Milli.Az-ın məlumatına görə, bahalı avtomobil alanlar yaddaqalan nömrələr əldə etmək üçün ciblərinin son qəpiyini belə xərcləyirlər. Bunun nəticəsidir ki, Azərbaycanda avtomobillərə "zerkalni" nömrələr almaq üçün 500-2500 manat arası pullar xərclənir.
Nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödənilir. Nömrə nişanları 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərf olduqda isə 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat dövlət rüsumu nəzərdə tutulur.
Ancaq göz oxşayan nömrələri müəyyən olunmuş qiymətə də əldə etmək çətin olur. Zaur adlı oxucu Milli.Az-a müraciət edərək bildirib ki, 111 rəqəmli nömrə əldə etmək üçün müraciət etsə də, satıldığı bildirilib. Oxucu maraqlanır ki, Azərbaycanda dövlət nömrə nişanlarının satışı qanuni formadadırsa, həmin nömrələr niyə vətəndaşlara açıq formada təklif olunmur? Sürücü almaq istədiyi nömrənin satılmamış olub-olmasını necə müəyyən etməlidir?
İqtisadçı Rövşən Ağayev maraqlı təkliflə çıxış edib. İqtisadçı Milli.Az-a açıqlamasında bildirdi ki, qoşa və göz oxşayan nömrələrdən can qurtarmaq üçün kampaniyalar aparmaq lazımdır. O təklif edir ki, qoşa nömrələr məişət tullantıları daşıyan maşınlara verilsin və həmin nömrələr "zibil nömrə" adlandırılsın: "Bəlkə, belə halda millət qoşa nömrə "xəstəliyindən" yaxa qurtarar. Həmin nömrələrin gözdən salınması kampaniyasını aparmaq lazımdır. Başa düşülsün ki, bu nömrələrə pul xərcləməyə ehtiyac yoxdur. Belə kampaniyalarla insanların yanaşması dəyişə bilər, nəinki satılmamış nömrələrin Dövlət Yol Polisinin internet saytında yerləşdirilməsi ilə".
R.Ağayev hesab edir ki, satılmamış nömrələrin siyahısının Dövlət Yol Polisinin saytında yerləşdirilməsi də problemin həlli demək deyil: "Sabah həmin nömrələr internetdə yerləşdirilə bilər, ancaq onu həmin sayta yerləşdirən də insan olacaq. Ona görə də şüur, yanaşma dəyişməlidir. Mexanizm, insan şüuru dəyişməlidir".
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsi Kamran Əliyev Milli.Az-a bildirdi ki, sürücü nömrə almaq üçün, ilk olaraq, qeydiyyatda olduğu imtahan qeydiyyat şöbəsinə müraciət etməli, rəqəmlər və hərflərin kombinasiyası üzrə dövlət rüsumu müəyyən edilmiş nömrələrdən hansı varsa, sürücüyə təklif olunur. Bu zaman həmin şəxs istədiyi nömrəni qiymətinə uyğun seçərək alır.
Şöbə rəisi qeyd etdi ki, insanlar satılmamış nömrələri gələcəkdə internet vasitəsilə seçə biləcəklər:
"Bu istiqamətdə iş gedir. Satılmamış nömrələrin sayta yerləşdirilməsi texniki prosesdir. Tutaq ki, boş nömrələr sayta yerləşdirildi. Bir məsələ var ki, birdən-birə sayta bir milyon adam daxil olur. Burada hansı nömrənin boş, hansının alındığı, sifariş verilməsi kimi məsələləri həll etmək o qədər də asan deyil. 11 region üzrə bu əməliyyat həyata keçirilir. Texniki məsələlər həll edilir, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. İnsanlara dövlət nömrə nişanlarını internet vasitəsilə seçmək şəraiti yaradılacaq".
Anar Məmmədov
Milli.Az