Cəmiyyət

Titrəyən əllər: bir çox xəstəliyin carçısı

16 May 2013 15:43
0 Şərh     Baxış: 9 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Erkən ağaran saçlar, əsən əllər, protez dişlər, iki gündən bir xəstələnmələr indiki cavan nəsli yaşlı nəslə nisbətən daha bitkin formada göstərir. İstər qidadan olsun, istərsə də yaşadığı mühitdən gənclərin gözlə görüləcək qədər yarımcan olması hər kəsə aşkardır. Bu aşkarlıqdan isə çox vaxt cavanlar narahat olur, hətta depressiyaya düşür.

Ağarmış saçları boyalarla gizlətmək, düşən dişləri son texnologiyalar sayəsində bərpa etmək heç də çətin olmur. Amma çox vaxt bərpa olunmayan hallar da olur, məsələn, əllərin titrəməsi. İnsanlar arasında həyəcanlanmağa, utanmağa, özünü yaşlı hiss etməyə səbəb olan əllərin əsməsi əksər cavanların rastlaşdığı bir problemdir. Əl titrəməsi insanın əl əzələlərində olan qeyri-ixtiyari sıxılmalardır. İnsan əllərini idarə edə bilmir, yəni, titrəməsini dayandıra bilmir. Bu titrəmə insanın yaşından asılı olmayaraq görülməməlidir. 20-25 yaşlı sağlam bir gəncin əllərinin titrəməsi normal hal deyil. Titrəmə xüsusən gənclərdə varsa, onların iş qabiliyyətini əngəlləyirsə, belə əl titrəməsi patoloji əl titrəməsi olaraq qəbul edilir. Həddindən artıq yorğunluqda, yuxusuzluqda yaranan əl titrəmələri də fizioloji titrəmələr olaraq qəbul edilir və tez bir zamanda da düzəlir. Əl titrəmələri insanın gündəlik yaşamına təsir edirsə, narahatlıq yaradırsa bu, artıq patoloji bir hal alıb və nevroloqa müraciət etmək lazımdır.

Həkim nevroloq Sara Süleymanovanın sözlərinə görə, əl titrəməsinin səbəbləri çoxdur. Bu, bəlli bir səbəbə bağlı deyil: "Əsasən, əl titrəməsi nevroloji xəstəlik olan parkinson xəstəliyi zamanı daha çox hiss olunar. Parkinson neyroendogen xəstəliklər qrupuna daxil olan bir xəstəlikdir və mərkəzi sinir sistemindəki neyronların dağılması ilə ortaya çıxır. Geniş yayılmış degenerativ bir xəstəlikdir və bu, əl titrəməsinin əksər hallarda səbəbidir".

Həmsöhbətimizə görə, bundan əlavə irsi olaraq gələn əl titrəməsi də mövcuddur. Ailənin hər hansı bir üzvündə erkən əl titrəməsi müşahidə olunursa, uşaqda da bunun təkrarlanması mümkündür. Belə titrəmənin altında heç bir patoloji səbəb olmur: "Bundan başqa, psixoloji səbəblərdən əl titrəməsi görülə bilər. Aqressiv, daim gərgin, əsəbi insanlarda da bu hal qaçılmazdır. Belə titrəmə qadınlarda daha çox nəzərə çarpır. İmmun sistemi zəif, zob olan insanlarda da əl titrəməsi yarana bilir".

Əl titrəməsi insanın sosial mühitdə daha çəkingən davranmasına, sıxılmasına səbəb olur. İş görmək qabiliyyəti azalan insan zamanla depresiyaya girir və əllərinə nəzarət edə bilməmək vəziyyəti daha da ağırlaşdırır. İnsanlar arasında belə fikir formalaşıb ki, əl barmaqlarını şıqqıldatmaq əl əsməsinə səbəb olur. Lakin S.Süleymanova bunu doğru saymır. Dediyinə görə, əl, qol, bilək, barmaq kimi oynaqlı sahələri sıxıb səs çıxarmaq sümüklərdə deformasiya yaradır. Zamanla yaranan deformasiyalar nadir hallarda əsmələrə səbəb olar, amma bu, mütləq əl əsmələrinin əl oynaqlarının şıqqıldatmaqla yaranması demək deyil.

Nevroloq bildirir ki, əl titrəməsi bir çox xəstəliyin xəbərçisidir. Bu səbəblə çox əhəmiyyət verilməlidir. Gənclərdəki əl titrəmələri guatr, vitamin əskikliyi və bəzi tip xəstəliklərin də əlamətidir. Əllərdə titrəmə varsa, mütləq həkimə müraciət edilməlidir. Titrəmənin xarakteri çox əhəmiyyətlidir: "Fizioloji olan əl titrəmələrinin qarşısını almaq üçün, gündəlik əl-bilək idman hərəkətləri etmək lazımdır. Uşaqlar üçün olan plastilinlərdən müxtəlif fiqurlar hazırlamaq, yaxud rezin dairələrlə əzələləri hərəkət etdirmək əl titrəmələrinin azalmasına kömək edə bilər. İdmanla məşğul olmaq insan fikrini yayındırdığı, sərbəstləşdirdiyi üçün də titrəmələrdə azalmalar müşahidə oluna bilər. Gənc insanlarda olan titrəmələr onlara psixoloji ağır təsir edir. Onlar yaşlanmadıqları halda əllərinin aşkar titrəməsindən narahat olurlar. Əgər bu titrəmələr stressdən, həyəcandan yaranırsa o zaman insanların daha sakit olması titrəməni də azladacaq. Əks halda artıq həyəcan titrəmələrin daha da şiddətlənməsinə səbəb olur".

Bu gün əl titrəmələri insanlar arasında geniş yayılıb. Buna səbəb isə telefondan həddindən artıq istifadə, xüsusən klaviaturalı telefonlarda saatlarla mesajlaşmaq, normal yatmamaqdır. Ümumiyyətlə, hər hansı xəstəliyin müalicəsində əsas olan etimoloji müalicədir, yəni, xəstəliyi yaradan səbəbi dəf etmək lazımdır. Simptomatik müalicə isə müvəqqəti xarakter daşıya bilər. Ona görə, səbəbləri aradan qaldırmaq lazımdır. Telefondan istifadəni azaltmaq, kompüterlərdən mümkün qədər istifadə etməmək, normal yatmaq, əl əzələlərini məşq etdirmək və s. əl titrəmələrinin qarşısını almış olacaq. Bəzən istifadə olunan dərmanlar da bu titrəmələrin yaranmasına, yaxud kəskin artmasına səbəb olur.

Müsahibimizin dediyinə görə, titrəmə müalicə ilə saxlanıla bilər. Amma bu, bir növ vərdişə çevriləcək. Belə ki, onun sözlərinə görə, insan dərmanlarını qəbul etdiyi zaman titrəmələr dayanacaq, qəbul etmədikdə əvvəlkindən də şiddətli ortaya çıxacaq: "Bəzən orqanizm dərmana öyrəşər və dərmanlar belə titrəmənin qarşısını ala bilməz. Belə olan halda əməliyyat etmək lazım olur. Əməliyyat zamanı beyində titrəməyə səbəb olan hissə deaktiv edilir və bundan sonra titrəmələr tamamilə dayanır. Amma belə əməliyyatlar elə də geniş yayılmayıb. Müalicə ilə titrəmələri nəzarət altına almaq olur".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.