Professor Yaşar Qarayev yazır ki, ölkəmizdə repressiyalar əsasən Şuşadan başladı. Cəmiyyət əvvəlcə ziyalılardan təmizlənməli idi. Bu çirkin niyyəti həyata keçirmək üçün Şuşanın sayılıb-seçilən, nüfuzlu, istedadlı, tanınmış, söz sahibi olan insanları, məşhur sənətkarlar, hətta adi peşə sahibləri repressiyaların caynaqlarına ilişdi. Ötən əsrin 20-ci illərinin tuthatutu demək olar ki, Şuşanı və onun ətraf kəndlərini bürüdü. Azərbaycan demokratik respublikası dövründə fəallıq göstərmiş insanlar ilkin qurbanlar oldular. Ümumilikdə 1000-ə yaxın şuşalı repressiyanın güdazına getdi.
Teymur bəy CAVANŞİROV - şair Məhəmməd bəy Aşiqin nəvəsi olub. Əbdüssəməd bəyin oğlu idi. Mükəmməl mədrəsə təhsili görmüşdü. Ata babasına məxsus mülkləri idarə etməklə məşğul idi. Heç bir inqilabi hərəkata qoşulmamışdı. Dövrünün çox imkanlı şəxslərindən olub. 1920-ci ildə həbs edildikdən sonra ondan bir xəbər-ətər çıxmamışdı. Yaxın qohumları uzun illər onu axtarsalar da, Teymur bəyin niyə həbs edildiyi, hansı şəraitdə qətlə yetirildiyi, yaxud da sürgünə göndərildiyi barədə bir məlumat əldə edilməmişdir. Ümumiyyətlə, ötən əsrin 20-ci illərində həbs edilmiş şuşalıların çoxunun taleyi müəmmalı oldu. Nə həbsinin səbəbi açıldı, nə də qətli haqqında məlumat verildi.
Şamxal bəy VƏZİROV - 1885-ci ildə Şuşada doğulub. Qarabağın böyük mülkədarlarından biri idi. Ucu-bucağı görünməyən torpaq sahələri, bağları, naxırları, qoyun sürüsü, çoxlu nökər-naibi var idi. Bununla belə, Şamxal bəy əsl ziyalı idi. O, millətinin maariflənməsində yaxından iştirak edərək teatr sənətinin inkişafına çalışıb. 1905-1906-cı illərdə ermənilərin Qarabağda törətdiyi qırğınlar zamanı düşmənə qarşı mübarizədə əsl qəhrəmanlıq və hünər göstərib. 1918-ci ildə Azərbaycanda demokratik respublika qurulanda Şamxal bəy bacarıq və işgüzarlığına görə hökumət tərəfindən Qaryagin qəza pristavının köməkçisi vəzifəsinə təyin edilib. 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Şamxal bəyin də həyatında qara günlər başladı. Əmlakı müsadirə edildi. Bəylər bəyi sayılan Şamxal bəyin qapısında vaxtilə onlarla nökər-naib çalışardı. Taleyin yazısına bax ki, İsfəndiyar bəyin oğlu bağban işləməyə məcbur olub. Əlbəttə, həyatın bu ziddiyyəti ilə heç cür barışmayan Şamxal bəy əmisi Bəhram bəylə birlikdə "İttihad" partiyasına daxil olaraq gizli fəaliyyətə keçib. Lakin İsfəndiyar bəy də, Şamxal da, Bəhram da repressiyadan yaxa qurtara bilmədilər. Şamxal beş il iş alaraq (1927) sürgün edildi. 1932-ci ildə vətənə qayıtdı. Bir müddət işsiz qalan Şamxal bəy Vəzirov yenidən torpaq əkib-becərməklə məşğul oldu. Ancaq düşmənləri ondan əl çəkmədilər. 1937-ci ilin oktyabrında Şamxal yenidən həbs edildi və güllələndi.
