Cəmiyyət

Mantu, yoxsa ölüm sınağı? - ARAŞDIRMA

19 Oktyabr 2012 19:21
0 Şərh     Baxış: 9 753
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bakıda orta məktəb şagirdləri arasında mantu sınağından sonra növbəti təşviş yaşanıb
Xətai rayonundakı 245 saylı orta məktəbin 9-cu sinif şagirdləri arasında mantu sınağı vurulduqdan sonra 7 şagirdin vəziyyəti pisləşib. Mantu sınağı Xətai rayonundakı 4 saylı uşaq poliklinikası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, məktəbə göndərilən dörd həkim briqadası tərəfindən dərhal 3 şagirdə yerində yardım göstərilib, digər 4 nəfər isə vəziyyətləri nisbətən ağır olduğu üçün 6 saylı Uşaq Klinik Xəstəxanasına gətirilib. Məlumatlara görə, bir neçə saatdan sonra uşaqların vəziyyəti normallaşıb və onlar evlərinə göndəriliblər.

Xatırladaq ki, keçən ilin noyabr ayında Lökbatan qəsəbəsində yerləşən 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Namiq Salmanovun mantu sınağından sonra poliklinikadan məktəbə qayıdarkən qəflətən yıxılıb və dünyasını dəyişmişdi. Hərçənd Səhiyyə Nazirliyi açıqlamasında "mantu sınağı dəri altına cüzi miqdarda yeridilir. Bundan ölüm halının baş verməsi ehtimalı minimumdur" deyə şagirdin ölümünü onun səhhətindəki problemlərlə əlaqələndirdi.

17 oktyabr tarixində keçirilən növbəti mantu sınağı isə faciəsiz ötüşsə də, bununla belə sınağın təhlükəsiz olmadığı anlamını yenidən gündəmə gətirib.

"İndiyə qədər belə hadisə baş verməyib"

"Araşdırmalar nəticəsində məlum oldu ki, şagirdlərə mantu sınağının vurulmasından sonra yaranan əlamətlərin sınağın aparıldığı preparat və inyeksiya ilə əlaqəsi yoxdur"- budəfəki hadisəyə də səhiyyə işçiləri tərəfindən münasibət fərqli olmadı.

245 saylı orta məktəbin dərs-hissə müdiri Məlahət Tağıyeva artıq şagirdlərin evlərinə buraxıldıqlarını bildirdi. Dərs hissə müdirinin sözlərinə görə, hər il sentyabr-oktyabr aylarında məktəbdə mantu sınağı aparılır: "İndiyə qədər belə hadisə baş verməyib. Uşaqları dərhal xəstəxanaya apardılar, müayinə etdilər, diaqnoz qoydular. Təcili Tibbi Yardımın əməkdaşları uşaqların bayılmasını onların ümumi zəiflikləri və müxtəlif dərmanlar qəbul etmələri ilə əlaqələndirdi".

Ağla batmayan məsələ?

Respublikanın baş pediatrı Nəsib Quliyev də şagirdlərin bir saat xəstəxanada saxlandıqdan sonra evlərinə buraxıldıqlarını qeyd etdi: "Bizim araşdırmalarımız göstərdi ki, uşaqlardan 3-ü məktəbə acqarına gəlib. Mantu sınağından sonra elə otaqdan çıxmamış özünü pis hiss edib. Onlarda öyümə, ürəkbulanma, emosional gərginlik fonunda reaksiya baş verib".

Baş pediatrın sözlərinə görə, xəstəxanaya daxil olan şagirdlərdən biri isterik nevroz xəstələri siyahısındadır: "O, mantu sınağı keçirilən otağa daxil olanda ineksiyanı gördükdə onda isteriya başlayıb və qan təzyiqi qalxıb". Mantu sınağının tez-tez təkrarlanan mənfi nəticələrinə gəlincə, N.Quliyev bildirib ki, keçən il baş verən ölüm hadisəsinin də mantu sınağı ilə əlaqəsi olmayıb: "Bu hadisə vərəm yoxlaması ilə bağlı keçirilən əməliyyatdan olmayıb. Uşağın valideynlərinə respublika prokurorluğundan məktub göndərilərək onun xəstəliyi barədə məlumat verilib. Bu, aparılan sınaqla bağlı deyildi". Baş pediatr hesab edir ki, nə qədər insan yaşayırsa bu cür hallar baş verəcək: "Çünki insan canlıdır, dinamik həyat prosesindədir. Adam var ki, şpris və iynəni görən kimi dərhal ürəyi gedir. Mən bu cür hadisələrin çox şahidi olmuşam. İstər emosional reaksiyalar olsun, istər mantu sınağı qoyulanda iynənin vurulduğu yerdə qızartı, şişkinlik yaransın, istərsə də peyvənd olunandan sonra axşam uşağın qızdırması qalxsın - bunlar mümkün hallardır".

