Cəmiyyət

9 oktyabr - poçt işçilərinin peşə bayramıdır

9 Oktyabr 2010 13:26
Baxış: 1 024
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Beynəlxalq poçt mübadiləsinin mütəşəkkil qaydada həyata keçirilməsi hazırda planetimizin bütün poçt işçiləri tərəfindən peşə bayramı günü kimi qeyd edilən Dünya Poçt İttifaqının (DPİ) yaranması ilə başlayıb. DPİ-nin yaradılması barədə müqavilə 1874-cü ildə İsveçrənin Bern şəhərində keçirilmiş beynəlxalq poçt konqresində imzalanıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə DPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd - Dünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 200-ə yaxın ölkə təmsil olunur. Azərbaycan poçtu 1993-cü ildən DPİ-nin üzvüdür.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, son illər Azərbaycanda poçt xidmətlərinin keyfiyyəti xeyli yüksəlib, poçt rabitəsi maddi-texniki bazasını genişləndirib. Paytaxtda və bölgələrdə müasir üslubda yeni poçt şöbələri tikilib, təmirə ehtiyacı olan poçt şöbələri isə əsaslı təmir olunaraq yenidən istifadəyə verilib. Son beş ildə ölkədə 550-dən çox yeni poçt binası tikilib istifadəyə verilib, müasir avadanlıqla təmin edilib. Hazırda bütün poçt şöbələrində ənənəvi xidmətlərlə yanaşı, digər xidmətlər, o cümlədən bank xidmətləri də göstərilir.

Son dövrlər Azərbaycan poçtu kəmiyyət və keyfiyyət baxımından xeyli irəliləyib, gəlirlər əvvəlki illərə nisbətən artıb. Peşə bayramı ilə əlaqədar olaraq nazirliyin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətində bir sıra hazırlıq tədbirləri görülüb. Respublikanın bütün poçt şöbələrində iməciliklər keçirilib.
 
Bayram ərəfəsində Göygöl rayonunun Aşıqlı və Şəhriyar, eləcə də Daşkəsən rayonunun Quşçu və Əmirvar kəndlərində bütün lazımi müasir avadanlıqla təchiz edilmiş yeni poçt şöbələri açılıb.

Bu gün - oktyabrın 9-da DPİ-nin yaradılmasının 136-cı ildönümü münasibətilə respublikanın bütün poçt şöbələrində bayram tədbirləri keçirilir. Qeyd edək ki, bayram münasibətilə DPİ-nin üzvü olan ölkələrə, eləcə də təşkilatın rəhbərliyinə təbrik məktubları da göndərilib. Təbrik teleqramları, həmçinin Azərbaycanın veteran poçt işçilərinə də ünvanlanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.