Cəmiyyət

Diqqətdən və qayğıdan kənar qalan Ağköynək kəndi - FOTO

11 İyun 2013 11:11
Baxış: 2 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Qazax rayonunun Ağköynək kəndinin sakinləri illərdir yığılıb-qalan problemlərdən təngə gəliblər. Kəndin hər mövsümdə özünəməxsus çətinlikləri insanların, demək olar ki, həyat şəraitini dözülməz edir. Aidiyyatı qurumlar isə mövcud problemlərin həllində hələlik susur.

200-dən artıq sakinin yaşadığı Ağköynək kəndinin ən böyük problemlərindən biri nəinki içməli, heç məişətdə də istifadə etmək üçün suyun olmamasıdır. Kəndin içindən su arxının keçməsinə baxmayaraq, sakinlər bu sudan doğru-düzgün istifadə edə bilmirlər. Səbəb isə suyun həddindən artıq çirkli gəlməsi, ümumiyyətlə isə yay mövsümündə arxın qurumasıdır. Antisanitar vəziyyətdə olan arx artıq kənd sakinləri arasında xəstəliklərə də yol açıb.

Gülviraz Mürşüdova -
kənd sakini: "Yağış yağanda, sel olanda gəlir, bizim bu arxa dolur. Körpə uşaqlar da bütün gün çöllərdədirlər, hər yer xəstəlikdir, uşaqlar qotur səpir, dizenteriyaya yoluxurlar, 100-cür xəstəlik yayılır. Bir ölçü götürülməlidir".

Səhrad Məmmədov
- kənd sakini: "Su Musaköy kəndindən keçib bizə gəlir, o da ki, zir-zibil gəlir. Oradan qidalanırıq, bu da bizə heç sərf eləmir. Xəstələnirik, aylarla o xəstəxana sənin, bu xəstəxana mənim. Belə olmaz axı!"

Ağköynək sakinləri içməli suyu yalnız kənddən 2 kilometr aralıda yerləşən bulaqdan daşımaq məcburiyyətində qalıblar.

Ağköynək kəndinin digər bir problemi isə kənd ərazisinə  Qazax rayonundan gündəlik yığılan məişət tullantılarının gətirilərək buraya atılmasıdır.

Ərazisi günbəgün artan zibil poliqonu isə kəndin yararlı torpaqlarını yararsız hala salmaqla yanaşı, heyvanların örüş sahəsini də zəbt edir.

Zöhrə Şərifova - kənd sakini: "Zülm çəkirik, həm sudan, həm də zibili gətirib kəndin ərazisinə tökürlər. Kəndin aşağı hissəsində su var, bizdə yoxdur. Çox əziyyət çəkirik".

Ağköynək, Qarapapaq bələdiyyəsinin sədri Saleh Süleymanov isə kəndin problemlərindən xəbərdar olduğunu deyir. Bələdiyyə sədri kəndin məişət suyunun olmasına baxmayaraq, sakinlərin içməli su sarıdan əziyyət çəkdiklərini təsdiqləyib və bunun üçün yaxın zamanlarda artezian quyusunun qazılacağını söyləyib. O ki qaldı Ağköynəyin ərazisinin məişət tullantıları ilə çirkənməsinə, bələdiyyə sədri bu problem qarşısında acız olduqlarını qeyd edib.

Saleh Süleymanov - Ağköynək, Qarapapaq bələdiyyəsinin sədri: "Biz 2000-ci ildə yer ayırmışıq Qazax şəhərinə, tullantılar da şəhərdən daşınıb oraya tökülür. Zibillər 2-3 aydan bir yığılır, lakin buna baxmayaraq məişət tullantıları əraziyə yayılır. Orada gözətçi də var, yəqin ki, gözətçi oraya gələn maşınların zibili hara gəldi boşaltmasına şərait yaratmamalıdır".

Qeyd edək ki, bələdiyyə tərəfindən Qazax Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə kənd ərazisində məişət tullantılarının yığılması üçün 2 hektar ərazi ayrılmasına baxmayaraq, artıq tullantılar Ağköynəyin 10 hektardan çox ərazisinə yayılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.