Əsgər HACIYEV - 1885-ci il Şuşa qəzasının Malıbəyli kəndində anadan olub. Qəzanın ən nüfuzlu və varlı adamlarından biri sayılırdı. Əsgər Hacıyevə məxsus əkin sahələri, mal-qara, qoyun-quzu, dəyirman var idi. Həmişə qapısı nökərli, naibli, rəncbərli olardı. Ömrü boyu təsərrüfatla məşğul olub. 1905-1906-cı və 1918-1920-ci illərdə ermənilərin törətdiyi davada Əsgər Hacıyev bütün həmkəndliləri kimi silaha sarılaraq Malıbəylinin müdafiəsinə qalxdı. O, bu döyüşdə böyük igidlik göstərdi. Sultan bəylə əlaqə saxlayaraq birlikdə Andronikin dəstələrinə qarşı qəhrəmanlıqla döyüşdü. Təəssüf ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Əsgər Hacıyeivn də varidatı əlindən alındı, ona qolçomaq damğası vuruldu. Doqquz il onu səsvermə hüququndan məhrum etdilər. Bütün bu haqsızlıqlar isə təbii ki, Əsgər Hacıyeivn ürəyində sovet hakimiyyətinə qarşı nifrət hissi yaratmaya bilməzdi. O, bu cür qansız bir hökumətin haqsız işlərini heç cür qəbul edə bilmirdi. Bu səbəbdən də öz təbəqələri arasında müəyyən təşviqat işləri apararaq bu hökumətin düzgün qurulmadığını onlara inandırırdı. 1930-cu ilin iyun ayında Əsgər Hacıyev həbs edildi və güllələndi.
Məşədi Baba QULİYEV - 1866-cı ildə Şuşada anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müsavat ordusunun Xankəndidə yerləşən polkunu himayə edən, onun ərzaq və müxtəlif kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına çalışan bəylərdən biri olub. O, Şuşa qəzasının ən varlı adamlarından biri sayılırdı. Malıbəyli nahiyəsində, Quşçular obasında böyük torpaq sahələri var idi. Geniş ürəyə malik və səxavətli bir bəy kimi onun xeyirxahlığı dillər əzbəri idi. Sovet hakimiyyətinin bərqərar olmasından sonra Məşədi Babanın bütün torpaq sahələri, bağları, mal-qarası, qoyun sürüləri, nökər-naibi, mülkləri, bir sözlə, bütün varidatı əlindən alındı. İkimərtəbəli dörd otaqlı evini məktəb binası kimi istifadə etdilər. Qədərin bu yazısına baş əymək məcburiyyətində qalan Məşədi Baba kolxoza üzv yazılmış və təsərrüfatçılıqla məşğul olmuşdur. 1938-ci ildə onu həbs edirlər. Guya kolxoz quruluşunun əleyhinə təbliğat aparırmış, qolçomaqlara yardım göstərirmiş, kolxozu dağıtmaq üçün evində yığıncaqlar təşkil edirmiş. Bir sözlə, onu inqilab düşməni kimi qətlə yetirirlər.
Cavanşir Rəşid AĞA - məşhur Cavanşir nəslindəndir. Onun Qaraqoyunluda, Üçtəpədə, Üçoğlanda, Qarakilsə mahalının Darabas və Şıxlar kəndlərində, Arazbarlı, Dördçinar, Xələfşə, Azığ və digər yaşayış məskənlərində ucsuz-bucaqsız torpaq və otlaq sahələri vardı. Sürüsünün, naxırının, ilxısının sayı bilinmirdi. Rəşid Ağa Cavanşir 1920-ci ildə məşhur Tərtər üsyanının iştirakçısı və təşkilatçılarından biri olub. O, öz dəstəsi ilə birlikdə Qızıl Ordu hissələrinə qarşı vuruşub. Üsyan yatırıldıqdan sonra Rəşid Ağaya məxsus bütün mal-qara, torpaq, əmlak müsadirə olundu. Qardaşları Surxay bəy, Cümşüd bəy Türkiyəyə mühacirət etdi, Əkbər Ağa isə Bakıya qaçdı. Rəşid Ağa isə bir müddət Qarabağda yaşasa da, sonra Bakıya gələrək şəhərdə bir kontorda işə düzəlib. 1937-ci ilin dekabrında həbs edilərək güllələnib.
