Cəmiyyət

"İctimai iştirakçılıq haqqında" qanun layihəsi qəbul edildi

5 Aprel 2013 15:51
Baxış: 1 214
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən millət vəkili, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, qanunun məqsədi Azərbaycan vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

Quliyevin sözlərinə görə, ictimai iştirakçılığın məqsədləri vətəndaşların dövlət işlərinin idarə olunmasında bilavasitə iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin, vətəndaşların qanuni tələbatının və maraqlarının nəzərə alınması, qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların hüquqlarının və azadlıqlarının müdafiəsidir.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov müzakirələr zamanı qanunda qeyd olunan "İctimai şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir" bəndi ilə razı olmadığını və bunun sui-istifadələrə yol açacağını bildirib. O, bununla bərabər "İctimai şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır" bəndinin də qanun layihəsindən çıxarılmasını təklif edib.

Qüdrət Həsənquliyev
isə bildirib ki, sənəd konseptual baxımdan düzgün olsa da, bu sənəd daha da sadələşdirilməli və qanun yeni bir bürokratik qurumun yaradılmasına imkan verməməlidir. O, eyni zamanda əlavə edib ki, qanunda ictimai şuraların dövlətin siyasətinin müəyyən edilməsində iştirakı haqqında müddəanın yer alması düzgün deyil. Dövlət siyasətinin müəyyən edilməsi seçkilər nəticəsində hakimiyyətə gələn siyasi partiyanın səlahiyyətinə aid olan məsələdir. Siyasi partiya özü dövlət siyasətini müəyyən edə bilər, ictimai şuralar isə yalnız bu siyasətin necə həyata keçirilməsinə münasibət bildirə bilər.

İclasda digər millət vəkilləri də münasibət bildirib və qanun birinci oxunuşda qəbul edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.