Belə ki, övladının gözündən cəmi 5 dəqiqə uzağa getməsindən narahat olan ananın yerində rahat otura bilmədiyini görəndə "bu qədər narahatlığı yaşamaqdansa niyə övladınızı bağçaya göndərmirsiniz?" deyə sual verdim. Ananın verdiyi cavab məni xeyli düşündürdü:
"Qızım hələ danışa bilmədiyi üçün bağçada ona necə davranacaqlarını və gün boyu nə edəcəklərini mənə başa sala bilməyəcək. Qorxuram ki, ona necə davrandıqlarından xəbərsiz olam və qızıma qarşı olan ən xırda bir haqsızlıq onun gələcəyinə mənfi təsir göstərə"...
Təəssüf ki, həmin ananın sözlərində acı bir həqiqət var. İstər bağçalarda, istərsə də orta məktəblərdə həm şagirdlər, həm də valideynlər sahib olduqları hüquqlardan xəbərsizdirlər.
"Uşaqlar hüquqlarını əllərində bayraq etməlidirlər"
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının baş katibi Elməddin Mehralıyev şagirdlərin hüquq və vəzifələrinin nə olduğuna dair qısa açıqlama verdi: "Çox təəssüflər olsun ki, məktəblərdə hüquq bilgisi adı ilə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının bəzi maddələri əzbərlədilir. Yeni nəslin ən nümunəvi şəkildə formalaşması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırlamış olduğu nümunəvi əsasnamə hər bir məktəb və şagirdin bütün zəruri ehtiyac və hüquqlarını əhatə edir. Günümüzdə aktual mövzulardan olan məktəbli hüquqları bu əsasnamədə tam əsaslı şəkildə öz əksini tapıb. Azərbaycan Respublikası ümumtəhsil məktəblərində irqindən, dilindən, cinsindən, milli və mədəni mənsubiyyətindən, ictimai mənşəyindən, yaşayış yerindən və səhhətindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan bütün uşaq və yeniyetmələrin ümumi təhsil alma hüququ vardır. Eyni zamanda dövlət təhsil müəssisələrində şagirdlər pulsuz təhsil almaq və biliklərini təkmilləşdirmək hüququna malikdirlər".
Gündəlik ehtiyaclar kimi insan hüquqlarının da zəruri olduğunu bildirən müsahibim azadlığın da belə ehtiyaclar içərisində yer aldığını dilə gətirdi:
"Şagirdlər müəllim qarşısında dərs danışarkən, yaxud da yazı lövhəsində tapşırıq həll etdiyi zaman, müəllimin əlində "cəzalandırıcı alət"lə dayanması şagirdlərə dərs danışmaqda çətinlik törədir, sərbəst müzakirələr apara bilmir və sadəcə deyilənləri təkrar edirlər. Bu da onların azadlıqlarını əlindən alır, sərbəst fikir ifadə etməsinə mane olur. Digər tərəfdən də, onu demək istərdim ki, şagirdlər öz hüquq və vəzifələrini yetərincə bilmirlər. Əgər məktəbin dəhlizindən şagirdlərin hüquq və vəzifələri yazılıb asılsa, ən azından onlar öz hüquqlarını bilər və ona görə davranarlar, eyni zamanda şagirdlər öz hüquqlarını bilsələr, ona əl qaldıran müəllimi gətirib bu qanunları təkrar oxumağa məcbur edərlər".
"Müəllim şagirdi o zaman dərsdən kənarlaşdıra bilər ki..."
E. Mehralıyevin sözlərinə görə, Azərbaycanda şagirdləri fiziki cəzalandırmaq normal qarşılanır: "Təhsil haqqında qanunun içərisində qeyd edildiyi kimi, müəllimin şagirdi döyməsi və ya bu kimi zorakılıqla yanaşması yolverilməz haldır. Ancaq çox təəssüflər olsun ki, məktəblərimizdə bu problem hələ də həll olunmamış qalır. Dərs prosesini pozan şagird o zaman dərsdən kənarlaşdırıla bilər ki, həmin şagirdin günahı yazılı və ya şifahi ərizə ilə birlikdə tərbiyəçi sayılan məsul şəxsə təhvil verilsin. Avropa təhsil sistemində qanun bu şəkildədir". Məktəb daxilində uşaqlar üçün ayırılmış bütün texniki avadanlıqlardan istifadə olunması şagirdlərin haqqı olduğunu deyən müsahibim, bunun təhsil haqqında qanunun tərkibində yer aldığnı diqqətə çatdırdı:
"Məktəbin bütün imkanlarından istifadə etmək, təhsilinin təkmilləşdirilməsində, məktəb birliklərində iştirak etmək, təhlükəsiz şəraitlə təmin olunmaq, müəssisələrin səhiyyə və sağlamlıq xidməti ilə təmin olunmaq, fiziki və psixi zorakılığın bütün növlərindən, hüquqa zidd və insan ləyaqətini alçaldan hərəkətlərdən müdafiə olunmaq şagirdlərin əsas hüquqlarından biridir".