Əkbər PİRİYEV - 1873-cü ildə Şuşa qəzasının Quşçular kəndində doğulub. Əslində, ortabab bir kəndli olub. İnqilabdan əvvəl öz təsərrüfatında çalışıb, sonra da kollektivləşmə dövründə kolxozçu olub. 1938-ci ilin fevralında onu həbs ediblər. Ona edilən ittihamların əsas mahiyyətində səslənən fikirlər belə olub ki, guya Əkbər Piriyev siyahıyaalma keçirilən zamanı mal-qarasını gizlədib. Bundan başqa, kolxoz quruculuğu əleyhinə təşviqat və təbliğat aparıb. Əslində, Əkbər Piriyev bu işlərdən çox uzaq adam idi. Gizlədilən əsl mətləb başqa məsələ idi. Əkbər Piriyev vaxtilə Müsavatın ən fəal üzvlərindən biri kimi müxtəlif tədbirlərdə çıxış edərmiş. Repressiyaların qol-qanad açdığı illər kimin kimdən xoşu gəlmədiyi bir məqam idi. Xüsusilə də, ermənilər azərbaycanlıları bu təndirə itələməkdə çox fəndgir tərpənirdilər. Daşnakların qulağını kəsən, onları doğma torpaqdan hünərlə uzaqlaşdırmağı bacaran Əkbər Piriyev də erməni güdazına getdi. O, 1938-ci ilin fevralında həbs edilərək güllələndi.
Cəbiş bəy SƏDRƏDDİNOV - 1888-ci ildə Şuşada dünyaya gəlib. Varlı tacir və bəy ailəsində böyüyüb. Qarabağın məşhur qoçularından sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cəbiş bəy Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun köməyi ilə silahlı dəstə yaradaraq ermənilərə qarşı döyüşüb. Cəbiş bəy Sədrəddinov çox igid adam idi. Onun qorxmazlığı yoldaşlarına həmişə güc və cəsarət verirdi. Bu səbəbdən də ermənilər Cəbiş bəyin adı gələndə tir-tir əsirdilər. Çünki məğlubiyyət ona xas deyildi. Əgər daşnakların üzərinə Cəbiş bəyin adamları gedirdilərsə, ermənilər mütləq qorxuya düşürdülər. Çünki onun sərrast atıcılığından heç kim yayına bilmirdi. Azərbaycan sovet ordusu tərəfindən işğal edildikdən sonra Cəbiş bəy İrana gedir. Lakin orada çox tablaşmayaraq gizli yolla Şuşaya qayıdır. Onu tanımasınlar deyə, faytonçuluqla məşğul olur. Sovet hakimiyyətinə heç cür tabe olmaq istəməyən, bu quruluşun qanunlarına boyun əyməyən, yalnız öz həyatını yaşamaq istəyən Cəbiş bəyi rahat buraxmırlar. 1938-ci ilin yanvar ayında həbs edilərək güllələnib.
Cəfər HACIYEV - Cəbiş bəylə yaşıddır. Faytonçu idi. Sovet hökuməti onun da fərdi təsərrüfatını, olan-qalan əmlakını müsadirə etdi. 1933-cü ildə həbs edilərək üç ay azadlıqdan məhrum olundu. Cəzası bitdikdən sonra yenidən Malıybəliyə qayıdaraq faytonçuluğunu davam etdirsə də, repressiyanın ac gözləri udduğu qurbanlardan doymurdu. 1938-ci ilin fevral ayında yenidən həbs edilərək güllələndi.
