Cəmiyyət

Evləndikdən sonra boşanmamaq üçün nə etməli? - ARAŞDIRMA

27 Fevral 2013 02:30
34 Şərh     Baxış: 26 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xatırlayırsınızsa, bir qədər əvvəl Milli.Az-da Dövlət Statistika İdarəsinin rəsmi açıqlamasını yayımlamışdıq. Həmin açıqlamada qeyd olunmuşdu ki, ölkəmizdə boşanmaların sayı il keçdikcə artmaqdadır. Artan boşanmaların sayı həyəcan təbili çalmağa tamamilə əsas verir. Bəs görəsən, ailə dağılmalarının əsas səbəbi nədir?

Ailə qurduqdan sonra xasiyyət dəyişir?

Mövzunu araşdırmaq məqsədilə bir neçə boşanmış insana müraciət etdik və ən çox aldığımız cavab: "Ailə həyatı qurduqdan sonra heç nə arzuladığım kimi olmadı, həyat yoldaşım evlilikdən sonra çox dəyişdi, yola gedə bilmədik" və s. oldu. Maraqlıdır, niyə çoxluq evləndikdən sonra xasiyyət dəyişməsini əsas səbəb kimi qeyd edir? Boşanmalar haqqında bu və digər suallara cavab tapmaq məqsədilə psixoloq Şəlalə Məmmədovaya müraciət etdik.

Kaş ki... deməmək üçün nə etməli?

Şəlalə xanım bildirdi: "Son zamanlar ailə dağılmalarının əsas səbəblərindən ən çox rast gəlinəni maddi problemlər və xarakterin dəyişməsinə görə yaranan anlaşılmazlıqlardır. Hətta bəzi cütlüklər bir-birini sevdiyi halda boşanmağa qərar verirlər. Qəbuluma həyat yoldaşından ayrılmasına baxmayaraq hələ də sevən, amma bir yerdə heç cür yaşaya bilmədiyini təəssüflə qeyd edən kişilər də gəlirlər, qadınlar da. Hətta bəziləri ailə qurmazdan əvvəl tanıdıqları insanla evləndikdən sonra onların tamamilə ayrı-ayrı xarakterdə olduğunu deyirlər. Əksəriyyəti isə əvvəlcədən şərt kəsib gələcəyi planlaşdırmadıqları üçün peşmandır".

Bəzi xarici ölkələrdə qanunvericilik ailə qurmaq üçün nikah müqaviləsini tələb edir

Psixoloq deyir ki, xaricdə "Nikah müqaviləsi" adlanan bir prosedur var. Hətta bəzi ölkələrdə qanunvericilik nikah müqaviləsini evlilik zamanı zəruriləşdirib. Bu isə gələcəkdə yaşanacaq həm maddi, həm də psixoloji problemlərin qarşısını əvvəlcədən alır və cütlüyün birgə yaşamasını asanlaşdırır. Ölkəmizdə isə nikah müqaviləsi qanunvericilik tərəfindən təsdiq edilsə də, nikaha daxil olan bəzi vətəndaşlar tərəfindən nəinki yerinə yetirilmir, ümumiyyətlə qəbul olunmur.

Nikah müqaviləsini qəbul etmirlər

"Təbiidir ki, heç kim boşanmaq üçün evlənmir və ailə qurarkən onun gələcəkdə dağılması ehtimalını gözdən keçirmir, bəlkə də, heç ağlına belə gətirmir. Çütlüklərdən hansısa tərəf nikah müqaviləsinin imzalanmasını tələb etdiyi halda isə qarşı tərəf onun gələcəkdə boşanmağı fikirləşdiyini və əvvəlcədən mal varlığını zəmanətləmək istədiyini zənn edir. Çünki çoxları nikah müqaviləsinin mahiyyətini dərk etmirlər. Onlar fikirləşirlər ki, nikah müqaviləsi boşanmaq üçündür, yalnız boşanmaq zamanı müqavilə köməyə gəlir. Bu isə ailə quracaq cütlüklər arasında evlənməmişdən əvvəl mübahisələrə səbəb olur, hətta bəzən az qala ayrılıqla nəticələnir.

