"Məhəbbət olmasa, insan çox kobud səhvlərə yol verə bilər"
- Fuad müəllim, mədəniyyətin sirri nədədir və bu sirr hansı duyğuların vəhdəti ilə açılır?
- Mədəniyyətin sirri insanın özüdür, insanın keyfiyyətləridir, insanın ağlı, təfəkkür səviyyəsi, bilik səviyyəsidir. Mədəniyyət əqli mədəniyyətlə mənəvi mədəniyyətin qovuşağıdır və bu iki əsas rektorda əqli mədəniyyət üstünlük təşkil edir. İntellektual mədəniyyət aparıcı olduğu zaman şər və kasıblıq azalır. Çünki cəhalət, şər və kasıblıqdır. Təbii ki, hər bir insanın müəyyən duyğuları, emosiyaları, ürəyi, könlü, istəkləri var. Bu istəklərin, emosiyaların düzgün istifadəsi, düzgün formalaşması üçün ən əsas yerdə əqli mədəniyyət durur. Beləliklə də biz görürük ki, mədəniyyət əslində bir triyaqadır - yaradıcı fəaliyyət, onun nəticələri və texnologiyaları. Yaradıcı fəaliyyətdən danışarkən insan həm özünü, həm də cəmiyyəti düzgün dərk etməlidir. Bilmədiyini öyrənməli, başqalarının təcrübəsindən qidalanmalıdır. Düzgün dərk edərsə, insan ətraf mühiti öz istəyinə, öz məqsədlərinə görə dəyişdirə bilər. Bunun üçün də müəyyən texnologiyalar, müəyyən dəyərlər sistemi, hüquqi sistem və mənəvi sistemlər yaranır. Ona görə də biz görürük ki, mədəniyyət ətrafı düzgün dərk edib, dəyişmə prosesidir.
- Bir sözlə, dünyanın yaşaması mədəniyyətin üzərində qurulan bir nəsnədir?
- Təbii. Məhəmməd Nəsrəddin Tusi "Əxlaqi nasir" əsərində çox gözəl göstərir ki, mədəniyyət insanı heyvandan ayıran bir keyfiyyətdir. Amma təbii ki, mədəniyyət elə-belə sifarişlə alınmaz. Mədəniyyətin iki əsas mənbəyi var. Biri anadangəlmə mədəni keyfiyyətlərdir ki, hər bir uşaq doğulanda ona atadan, anadan keçir. Amma bu keyfiyyətlər yalnız şansdır. Bu keyfiyyətlər o zaman gözəl nəticələr verə bilir ki, insanın yaşadığı sosial-mədəni mühit doğrudan da əlverişli olsun. Yəni insanın hərtərəfli bacarığı, qabiliyyəti, biliyi, ağlı, keyfiyyətləri, davranışı düzgün formalaşır. İnsanın danışığı onun xasiyyətini göstərir. Xasiyyət isə mədəni tərbiyyə ilə bağlıdır. Əgər insan körpəlikdən mədəni tərbiyyə almasa, dilini, dinini, müəyyən adət ənənələrini öyrənməsə, dünyanın nailiyyətlərini, texnologiyalarını, ayrı-ayrı xalqların yaşam tərzini, səviyyəsini üsullarını yaxşı bilməsə, bu rəqabətə dözüb yaşaya bilməz. Ona görə də kulturalogiya elminin strateji əhəmiyyəti getikcə artır. Allaha şükür ki, bu gün Azərbaycanda hörmətli prezidentimiz İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyətə çox böyük fikir verirlər. İndi iqtisadiyyatda keçid dövrü artıq başa çatıb. Əsas diqqət intellektual bilik, idarəçilik mədəniyyətinə verilir ki, bu da tamamilə doğrudur. Bizim "Simurq" Azərbaycan Mədəniyyəti Asossiasiyası da artıq 20 ildir bu yolda çalışır və cəmiyyətimizə, millətimizə, dövlətimizə elmi kulturoloji biliklərin yayılması vasitəsilə öz köməyini göstərir.
"Ağıl beyinin ətrafında formalaşan enerjidir"
- İnsan məhz ürəyi, ruhu olduğu üçün digər canlılardan fərqlənir. Nizamiyə görə insan bu yüksək məqama layiq olmalı, ürəyə bəndəlik etməli, ürəyin ardınca getməlidir. Çünki yalnız ürək doğru yolu insana göstərməyə qadirdir. O deyir ki, insanın başlıca vəzifəsi ürək həqiqətini dərk etməkdən ibarətdir. Sizcə, ürəyin həqiqətini dərk etməyin yolu nədir?