İslam HACIYEV - 1889-cu ildə Şuşada anadan olub. Atası ayaqqabı tikən olub. 15 yaşında Bakıya gələn İslam Hacıyev neft mədənlərində fəhlə işləyərək sonralar inqilabi hərəkata qoşuldu. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Şuşa Qəza Milis İdarəsinin Qaryagin, Cəbrayıl, Ağdam fövqəladə komissiyalarının rəisi olub. Dövlət xadimi və çekist idi. Bir müddət Azərbaycan SSR xalq daxili işlər komissarının müavini vəzifəsində çalışıb. Sonralar Ağdam, Göyçay rayonları icraiyyə komitələrinin sədri işləyən İslam Hacıyevin xalq arasında böyük hörməti var idi. Onunla hesablaşırdılar. Hətta Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdi. Lakin 1937-ci ildə onu burjua milli təşkilatının üzvü kimi həbs edərək qətlə yetiriblər.
Seyid Cəfər AĞAMİROV - 1890-cı ildə Şuşada doğulmuşdur. Ağır seyid nəslindən idi. Atası Mirfəttah oğlu bütün Qarabağda məşhur idi. Sovet hakimiyyəti qurulduqdan sonra seyid olduğuna görə toxunmağa cəsarət etməyiblər. Hətta 1920-1921-ci illərdə onu Şuşa qəza milis şöbəsində işə götürüblər. Həbsxanada baş nəzarətçi (1922-1928), Şuşa Müəllimlər Seminariyasında gözətçi (1929-1931), Laçında (1931-1933), Ağdamda (1936) yeməkxana müdiri vəzfiələrində çalışıb. Bütün bunlarla bərabər, Fövqəladə Üçlük Seyid Cəfərin vaxtilə Müsavat Partiyasının üzvü olduğunu heç vaxt unutmurdu. Hələlik hər şey sakit gedirdi. Onu tez-tez mühüm partiya tapşırıqlarını yerinə yetirmək üçün Bakıya, Batuma və başqa şəhərlərə göndərirdilər. Guya o, bu vaxt həm də Türkiyədən göndərilən bir çox vacib sənədləri, göstərişləri, təlimatları gizli surətdə Şuşaya gətirərək sakinlər arasında yayırmış. Buna görə də Quşçularda fəaliyyət göstərən müsavatçıların fəaliyyəti nəticəsində kənddə kolxoz dağıdılmış, kollektiv təsərrüfatdan çıxmışdır. Bütün bu işlərin də günahkarı Seyid Cəfər Ağamirov sayıldı. 1937-ci ilin avqustunda antisovet fəaliyyətinə görə həbs edilərək qətlə yetirildi.
Salman AĞAYEV - 1892-ci ildə Şuşada anadan olub. Doğma şəhərində xırda sənətkarlıq və ticarətlə məşğul olurdu. 1923-cü ildə ona "əksinqilabçı" damğası vurularaq həbs edildi. Üç ay həbsxanada yatdıqdan sonra azadlığa çıxan Salman Ağayev səsvermə hüququndan azad edildi. Qəzavü-qədər qarabaqara onu izləyirdi. Hər addımı göz altında idi. Şər qüvvələr də bir an öz böhtan və ləkəli xəbərlərindən geri çəkilmirdi. Elə bu səbəbdən də 1928-ci ilin yanvarında Salman Ağayev yenidən həbs edildi. Eyni damğa, eyni cəza, eyni müddət. Üç aydan sonra azad edilərək evinə qayıdan və əvvəlki işi ilə məşğul olan Salman 1934-cü ildə üçüncü dəfə həbs edildi. İki il sürgün həyatı yaşayandan sonra azadlığa çıxan Salman Ağayev bir daha Şuşaya dönmədi. Həbslər, ittihamlar, şər, böhtan, cəzalar, get-gəllər, sorğu-suallar, şahidlər onu cana gətirmişdi. Başını aşağı salaraq işləməyinə mane olurdular. Elə bu haqsızlığın da nəticəsində 1938-ci ilin yanvarında həbs edilən Salman Ağayev bir daha geri qayıtmadı.
