Bir müddət əvvəl Bakıdakı 7 saylı Doğum Evində uşaq dünyaya gətirən Gülnarə Milli.Az-a sevincindən yox, orada başına gələnlərdən yazıb: "7 saylı Doğum Evindəki həkimlərin çoxu xəstəyə müştəri kimi baxırlar. Doğum evinə girən dəqiqədən çıxana kimi qapıçı da daxil olmaqla pul güdürlər. Doğum evində palata ödənişi, yuyunmaq, qadın həkimi, uşaq həkimi, uşağı bələmək, analizlərə pul tələb edirlər. Səhiyyə Nazirliyinin bundan xəbəri yoxdur?"
Doğum evindən məsələyə tutarlı münasibət öyrənmək mümkün olmadı. Özünü baş həkimin köməkçisi kimi təqdim edən şəxs Milli.Az-a belə bir halın olmamasını dedi. O, bu məsələyə baş həkim Xatirə xanımın münasibət bildirməsini vacib hesab edərək onunla əlaqə yaradacağını söz versə də, gün ərzində nəticəsi olmadı.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfiyyə Məmmədova isə Milli.Az-a açıqlamasında xəstəxanada problemlə üzləşmiş xəstənin konkret faktla müraciət etməsini məsləhət gördü. Onun sözlərinə görə, xəstə faktla Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra araşdırma aparıla bilər. Bunun üçün nazirliyin "qaynar xətt"inə müraciət edə bilərlər.
Anar Məmmədov
Milli.Az