- Mən bunu çox gözəl qəbul edirəm. Amma zamanın, müasir günün tələblərinə uyğun olaraq, istərdim bir qədər əlavələr edim. Problem bilirsiniz nədədir? Azərbaycanlıların çoxu, təbii ki, kulturologiyanı bilməyənlər, indiyə qədər də "maddi və mənəvi mədəniyyət" deyir. Bu düzdür, amma tam deyil. Niyə?! "Mənəvi mədəniyyət" anlayışı Platondan gəlir. Platon çox gözəl alim, həm də mənəvi cəhətdən kamil bir insan idi. Amma Platonun nəzəriyyəsinə görə, insanın ağlı ürəyindədir. Bu, köhnə müddəa təəssüf ki, Şərqdə yayıldı və buna yenidən baxan olmadı. Aristotel Platonun tələbəsi olmasına baxmayaraq, dünya Aristotelin açdığı qanunlarla yaşadı. Platonda mənəviyyat daha güclü idi. Amma onun səhvi onda idi ki, o, insanın ağlı və intellektinin ürəkdə olduğunu deyirdi. Əksinə, insanın ağlı başındadır, ürəyi isə bədənindədir. Ağıl nədir? Beyinin ətrafında formalaşan müəyyən enerjidir. İnsanın düşüncələri ilə müəyyən kimyəvi-fiziki proseslər gedir və müəyyən enerji əmələ gətirir. Ürəyin də ətrafında müəyyən bir enerji əmələ gəlir ki, ona "könül", "qəlb" deyirik. Deməli, könül, qəlb mütləq ağıldan asılıdır. İnsan necə düşünürsə, ürəyinin də ətrafında o cür enerji yaranır. Ola bilər ki, insan əzab çəksin, həyacanlansın, bunlar hamısı ürəkdə öz əksini tapır. Amma bunlar nəylə bağlıdır? İnsan birinci növbədə ağlı ilə fikirləşir. Nizami çox ideal, dahi bir şəxsiyyətdir, amma ona bütövlükdə baxmaq lazımdır. Nizami həm də deyib ki, - "Hamıdan ucadır cəmiyyətdə alimin yeri, qüvvət elimdədir, başqa cür heç kim heç kimə üstünlük eliyə bilməz". O, ürəkdən danışanda yəqin bunu da nəzərə alıb ki, ürəyin yolu ilə gedərkən insan gərək öz mənəviyyatına uyğun hərəkət etsin.
Təbii ki, həmin ürəyin də başında duran ağıldır. Çünki insanın ağlı olmasa, onun duyğuları, davranışları düz olmaz, hətta sevdiyi insanlara qarşı da düzgün hərəkət etməz.
"Məhəbbət yaşayanda ağıl insana başqa yolu göstərir"
- Fuad müəllim, insanlar çox tez-tez ürəkləri ilə ağıllarının bir-biri ilə "yola getmədiyini", mübarizə apardığını deyir və məsuliyyəti onların üzərinə atmağa çalışırlar. Tez-tez bu sözlərə rast gəlirik: "ürəyim "hə" dedi, ağlım "yox" dedi". Həmişə insanın düşüncəsində ağılla ürəyin rəqabəti ortaya qoyulur. Bunu necə izah etmək olar?
- Bilirsiniz nəyə görə belə məsələlər ortaya çıxır? Bizim insan olaraq həyatda müəyyən ideallarımız, istəklərimiz var və biz bu duyğularla da yaşayırıq. Çünki biz mexanizm deyilik, diri insanıq. Problem bundadır ki, hər kəs onu bacara bilmir. Ağılla hisslərin arasında harmoniya olmalıdır və onun əsasında da insan öz hərəkətini etməlidir. Əlbəttə ki, insanın bütün duyğuları, emosiyaları ağlın süzgəcindən keçməlidir. Təkcə məhəbbəti çıxmaq şərtilə. Çünki məhəbbət olduğu zamanda insanın bir çox təsəvvürləri insanın hisslərinə tabe olur. Məhəbbət yaşayanda ağıl insana bir yol göstərir, amma o, başqa tərəfə gedir, yəni hisslər onu üstəliyir. Amma məhəbbət olmasa, insan təkcə hisslər, duyğularla yaşasa bir çox kobud səhvlərə yol verə bilər ki, bu da həyatda ona böyük zərər gətirə bilər.
