Cəmiyyət

Kino çəkmək, yoxsa kinodan pul çəkmək? - ARAŞDIRMA

15 Yanvar 2013 18:34
0 Şərh     Baxış: 1 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli teleserialların və telefilmlərin çəkilişi üçün dövlət büdcəsindən vəsait ayrılanda və həmin maliyyə telekanallar arasında bölünəndə, sözün əsl mənasında, rəqabət başladı. Telekanallar tərəfindən təkliflər səsləndi, ideyalar irəli sürüldü, fikirlər haçalandı... Hətta telekanalların nəzdində serial çəkilişindən ötrü ayrıca studiyalar yaradıldı.

Mənzərəni müşahidə edəndə gerçəkdən adamda elə təəssürat yarandı ki, kinomuzun serial sarıdan bəxti açılacaq. Kəmiyyətlə bərabər keyfiyyət də özünü göstərəcək və milli kinematoqrafiyada həqiqətən canlanma müşahidə olunacaq.

Amma təəssüflər olsun ki, gözlənənlər olmadı!

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də vəziyyəti gözdən keçirərək "Bəzi televiziya kanallarındakı insanlar özləri film çəkməyə, rejissor olmağa başlayıb" deyə gerçək mənzərəni təəssüf hissi ilə ifadə etdi: "Azərbaycanda televiziya seriallarında çoxlu problemlər var. Bu sahə ilə daha çox Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı, kinostudiyalar məşğul olmalıdırlar. Ancaq biz o zaman xarici serialları dayandırandan sonra bizim qarşımızda efiri doldurma məsələsi durdu. Ona görə biz bu məsələni birbaşa televiziya kanalları ilə görmək məcburiyyətində qaldıq. Ancaq çox təəssüf ki, bizim bəzi televiziya kanallarımızdakı insanlar özləri film çəkməyə, rejissor olmağa başladı. Bu, doğru deyil, hər kəs öz işi ilə məşğul olsa, daha gözəl olar".

Şura sədri serialların səviyyəsinin aşağı olmasını həm televiziya kanallarında çalışanların hələ keyfiyyətli bir mərhələyə gəlib çatmaması, həm də müəyyən qədər də maliyyə imkanları ilə əlaqələndirib.

Heç şübhəsiz, bizdə "teleserial bazarı" deyilən bir anlayışın olmaması və telekanalların serial çəkilişində təcrübəyə yiyələnməməsi özünü göstərdi. Telekanallar bir növ çaşbaş qaldılar. "Təki serial çəkilsin və ayrılan vəsait əldən çıxmasın" deyə ələ keçən ssenari əsasında nəsə ortaya qoymağa çalışdılar.

Özünü doğrultmayan eksperiment

Teleserial çəkilişinə start veriləndən sonra digər müstəqil istehsal təşkilatları - studiyalar, şirkətlər, prodakşnlar "Serialları prodüser mərkəzləri, istehsal studiyaları çəkməlidir. Onda peşəkarlıq da yüksək olar" deyə birmənalı səsləndilər. Elə ilkin təcrübənin özünün doğrultmadığını görən MTRŞ da milli serial çəkilişində kursu dəyişmək məcburiyyətində qaldı: dünya təcrübəsindən yararlanmaqla serial çəkilşində telekanalların deyil, prodakşınların istehsalına maraqlı olmaq. Yəni televiziya kanalları serialları prodakşnlara sifariş edəcək, prodakşnlar isə filmləri çəkəcəklər: "Çünki telekanallara bu dəstək hər zaman olmayacaq. Ona görə də kino sahəsində çalışan şirkətlər güclənməli, özləri filmlər çəkməli və efirdə yaranan boşluğu doldurmalıdırlar. Əgər vəsait ayrılarsa, bu zaman prodakşın şirkətlərinə də birbaşa maliyyə vəsaitləri ayırmaq lazımdır".

Məsələ ilə bağlı ayrı-ayrı müzakirələrdə də bu qənaətə gəlindi ki, ölkədə fəaliyyətdə olan prodakşnlar bu işin öhdəsindən daha yaxşı gələ biləcək: "Əgər bunun üçün mexanizm qurulsa, ilk növbədə serial bazarının yaranmasının rüşeymləri meydana gələ bilər".

