Cəmiyyət

"Qalaaltı" mineral suyu - ecazkar şəfa ocağı, yaxud Azərbaycanın "Naftusiya"sı - FOTO

11 Mart 2013 16:40
0 Şərh     Baxış: 23 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mineral sulardan təbabətdə geniş surətdə istifadə olunur. Azərbaycandakı müxtəlif mədən sularının müalicə xüsusiyyətləri insanlara qədim zamanlardan məlum olmuşdur. Dərmanlardan istifadə etməyən qədim insanlar suya, havaya və işığa əsas müalicə vasitəsi kimi baxmışlar. Bu suların ətrafında indiyədək qalan daş hovuzlar da bunu sübut edir.

Azərbaycan müalicə əhəmiyyətli mineral sularla zəngindir. Ölkəmizin ərazisində 1000-dən çox mineral su bulağı vardır. Bu bulaqların çoxu respublikamızın dağlıq rayonlarında yayılmışdır. Düzən rayonlarda isə təbii su bulaqlarına az rast gəlinir.

İlk növbədə, qumlu sahilləri və dənizi ilə şöhrət tapan Abşeron yarımadasında çoxlu şəfa bulaqlarının qaynaqları qeyd olunmalıdır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük müalicəvi əhəmiyyətə malikdir. Bu sulardan ancaq müalicə məqsədilə istifadə olunur. Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox mineral su bulağı vardır. Bu əsrarəngiz diyarın mineral suları öz müxtəlifliyi ilə muzeyi xatırladır. "Badamlı", "Sirab" kimi müalicəvi sular məhz Azərbaycanın ən səfalı və şəfaverici məkanlarından biri olan Naxçıvanda çıxır.

Respublikamızın möcüzəli sularından biri də Masallıdakı məşhur "İstisu"dur. Bu şəfaverici təbii bulaq Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının ətəyində, Viləş çayının sahilindədir. Bu su yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda çıxır. Qədimdə yerli sakinlər bu suyu minbir dərdin dərmanı olaraq möcüzə kimi qəbul etmişlər.

Ürəkağrısı ilə deməliyik ki, ölkəmizin ən ecazkar şəfa ocağı-Kəlbəcərdəki əvəzsiz müalicəvi əhəmiyyətə malik olan "İstisu" mineral su qaynaqları bu gün erməni tapdağı altındadır.
Əlbəttə, bütün bunlar Azərbaycandakı şəfaverici bulaqların yalnız bir qismidir. Bunları sadalamaqda məqsədimiz ölkəmizdəki mineral suların tükənməzliyini diqqətə çatdırmaqdır. Bu yazıda isə məşhur "Qalaaltı" suyundan danışacağıq.

Bunun üçün, ilk növbədə, tibb elmləri doktoru, professor D.Hüseynovun "Müalicə suyu" məqaləsindən ("Sovet kəndi", 1975, 26 avqust) müəyyən parçalara nəzər salmaq lazımdır. Alim yazır: "Dəvəçi rayonunun (indiki Şabran-red.) 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, ən şəfalı guşələrindən birində - dağətəyi meşədə 1969-cu ildə yeni mədən suyu tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata malikdir. Suyun debiti hər dəqiqədə 10.000 litrdən artıqdır. Alimlərimizin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər ölkəmizdə Truskavetsin "Naftusiya" suyu yeganə hesab olunurdu. İndi artıq onun oxşarı tapılmışdır. "Qalaaltı" mədən suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid vardır. Həmin su özünün tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassəyə malikdir, eyni zamanda, iltihab əleyhinə də təsir göstərir. Məhz bu təsir xassələrinə görə "Qalaaltı" mədən suyu öd kisəsində, öd yollarında, böyrək ləyənində, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir. Bu su tamamilə "Naftusiya" suyunu əvəz etmək xassəsinə malikdir".

Eyni zamanda, xatırlatmaq lazımdır ki, xalqımıza təmənnasız xidmətləri ilə yaddaşlarda dərin iz qoymuş, mərhum akademik Həsən Əliyev "Həyəcan təbili" kitabında respublikamızdakı nadir tarixi və təbiət abidələrinin mühafizəsi məsələsinə xüsusi diqqət yetirmişdir. Akademik yazırdı: "Qədim mədəniyyət və tarixi abidə kimi məşhurlaşmış Çıraqqala, indi "Qalaaltı" və ya "Çıraqqala" kurortu "Azərbaycan "Naftasiyası" adı ilə tanınır ... "Qalaaltı" və ya "Çıraqqala" kurortu özünün təbii şəraitinə, iqliminə görə Truskavets və eləcə də Qafqaz kurortlarının hamısından üstündür. ...Çıraqqalanın bir mədəniyyət və tarixi abidə olaraq öyrənilməsinə və mühafizəsinə ciddi ehtiyac vardır".

Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən "Qalaaltı" kurortu 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya "Naftsu", yəni neftli su deyirlər. "Naftsu" kəskin qoxusu və dadı ilə seçilir.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, professor Əlişir Musayevin "Qalaaltı" suyu barədə dedikləri də maraqlıdır: "Burada dağ və dəniz havası bir - birinə qarışır və rütubət yoxdur. Hər tərəfdən meşə ilə əhatə olunmuşdur. Əsasən böyrək xəstəliyini müalicə edən su, maddələr mübadiləsi, mədə - bağırsaq, öd kisəsi xəstəliklərindən əziyyət çəkənlər üçün də şəfalı hesab edilir. Eyni zamanda, bədəndən sidik turşularını qovur. " Qalaaltı" suyunu çox saxlamaq olmaz. Bu sudan yerində istifadə olunmalıdır, yəni qablaşdırmaq məsləhət görülmür. Çünki bir sutkadan sonra bu suyun tərkibində ammonyak birləşmələri əmələ gəlir". Alimin sözlərinə görə, ölkəmizdə 200-dən çox mineral su tədqiq edilmiş və kadastra salınmışdır.

Ə.Musayev vurğulamışdır ki, "Qalaaltı" suyunun ən böyük təbliğatçısı təbiət elmlərinin bilicisi, akademik Həsən Əliyev olmuşdur. Məhz bu böyük alimin müstəsna xidmətləri sayəsində təbiətin bizə bəxş etdiyi "Qalaltı" suyu bu gün xəstələrə şəfa verir. "Qalaaltı" kurortu Həsən Əliyevin xalqımıza əvəzsiz töhfəsidir.

İsmayıllı rayonundakı "Bədo" bulağının suyunu iyinə görə yerli sakinlər Şabranın "Qalaaltı" suyu ilə eyni tipli hesab edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun alimləri onların tərkibində xeyli fərqlərin olduğunu bildirirlər. "Qalaaltı" suyunda maqnezium, həll olmuş üzvi maddələr - fenol, alifatik turşular, bitum və s. tərkiblər vardır, "Bədo"nun suyunda isə bunlar yoxdur.

Ümumiyyətlə, ölkəmizdə kurortologiyanın inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə başlanmışdır. Məhz ümummilli liderin iradəsi sayəsində Azərbaycanın dilbər guşəsi, hazırda ermənilərin işğalı altında olan Şuşa "Xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası" adını almışdır. Bundan əlavə, yenə də ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Sov.İKP Siyasi Bürosunun qərarı ilə Xəzər sahili (Astaradan Nabaranadək) kurort zonası elan edilmişdir.

Qeyd edək ki, keçən əsrin 80-ci illərinin sonunda - 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən proseslər kurort kompleksinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların istirahətinin, müalicəsinin və sağlamlaşdırılmasının təşkili, kurort texnologiyalarının tətbiqi, kadr təminatı sahəsinə təsirsiz ötüşməmişdir. Nəticədə mərkəzləşdirilmiş kurort kompleksinin və sanatoriya-kurort xidmətlərinin ümumdövlət sisteminin ahəngdar fəaliyyəti pozulmuşdur. Bu kompleksə olduqca böyük zərər Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində vurulmuşdur. Azərbaycanın 20 faiz ərazisi işğal olunmuşdur. Həmin ərazilərdə nadir təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılmış, daimi yaşayış yerlərindən didərgin düşmüş soydaşlarımız sovet dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki çarpayı fondunun təxminən 50 faizi nisbətində ölkənin digər ərazilərində yerləşən sanatoriya, pansionat və istirahət evlərində müvəqqəti məskunlaşdırılmışdır.

Ermənistanın hərbi təcavüzü Azərbaycanın sanatoriya-kurort sektoruna ciddi ziyan vurmasına baxmayaraq, bu sahənin inkişafı ilə bağlı bədbinliyə elə bir əsas yoxdur. Çünki Prezident İlham Əliyev 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" bu sahənin hərtərəfli inkişafı üçün geniş perspektivlər açır.

Dövlət Proqramında göstərilir ki, kurort işi Azərbaycan Respublikasında ənənəvi olaraq dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil etmişdir. Bu sahədə aparılmış dövlət siyasəti nəticəsində inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılmışdır.

Hazırda "Qalaaltı" sağlamlıq istirahət zonası yenidən qurulur. "Qalaaltı" sanatoriyanın ərazisi genişləndirilir, müasir standartlara cavab verən "Qalaaltı Hotel SPA"-nın tikintisi aparılır.
Ölkənin turizm potensialına öz töhfəsini verəcək "Qalaaltı Hotel SPA" sağlamlıq-istirahət mərkəzinin tikintisi üçün 7 hektar sahə ayrılmışdır. Mərkəzin 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

AzərTAc

Böyütmək üçün şəkillərə klikləyin.







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.