- Ona görə Məcnuna dəli dedilər?
- Bəlkə də. Bilirsiniz, məhəbbətə təlabat hər bir insanda var. Bu təbiidir. Biz doğulanda bizimlə bərabər o təlabat da yaranır. Sadəcə olaraq, onun formaları müxtəlif olur. Həmin formalar da yenə də insanın mədəniyyətindən, ağlından, səviyyəsindən, etikasından, təsəvvürlərindən asılıdır. Əlbəttə, deyir "niyyətin hara, mənzilin ora". Amma niyyət də ağlın əsasında formalaşır. İnsanın təfəkkür mədəniyyəti yüksəkdirsə, gözəl düşünə bilirsə, onun niyyəti də bunun əsasında formalaşır. Niyyətdən sonra istər-istəməz əməl gəlir. Təsəvvür edin ki, əgər birinci pillədə olan ağıl yerində deyilsə, insanın niyyəti də düz formalaşmır, təsəvvürləri düz olmur. Nəticədə də həmin niyyətin əsasında baş verən davranışları zərərli olur.
- Tarixən elə ağıllı insanlar olub ki, niyyətləri dünya qırğınlarının törədilməsinə gətirib çıxarıb.
- Ola bilsin ki, çox vaxt həmin insanların emosiyaları ağlın nəzarətdən çıxdığı anda belə səhvlərə yol veriblər.
- Fuad müəllim, qeyd etdiyiniz kimi, insan sosial sferadan təcrid yaşaya bilməz. Müəyyən kataklizmlərlə üzləşmək məcburiyyətində qalan insan ağlının belə vəziyyətlərdən üzüağ çıxması nə dərəcədə mümkündür?
- Bundan qorunmaq üçün insan hər gün mədəniyyətinin kamilləşdirilməsi üzərində çalışmalıdır. Bu gün dünənkindən kamil olmalıdır, sabah bugünkündən. Təbii ki, tam səhvə yol verməmək qeyri mümkündür. Çünki biz diri insanıq. Ətrafımızda müəyyən insanlarla qarşılaşırıq və düzgün olmayan hərəkətlərlə qarşılaşmağımız ona mənfi cavab yarada bilər. Mənim həyatda devizim belədir: Allah hər kəsə ürəyincə versin. Və ağlı olmayanlara ağıl versin. Deyirəm ki, həyatda insan özünü üç əsas vacib şeyə həsr eləməlidir. Nədi bunlar? Birincisi məhəbbət, ikincisi dostluq, üçüncüsü yaradıcı fəaliyyət. Məhəbbət deyəndə, mən onun bütün formalarını nəzərdə tuturam. İlahi məhəbbət var, anaya, vətənə, qadına, təbiətə, heyvanlara məhəbbət var və ilaxır. Hesab edirəm ki, məhəbbət gözəl tərbiyəsi olan insanın vacib keyfiyyətlərindən biri olmalıdır. O insanda ki, məhəbbət yoxdur, onun mədəniyyəti ola bilər ki, dağıdıcı formada öz əksini tapsın. İkincisi, insanın gərək dostları ola ki, o, öz emossiyasını dostlarla da paylaşdırsın. Yaradıcı fəaliyyət isə insanın tək özü üçün deyil, başqaları üçün də olmalıdır. İnsan eqoist olmamalıdır. Yoxsa bütün dünya məhv olar.
"İntellektual mədəniyyət haqqında qanun qəbul olunmalıdir"
- Belə çıxır ki, insanın həyatda uğur qazanması hisslərinin düzgün idarə olunmasından asılıdır?
- Bilirsiniz, insan düzgün qərarlar qəbul etməyi bacarmalıdır. Bunun üçün isə onun yüksək əqli, mənəvi mədəniyyəti olmalıdır. Bunların arasnıda tarazlıq olmalıdır. Bunun üçün də insan həmişə mədəni biliyini artırmalıdır. Çünki təkcə əqli mədəniyyəti olsa, o, həyatda yırtıcı olar. Təkcə mənəvi mədəniyyət olsa, ola bilər ki, o, həyatda özü hədəfə çevrilsin, zərər çəksin. Şərt deyil ki, hamı alim olsun. Bu, ola da bilməz. Çünki hərənin həyatda bir funksiyası var. Amma bilik almaq, elmdən qidalanmaq və onun hesabına daha qüdrətli olub, daha mədəni olmaq, düzgün hərəkət edib düzgün qərarlar qəbul etmək hamının - cəmiyyətin də xeyrinədir, dövlətin də.