Psixoloqlar, sosioloqlar, hüquqşunaslar və media nümayəndələri birləşməlidirlər. Bir psixoloq kimi düşünürəm ki, bu məsələ ilə bağlı hüquqi maarifləndirməyə böyük ehtiyac var. Nikah müqaviləsini hətta orta məktəbdən şagirdlərə tərbiyə etmək lazımdır ki, gələcəkdə ailə quran zaman onlara qeyri-adi gəlməsin. Bu məsələ ilə bağlı psixoloqlar, hüquqşünaslarla yanaşı, sosioloqların və medianın da üzərinə böyük yük düşür", - deyə Şəhla xanım fikrini tamamladı.

100 dəqiqə mənimlə!

Dünya üzrə imzalanan nikah müqavilələri arasında ən məşhuru Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin evlənməmişdən əvvəl həyat yoldaşı ilə imzaladığıdır. Bildiyiniz kimi, Facebook-un qurucusu dünyanın ən varlı 100 milyonçusundan biridir. "Təbii ki, sərvətini qorumağı düşünməlidir", - deyə fikirləşə bilərsiniz. Əslində isə hər şey tamamilə başqadır. Çünki həmin nikah müqaviləsi Markın pulunu yox, cütlüyun münasibətini qorumaq üçün nəzərdə tutulub. Müqaviləyə əsasən, ər və arvad hər həftə 100 dəqiqəni evlərindən və iş məkanlarından uzaqda, birlikdə keçirəcəklər. Təxmini fikirləşə bilərsiniz ki, bu maddəni müqaviləyə daxil etdirən qız tərəfi Prissilla Çandır. Görünür, Harvard Universitetinin məzunu həkim Çan Markın nə dərəcədə işgüzar olduğunu düşünüb, ona vaxt ayırmayacağından ehtiyat edib.

Nikah müqaviləsi haqqında hüquqşünaslar nə deyirlər?

Məsələyə hüquqi münasibəti öyrənmək üçün hüquqşünas Azadə Əliyevaya müraciət etdik. Azadə xanım açıqladı ki, nikah müqaviləsi ailə həyatı qurmuş cütlüyün əmlakını və şəxsi münasibətini qorumaq üçün çox lazımlı bir sənəddir. Müqavilə bağlandıqda qadın və kişiyə məxsus əmlak hüquqi tərəfdən tanınır və nəinki boşanmada, eləcə də evlilik zamanı problem yaranmasının qarşısını alır. Boşandıqda isə müqavilədə göstərilən əşyalar tam yarı bölünür.

Müqavilə üçün nə tələb olunur?

"Müqavilə bağlanan zaman əsas lazımlı sənəd şəxsiyyət vəsiqəsidir, - hüquqşünas deyir. - Nikah müqaviləsi bağlamaq üçün ilkin olaraq qeydiyyatda olduğunuz rayonun qeydiyyat şöbəsinə müraciət edib nikaha daxil olmaq haqda istəyinizi bildirməlisiniz. Bir ay ərzində müraciət qeydiyyata alınacaq. Nikaha daxil olduqdan sonra nikah müqaviləsi bağlanması üçün notariuslardan birinə müraciət olunmalıdır".

Nikah müqaviləsi neçəyə başa gəlir?

"Azərbaycanda nikah müqaviləsi bağlayanların sayı azdır. Buna bəhanə kimi ya mentaliteti, ya da nikah müqaviləsi bağlanması üçün dövlət rüsumunun çox olmasını səbəb gətirirlər. Maraqlıdır, toya minlərlə manat pul xərcləndiyi halda dövlət rüsumunu ödəmək bu qədərmi çətindir? Qeyd edim ki, nikah müqaviləsi imzalamaq üçün dövlət rüsumu 61 manatdır. Əlavə xidmət haqqı isə 9 manat 15 qəpikdir", - Azadə xanım dedi.

Sonda isə oxucularımızla bir maraqlı məlumatı bölüşmək istərdik. Evli kimi uzun illər birgə yaşayan və bir-birini sevən cütlükdən münasibəti qorumağın sirrini soruşublar və ahıl yaşlı olmalarına baxmayaraq sevgiləri hələ də gənc olan cütlük sualı belə cavablayıb: "Bizim vaxtımızda sınan şeyləri təmir edib istifadəyə yararsız olmasının qarşısını alırdıq, indikilər isə nəinki sınmışları atır, heç onun sınmasını gözləmədən, çatlayan kimi tullayırlar".

Nura
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.