Çörəyi ver çörəkçiyə

Məlumdur ki, bu gün dünyada kinonun inkişafı əsasən prodüserlərdən asılıdır. Belə ki, onlar həm yaradıcılıq, həm istehsalatla, həm də maliyyə sahəsini özündə birləşdirən şəxslərdir. Bu üzdən bütün dünyada "prodüser kinosu" deyilən bir anlayış formalaşıb.

Ancaq hazırda bu anlayışdan xəbərdar olmaya-olmaya bizdə istehsal şirkətlərinin sayı da artmağa başlayıb. Xüsusən ölkəmizdə çəkilən seriallara əlavə vəsaitin ayrılması xəbəri gündəmə gələndən sonra kino çəkən yox, daha doğrusu, kino çəkmək istəyən studiyaların sayı yağışdan sonra göbələk kimi artıb. Düzdür, aralarında peşəkarları da var. Peşəkar studiyaları bir araya gətirmək üçün "Prodüser Gildiyası" adlı yeni qurum da yaradılıb.

Qurumun rəhbəri, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun sözlərinə görə, hazırda PG öz ətrafında 14-ə yaxın aparıcı istehsal şirkətini və prodakşnları birləşdirir: "Bu studiyaların hamısı film istehsalı ilə məşğuldur. Əvvəllər bu şirkətlər pərakəndə şəkildə fəaliyyət göstərirdi. Film çəkilişləri zamanı onlar daha çox xarici ölkələrə müraciət edirdilər. Əgər bir prodakşında texnika, digərində mütəxəssis varsa, biz onları bir araya gətirməklə həm maliyyənin ölkə daxilində qalmasına, həm şirkətlərin işləməsinə şərait yaratdıq. İlk dəfə olaraq Prodüser Gildiyasının yaranması ilə böyük bir şəbəkə birləşdi".

Maraqlıdır, bəs ölkəmizdə nə qədər belə istehsal şirkətləri fəaliyyət göstərir? Müşfiq Hətəmovun dediyinə görə, belə bir statistikanı əldə etmək çətindir. Belə ki, qeydiyyatdan keçənlər çoxdur, ancaq onların hamısı istehsalla məşğul deyillər.

Sorğumuza Mədəniyyət və Turizm Nazirliyindən də cavab tapa bilmədik. Belə ki, nazirliyin mətbuat katibi İntiqam Hümmətov bununla bağlı heç bir məlumatı olmadığını bildirdi: "Prodüser mərkəzləri bizim nazirlikdə qeydiyyatdan keçmir".

Peşəkar Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev hazırda kağız üzərində 20-yə yaxın istehsal təşkilatları - studiya, prodüser mərkəzi və şirkətlərin olduğunu bildirdi: "Adları cürbəcür olsa da, hamısının mahiyyəti eynidir. Amma reallıqda sayları nə qədərdir və necə fəaliyyət göstərirlər, onu deyə bilmərəm".

İstehsal şirkətlərinin fəaliyyətinə toxunan gildiya rəhbəri hesab edir ki, Azərbaycan kinosunun tərəqqisi müstəqil prodakşnların inkişafından asılıdır: "Bizdə nə qədər çox prodakşın olsa, onlar nə qədər çox inkişaf etsələr, bir o qədər də kinomuzun gələcək inkişafına səbəb ola bilər. Prodakşnların inkişafı isə heyətin peşəkarlığından və maliyyə dəstəyindən asılıdır. Təbii ki, bazar iqtisadiyyatı şəraitində qeyri-professionallar məhv olub sıradan çıxmalıdır".

Maliyyə məsələsinə gəlincə, H.Mehdiyevin fikrincə, bizdə pul tapmaq bir qədər çətin məsələdir. Belə ki, bu gün kinoya sərmayə qoyan yoxdur. Belə olan vəziyyətdə studiyalar ancaq dövlətin vəsaitinə göz dikirlər. Nəticədə müsabiqədə iştirak edib layihəsi uğur qazanan studiyalar vəsait əldə edə bilir və filmlər, seriallar çəkirlər: "Prodüser mərkəzlərinin pul əldə etmələrinin bir yolu da reklam çəkilişləri ilə bağlıdır. Reklam inkişafa görə böyük şərait yaradır. Məncə bu sahə bizdə də çox zəif inkişaf edib. Nəticədə prodüser mərkəzlərinin inkişafı üçün münbit şərait yoxdur. Ona görə "gələcək onlarındır" sözlərini qətiyyətlə deməyə çətinlik çəkirəm. Ancaq gələcək mütləq onların olmalıdır. Dövlət istehsalatla məşğul olmamalıdır. İstehsalı müstəqil studiyalar həyata keçirməlidir. Mədəniyyət və Turizm Nazirliyinin siyasəti də həmin studiyalara maliyyə dəstəyi göstərməkdir".