Hüquqşünas məktəbli forması əldə edə bilməyən imkansız ailələr məsələsinə də toxundu: "Zənnimcə, Təhsil Nazirliyi məktəbləri kitablarla təmin etdiyi kimi, məktəbli formaları ilə də təmin etməlidir. Düşünürəm ki, bunu ən azından imkansız ailələr üçün, məktəb direktorları tərəfindən ayırılmış fond vəsaiti hesabına həyata keçirmək mümkündür. Sovet dövründə belə ailələrə komissiya tərəfindən ziyarətlər təşkil olunub, ailənin maddi vəziyyətinə görə onlara məktəbli formaları pulsuz olaraq paylanırdı". Bəzən də tam əksinə, müəllimlərin şagirdlər tərəfindən haqsızlığa məruz qaldığını deyən hüquqşünas son olaraq şagirdlərə öz hüquqlarından sui-istifadə edib, vəzifələrini unutmamalarını tövsiyə etdi.
"Müəllim uşaqlara övladı gözü ilə baxmalıdır"
Qafqaz Universitetinin müəllimi Anar Eyvazov uşaq hüquqlarının pozulmasının təməlinin bağçalardan qoyulduğunu bildirdi: "Uşaqlarda sərbəstliyin təməli kiçik yaşlarından qoyulmalıdır. Ancaq bizim bağçalarımızda bu vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Uşaqların hüquqları pozulur. Onların yatış-qalxış saatlarına, ilkin bilgilərlə təmin olunmasına diqqət edilmir. Bu təbbi ki, uşaqların gələcəyinin bünövrəsinə zərər vurur. Uşaqlara olunan ən böyük haqsızlıqlardan biri isə, müəllim kadrının yetəri qədər savadlı olmamasıdır. İstər məktəbdə olsun, istərsə də bağçalarda müəllim uşaqlara övladı gözü ilə baxmalıdır.
Bunun üçün də hər şeydən əvvəl müəllimlər mənəvi cəhətdən zəngin olmalıdır ki, bu yaxınlığı onlara göstərə bilsinlər". Pedaqoq orta məktəblərdə telefon qadağasına da əməl olunmadığını təəssüf hissi ilə qeyd etdi: "Uşaqlar məktəbə mobil telefonla gəlirlər. Bu məsələyə valideynin nəzəri ilə baxsaq, anlaşılandır ki, övladlarından məlumatlı olurlar. Amma bəzən məktəbdə müəllimlər dərs müddətində nəyinki telefonları toplamır, hətta dərsdə şagirdlərdən mahnı köçürmə, internetdən istifadə və başqa hallara da yol verirlər". "Bütün bunlardan narahat olan şagirdlər kimə müraciət etməlidirlər?" sualına müsahibim: "Heç kimə", - deyə cavab verdi:
"Uşaqların müraciət edə biləcəyi ən etibarlı şəxs həmin məktəbin direktorudur ki, onlar da təbii olaraq müəllimi müdafiə edirlər. Ona görə də əlac qalır sadəcə valideynlərə deməyə. Ancaq bu zaman da, valideyn övladının məktəbdə müəllim tərəfindən sıxışdırılacağından ehtiyat etdiyi üçün uşağa susmağı tövsiyə edir. Ancaq bu da çıxış yolu deyil. Valideynlər bunun çıxış yolu olmadığını bilməli və övladlarının təhsilli, öz hüquqlarını bilən bir insan kimi yetişməsi üçün narazılıqlarını dilə gətirməli, məsələyə biganə yanaşmamalıdırlar".
Məlumat üçün qeyd edək ki, uşaqların xüsusi hüquqlara malik olması haqqında qanun ilk dəfə BMT- in Baş Məclisi tərəfindən 1948-ci il 10 dekabr tarixində qəbul olunmuşdur.
"Zaman Azərbaycan"