Adışırin FƏTƏLİYEV - 1893-cü ildə Şuşada doğulub. Məşhur dərzi idi. Bəylər arasında böyük hörməti vardı. Hər kəs öz libasını Adışirinə biçdirib tikdirməyi xoşlayırdı. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Adışirin Şuşa qəza milis şöbəsində baş milis işçisi olub. Sonralar müxtəlif vəzifələrdə çalışıb. Şuşa Rayon Xalq Məhkəməsinə qədər gəlib çıxıb. Hətta Kommunist Partiyası sıralarına da daxil olub. Sonralar onu həbs edərək belə bir iddia irəli sürüblər ki, Adışirin Fətəliyev milis orqanında işlədiyi vaxt Müsavat Partiyasına mənsubluğunu və Dağlıq Qarabağ Muxtar Vilayətində əksinqilabi üsyançı təşkilatın olmasını gizlədib. Bu uydurma ittihamla 1937-ci ildə həbs edilərək güllələnib.
Nadir VƏLİYEV - 1901-ci ildə Şuşada doğulub. Nə bəy idi, nə də ağa, sadəcə faytonçu. 130 puta qədər yük götürən "Molakan" tipli dördqatlı və dördtəkərli faytonu ilə Azərbaycanın müxtəlif şəhər və kəndlərinə sərnişin və yük daşımaqla məşğul olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda könüllü olaraq milli ordu sıralarına yazılıb. Hətta o dövrdə ermənilərə qarşı döyüşlərdə fəal iştirak edib, erməni qoşunlarının darmadağın olunmasında hünər göstərib. Bəlkə də elə bu igidliyinin cəzası idi ki, ermənilər heç vaxt Nadir Vəliyevi rahat buraxmırdılar. Aprel inqilabından sonra ordudan geri dönən Nadir şəxsi dəyirmanını işlətməklə, kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olurdu. Kollektivləşmə başlanan kimi onun da əmlakı müsadirə edildi. Özünə də qolçomaq damğası vuruldu. Bu azmış kimi, sonra da həbs edilərək iki il iş aldı. Cəzasını çəkdikdən sonra Nadir Vəliyev doğma ocağa qayıtmağa ehtiyatlanaraq Ağdama köçür. Bir müddət o, burada fəhlə kimi çalışır. Lakin 1938-ci ilin martında onu sovet hakimiyyətinin düşməni kimi yenidən həbs edərək sürgünə göndərirlər.
Həsən İMANOV - Nadirlə yaşıd idi. Müəllim, jurnalist, tərcüməçi idi. Həsən İmanov Azərbaycan tarixşünaslıq elminin tanınmış nümayəndələrindən sayılırdı. 1919-cu ildə Şuşa Realnı Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsini (1926), Moskvada Şərq Xalqları İnstitutunun aspiranturasını (1931) bitirib. Əmək fəaliyyətinə Bakı Quberniya İdarəsində təsərrüfat müdiri kimi başlayan Həsən İmanov sonralar Azərbaycan Xalq Ərzaq Komissarlığında ticarət şöbəsində çalışıb. Müəllimlik fəaliyyəti ilə məşğul olan Həsən İmanov Ali Pedaqoji İnstitutda dosent, "Yeni yol" qəzetinin əməkdaşı, Mərkəzi Dövlət Arxivində elmi işçi, Tarix İnstitutunda arxeoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Gənc alim əsasən əlifba islahatı, türk dilində əcnəbi sözlərin düzgün yazılış qaydaları, terminologiya, imla, teatr, erməni toqquşmalarının tarixi üzrə materialların toplanılması, arxiv sənədlərinin nəşr edilməsi metodologiyası ilə bağlı məsələlərlə məşğul olub. Hətta Leninin bir sıra əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Tanınmış tarixçinin arxiv materialları əsasında yazdığı "1905-ci ildə erməni-türk toqquşmalarının səbəbləri", "1917-ci il Zaqafqaziyada", "Zaqafqaziya Seyminin xarici siyasəti" adlı elmi əsərləri tarixşünaslıq elmimizə böyük töhfədir. Həsən İmanov Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fəxri fərmanı ilə təltif edilib. Bütün bunlarla yanaşı, Həsən İmanovun 1937-ci ildə həbsinin səbəbi məlum deyil.
