmlərinin adına çox nadir hallarda rast gəlinir. Halbuki, filmlərimizin təbliği, tanıdılması baxımından onların kinoteatrlarda nümayişi olduqca vacib əhəmiyyət daşıyır.

Elə dövlət kinoteatrları var ki, bu kinoteatrların binasının hansı funksiyanı yerinə yetirdiyini müəyyənləşdirmək çətin olur. Məsələn, vaxtilə məşhur olan, kassalarının qarşısında uzun növbələr yaranan "Dostluq" kinoteatrı kimi. Bu kinoteatrın binasında çayxana, mebel salonu var. "Bakı" kinoteatrında da vəziyyət ürəkaçan deyil. Bu mədəniyyət ocağının binasının bir hissəsindən çayxana, digər hissələrindən isə mağaza, bilyard və kompüter salonu kimi istifadə olunur.

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov xarici filmlərin Azərbaycan dilinə tərcümə olunmadan nümayiş etdirilməsinə münasibət bildirərək dedi ki, kinoteatrlar filmlərin Azərbaycan dilində tərcümə olunması qərarına bir ay riayət etdilər: "Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin imzası ilə bütün kinoteatrlara xəbərdarlıq məktubu göndərilib. Kino haqda artıq Ədliyyə Nazirliyi ilə artıq razılaşdırılmış yeni qanun var. O qanunda cümlə-cümlə yazılır ki, kinoteatrlarda göstərilən filmlər Azərbaycan dilinə tərcümə olunmalıdır. Biz tərəfdən kinoteatrlarda yoxlamalar aparılır, xəbərdarlıq da edilib".

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.