Gildiya rəhbəri telekanalların istehsalla məşğul olmalarına da münasibət bildirib: "Gərək elə mexanizm fikirləşəydilər ki, onlara ayrılan pullar ortada itib-batmasın, prodüser mərkəzlərinə getsin və onlar inkişaf etsinlər. Aydın məsələdir ki, həm də serial çəksinlər".

H.Mehdiyev hesab edir ki, ölkədə kifayət qədər peşəkarlar var: "Mən elə studiyalar tanıyıram ki, onları gənclər yaradıblar və iş görməyə can atırlar. Sadəcə, onlara şərait yaradan yoxdur. Onların layihələrini qəbul etməli, onlara maliyyə dəstəyi verməlidirlər. Bir də var ki, televiziyalar pulları "yumaq"dan ötrü özləri müəyyən studiyaları ya prodakşınlar yaradırlar. Əgər onlar bu studiyaları yaradırlarsa, demək, onların məqsədləri var. Əgər bilirsən ki, orada peşəkar studiya var, sən yenisini niyə yaradırsan? Özün də bilirsən ki, o birilər çətin vəziyyətdədir, pul gözləyirlər".

Hazırda müəyyən prodüser mərkəzlərinə, studiyalara həvalə eilən filmlərin, serialların səviyyəsinin qənaətbəxş olmamasına münasibət bildirən H.Mehdiyev bunu seçimin düz aparılmaması ilə əlaqələndirib: "Deməli, ünvan düzgün deyil. Ünvan düz seçilməlidir: kimə verilir, kim istehsal edəcək, nə istehsal edəcək və s. Kimə gəldi verməklə məsələni həll etmək olmaz. Gərək bu işi professionallar həyata keçirsinlər. Biri işləyir nəticə göstərəndə, o nəticəyə qiymət vermək artıq peşəkarlıqdır. Əgər o nəticəyə düzgün qiymət verilə bilmirsə, demək, gələcəyin istiqaməti də düzgün olmayacaq".

Peşəkarlığın olmaması

Tanınmış kinooperator, Dövlət mükafatı laureatı Kənan Məmmədovun fikrincə, ortada səviyyəli işin olmamasının səbəbi qeyri-peşəkarlıqdadır: "İndi baxdığımız ara filmlərinin Azərbaycan kinosuna heç bir aidiyyatı yoxdur. Mən seriallara 15 dəqiqə baxandan sonra bütün əsəblərim pozulur. Yaxşı ki, tez düyməni basıb başqa kanalı seçə bilirəm. Kino ilə məşğul olanlar gərək peşəkar olsunlar. Çəkirlər çəksinlər, amma ortaya bir şey çıxarsınlar. Ona görə də təəssüflər olsun ki, mənzərə o qədər də ürəkaçan deyil. Peşəkarlıq olmasa heç nəyə nail olmaq olmaz olmaz".

Olmayan nəticə

Real mənzərə göz qabağındadır. Bunun üçün elə telekanallarda nümayiş olunan teleserialların çox yox, cəmi bircə seriaysını izləmək kifayətdir. Onların bəziləri telekanalların öz studiyaları, bəziləri isə prodüser mərkəzləri tərəfindən çəkilib. Amma göründüyü kimi, gündə bir studiya və ya prodakşn yaratmaq hələ nəticə deyil. Hardansa icarəyə kamera, ofis və ya hansısa avadanlığı götürüb film və ya serial çəkmək olar, bir şərtlə ki, sonda nəticə olsun. Söhbət isə əlbəttə, yaxşı nəticədən gedir. Yox, əgər nəticə təkcə pul qazanmaqdırsa... Hər halda fəaliyyətdə olan hazırkı istehsalçı şirkətlərin çoxunun işi hələlik yalnız bunu deməyə imkan verir...

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.