Xanlar HACIYEV - 1901-ci ildə Şuşada doğulub. O, ibtidai təhsilini doğma şəhərdə aldıqdan sonra rəngsazlıq peşəsinə yiyələnib. 1920-ci ildə ordu sıralarında qulluq edib. Sonra Azərbaycan Birləşmiş Hərbi Piyada Məktəbində oxuyaraq orduda müxtəlif vəzifələrdə çalışıb. Gənc hərbçi Azərbaycan diviziyasının artilleriya polkunda təchizat hissəsinin rəisi olmuş, sonra Göyçay Hərbi Komissarlığına rəis göndərilmişdir. Xanlar Hacıyev 1937-ci ildə əksinqilabçı kimi həbs edilərək 1938-ci ilin yanvarında qətlə yetirilib.
Səttar QURBANOV - 1909-cu ildə Şuşada dünyaya gəlib. Sənətkar ailəsində böyüyən Səttar 11 yaşında ikən atası Qurban kişi ölkədə baş verən siyasi çevrilişdən ehtiyatlanaraq ailəsi ilə birlikdə Türkmənistana köçüb. Səttar Qurbanov burada pedaqoji məktəbi bitirərək Aşqabad Kooperativ Ticarət Texnikumunda müəllim vəzifəsində çalışıb. Vətəndən uzaqlaşmaqlarına, repressiyadan qaçmaqlarına baxmayaraq, qəzavü-qədər Aşqabadda da Qurbanovlar ailəsinin qapısını döyüb. Səttar Qurbanov 1936-cı ildə həbs edilərək Bakıya gətirilib. On bir ay həbsxanada yatdıqdan sonra güllələnməyə məhkum edilib.
Zülfüqar İSMAYILOV - onun da bioqrafiyasında doğulduğu yer Şuşadır. Ticarətçi ailəsində böyüyüb. Qardaşları Rəşid və Xanlar həbs edildikdən sonra 1929-cu ildə İsmayıl kişi ailəsini də götürərək Türkmənistana köçüb. Zülfüqar İsmayılov Səttar Qurbanov kimi burada təhsil alıb, Aşqabad Kooperativ Ticarət Texnikumunda müəllim kimi çalışıb. Həmyerlisi Səttar kimi o da 1936-cı il avqustun 29-da həbs edilərək Bakıya gətirilib. On bir aydan sonra qətlə yetirilib.
Səlim HACIYEV - 1914-cü ildə Şuşa qəzasının Malıbəyli kəndində doğulub. Şuşa Pedaqoji Texnikumunda oxuyarkən məsuliyyətə cəlb edilib. Şuşa Rayon Xalq Məhkəməsinin qərarı ilə ilyarım icbari iş alıb. Lakin o, Şuşa həbsxanasından qaçaraq gizlənməyə səy göstərib. 1935-ci ildə yenidən həbs edilib. Bu dəfə ona 7 il iş kəsərək Orta Asiyaya sürgün ediblər. Həbsxana həyatına alışmayan, haqsızlıqla razılaşmayan Səlim Hacıyev bu dəfə də zindandan qaçmağa nail olub. Birbaşa Şuşaya gələrək ziyalıların tutulmasında bələdçilik edən Malıbəyli kənd sovetinin sədrini qisas məqsədilə öldürüb. Bir qədər gizlənməyə nail olsa da, yaxın dostunun xəyanəti nəticəsində yerini tapa biliblər. Elə həmin ilin noyabrında Səlim Hacıyev həbs edilib, onu siyasi dustaq kimi qətlə yetiriblər.