N.Quliyev qeyd etdi ki, ölkədə 1 yaşından etibarən uşaqlarda ildə bir dəfədən az olmayaraq mantu sınağı qoyulur: "Mantu sınağı 18 yaşına qədər uşaqlarda vərəm xəstəliyinin qarşısının alınması üçün keçirilir. Belə ki, əgər uşaqlarda vərəmə yoluxma və ya meyillilik varsa, mantu sınağı bunu aşkara çıxarır. Bu yolla da biz hər illik daimi sınaq apararaq buna uyğun işimizi qururuq. Bu sınaq olmasa, onda vərəm xəstəliyi baş alıb gedər".

Baş pediatrın sözlərinə görə, bu yoxlamalar bütün dünyada aparılır. O cümlədən il ərzində Azərbaycanda yüzminlərlə adamda aparılır. "Keçən il Azərbaycanda 176 min uşaq doğulub. Onların hər birinə bu sınaq qoyulanda 176 min sınaq edir. 18 yaşına qədər isə uşaq yaşı hesab olunur. onların hər birinə ildə 1 dəfə mantu sınağı qoyulanda ən azı 2 milyon sınaq edir. Yəni, bu qədər insandan heç kəsin başı gicəllənməsin, ürəyi bulanmasın? Bu, ağla batmayan məsələdir".

"Heç nə məcburi deyil"

Mantu sınaqları zamanı vaksinlərin keyfiyyətsiz olması ilə bağlı səslənən ittihamlara gəlincə, Respublika Gigiyena və Epidemologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mantu sınağı üçün "Tuberculin" preparatından istifadə olunduğunu açıqladı: "Bu, vaksin deyil. Bəzən əhalidə çaşqınlıq yaranır. Bu, vərəmin erkən aşkar olunması üçün qoyulan allergik sınaqdır: "Bu preparat sertifikatı olan preparatdır".

A.Əliyevanın sözlərinə görə, preparat Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən müayinədən keçirilib və sertifikat verilib: "Dərmanın saxlanması düzgün təmin olunub. Preparat tam təhlükəsizdir. Onun tərkibində heç bir ziyan gətirəcək maddə yoxdur. Poliklinikalarda da soyuducuda saxlanılır. Saxlanma qaydasına da riayət olunur. Bu vaksinin nə özündə, nə daşınmasında, nə də saxlanmasında heç bir problem yoxdur. Bu, yalnız uşaqlarda olan psixoloji durumla əlaqədar olub".

A.Əliyeva sözügedən preparatdan ölkəmizdə uzun illərdir ki, istifadə olunduğunu qeyd etdi: "Həmişə alınan və istifadə olunan preparatdır. Ola bilər ki, uşaqların birində qorxu hissi olub, onların yanında da olan uşaqlara həmin hiss keçib". Mantu sınağının keçirilməsinin məcburi olub-olmamasına gəlincə, A.Əliyeva "Həyatda heç bir şey məcburi deyil" deyə bildirib: "Sınağın aparılması üçün bir gün qabaq uşaqlara məlumat verilir. Valideynləri ilə razılaşdırılır. Valideynlər tam razılıq verəndən sonra uşaqlarda sınaq keçirilir".

6 saylı Uşaq Klinik Xəstəxanasına açdığımız telefonlar isə cavabsız qaldı. Uşaqların evə buraxılması və vəziyyətləri ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Dəstəyi qaldıran xəstəxana işçiləri gün ərzində "baş həkim "obxoddadır" deməklə kifayətləndilər.

Bilmədik, "mantu sınağının heç bir təhlükəsi yoxdur" deyən səhiyyə işçilərinə inanaq, ya zənglərimizdən yayınan xəstəxana rəhbərliyinin "obxod" əməliyyatına?

"Kaspi" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.