İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 2013-ci il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabatını açıqlayıb.Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kadr hazırlığı ilə bağlı hesabatı açıqlanıb
İnstitutun Elmi Şurasından verilən məlumata əsasən, bu il yüksək ixtisaslı kadr hazırlığı istiqamətində uğurlu addımlar atılıb. Belə ki, institutun əməkdaşlarından siyasi elmlər üzrə 1 nəfər - Sənan Həsənov fəlsəfə doktoru, 1 nəfər - Esma Əmirilyasova elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə ediblər.
Fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmiş 3 əməkdaş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq diplomunu alıblar.
İnstitutda doktorantura, dissertantura və elmlər doktoru hazırlığı üzrə qəbul 2011-ci ildən başlayaraq AR-nın Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixində təsdiq etdiyi "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları " haqqında 129 saylı Qərara əsasən keçirilir.
2013-cü ildə fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə 5 ixtisasa uyğun 6, dissertantura üzrə 10 ixtisasa uyğun 12, elmlər doktoru hazırlığı üzrə 11 yer (dissertantura yolu ilə) ayrılıb və həmin yerlərə qəbul prosesi davam edir.
Hazırda 181-i elmi işçi olmaqla, institutda 295 əməkdaş çalışır. Onlardan 31-i elmlər doktoru, 100 nəfəri isə fəlsəfə doktorudur. İnstitutun doktoranturasında 58, dissertanturasında 57, o cümlədən 16 nəfər əcnəbi vətəndaş dissertant kimi təhsil alırlar.
Milli.Az