...Şuşalı qurbanların sayı çoxdur. Onların hər biri haqqında danışmaq olar. Lakin onların bioqrafiyalarını vərəqlədikcə bu günahsız müqəssirlərin həbs edilmə səbəblərinin də, cəzasının da eyni olduğunu görüb burada yazımıza xitam verdik. Sanki bir ananın balaları eyni odun içinə düşüb. Elə əslində də belə idi. Azərbaycan adlı vətənin övladları repressiya caynaqlarında qətlə yetirilirdi. Onların arasında bəy də var, hərbçi də, şair, yazıçı da, inqilabçı, ictimai-siyasi xadim də, musiqiçi, artist də, faytonçu, kəndli, fəhlə, hətta ömrü boyu yalnız bir iynəsi və sapı olan dərzi də. Bu müxtəlif təbəqələri - dünyagörüş və təfəkkürə malik olan insanları bir zindana yığansa onların məhz türk, Azərbaycan vətəndaşı olmaları idi. Bu haqsızlığın ayaq tutub yeriməsində ruslara ilham verən, bələdçilik edən, yol göstərən, nişançı olan da faşist xislətli ermənilər idi...
Flora XƏLİLZADƏ,
"Azərbaycan"
DİGƏR XƏBƏRLƏR
- "Yeni il"i restoranda qarşılamaq neçəyə başa gəlir ?
- "Həyat yoldaşım kəfən pulumla sevgilisini götürüb gəzməyə gedib" - VİDEO
- Növbəti sosial islahat paketi kimləri əhatə edəcək? - 3 milyon insanı sevindirəcək xəbər
- AZTV-nin aparıcısına ağır İTKİ - FOTO
- Bakıda kilosu 20 manata nar satılır
- Çox bəyəniləcək hədiyyə fikirləri
XƏBƏR LENTİ
- Damaqda ağ yara: Evdə necə təmizləmək olar?
- Üzeyir keçmişindən, etdiyi səhvlərdən danışdı - Əvvəllər onlardan üç idisə, kaş bir olardı...
- Bill Klinton xəstəxanaya yerləşdirildi
- İsanın varlığının ən qədim fiziki sübutu tapıldı - FOTOlar
- Xurmanın kilosu 10 qəpik amma alan yoxdur
- “Deyirlər ki, villası, restoranı və Şamaxıda üzüm plantasiysı var”
- Niyə sol tərəf üstə yatmaq daha təhlükəsizdir? – CAVAB
- 2025-ci ilin ən məşhur saç rəngləri
- Telefonu gün ərzində bu aralıqla istifadə etmək olar
- Şirniyyata meyillilik bunun göstəricisi imiş - Həkim AÇIQLADI
- Daun sindromu müalicəsində inqilab - Yeni dərman icad edildi
- Çay və qəhvə: Hansı daha zərərlidir?
- Ən Ölümcül 10 Xəstəlik Arasında: Kişilərdə daha çox görülür - əlamətləri
- “Kim deyir ki, Messi məndən yaxşıdır?” - VİDEO
- Nişan günü qan töküldü: Arvadının başına oyun açdı - TƏFƏRRÜAT - VİDEO
- 2 min abonent qazsız qaldı
- Məşhurlarımız "Oskar"da - VİDEO
- "Whatsapp" 8 gün sonra bu telefonlarda bloklanacaq
- Vasif fotoşoplu şəklindən danışdı - "Nə edibsə o, edib"
- Ərdoğan Suriyaya nə vaxt gedəcək?
- Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO
- Günün qoroskopu: Pul mükafatı və ya perspektivli karyera təklifi alacaqsınız
- Bu avtomobilləri almaq istəyənlərin NƏZƏRİNƏ! - ölümü qaçılmaz edir
- Kolleclər və peşə məktəblərində oxuyan tələbələrə şad xəbər