"İnsanın pulu çox, mədəniyyəti isə yoxdursa, həmişə mənfi emosiyalarla boğuşacaq"
- Fuad müəllim, sizə də sirr deyil ki, həmişə istilaçı tərəf daha qüdrətli olur, daha çox kapital toplaya bilir və idarə edir. Burda heç kəs mənəviyyat barədə düşünmür.
- Ola bilər ki, müəyyən bir şər siyasətlə var-dövlət əldə etmək olar. Amma son nəticədə onların axırının nə olduğu bilinmir. Axı, xoşbəxtliyin özü də təkcə maddiyyatdan asılı deyil. Məsələn, o insanlar ki, pulu məqsəd kimi qəbul edirlər, onlar heç vaxt xoşbəxt olmurlar. Çünki onlara pul həmişə azlıq eləyir. O insanlar acgöz olur, milyonu varsa, milyard istəyir. Bu proses dayanmır. Nəticədə insanın ağlı, fikri, duyğuları, hissləri, emosiyaları, hamısı pulun qazanılmasına yönəlir. Düzdür, onun müsbət cəhətləri çoxdur. Çünki gərək maddi şərait olsun ki, insan müəyyən arzularını həyata keçirsin. Amma burda da müəyyən bir harmoniya olmalıdır. İnsan hiss eləməlidir ki, ona nə qədər bəs edər. İnsan özündə o harmoniyanı əldə edib, ən xırda bir şeydən də zövq alıb, özünü xoşbəxt saya bilər. İnsanın pulu çoxdursa, mədəniyyəti yoxdursa, həmişə mənfi emosiyalar çərçivəsində qalacaq.
- Mədəniyyət özünü varlanmaq ehtirasından doğan kommersiya tipli elementlərin zərərli təsirindən necə qoruya bilər? Ümumiyyətlə, bu, mümkündürmü?
- Biz kütlə mədəniyyətindən qaçmalıyıq. Çünkü kütlə mədəniyyəti dağıdıcıdır, müəyyən adamların maraqlarını ödəyərək qazanc gətirir, hardasa yüksək incəsənət normalarını yavaş-yavaş dığıdır. Ona görə də hesab edirəm ki, mədəniyyət də, elim də bir qayda olaraq dövlət büdcəsindən maliyyələşdirilməlidir ki, həmin sahələr müstəqil olaraq inkişaf eləsin. Ayrı-ayrı sahibkarların şəxsi maraqlarına xidmətdə yox, ümummilli maraqların xidmətində durmalıdır. Mən birinci növbədə elmi nəzərdə tuturam. Bu baxımdan hesab edirəm ki, intellektual mədəniyyət haqqında xüsusi qanun qəbul olunmalıdır. Alimlər, müəllimlər xüsusi status və təminat almalıdılar ki, millətin, dövlətin, cəmiyyətin inkişafına yönəlmiş fəaliyyətləri daha səmərəli olsun.
"Biz məsuliyyət mədəniyyəti sarıdan çox axsayırıq"
- Bu gün mədəniyyətdə kommersiya xarakterli, qeyri-ciddi nüansların ortaya çıxdığı müşahdidə olunur ki, bu da özünün təsirini insanların bir-birinə rəftarından tutmuş, musiqi, ədəbiyyat, televiziya, hətta siyasətə qədər göstərir. Sizin bu istiqamətdə daha çox narahat olduğunuz məqamlar hansılardır? Mədəniyyət hansı problemlə üzləşib?
- Açığını deyim ki, vaxtın azlığından bizim televiziyalara baxmıram. Bu suala tam düzgün cavab verməkdən ötrü gərək izliyim, təhlil aparım. Amma istərdim ki, bizim millətimiz daha saf olsun. Bizdə böyüklərə hörmət, uşaqlara məhəbbət, səmimilik, sadiqlik, kimi xüsusiyyətlərlə yanaşı, yalan da çoxdur. Təəssüf ki, biz məsuliyyət mədəniyyəti sarıdan çox axsayırıq. Şəxsiyyətə hörmət nöqteyi-nəzərindən geriyə qalmışıq. Sözümün canı odur ki, bizim cəmiyyətimizdə qeyri-səmimiliklə tez-tez rastlaşırıq. Görürsən ki, düz sözü qoyurlar, yalanı danışırlar. Riyakarlıq edilir. Bunlar hamısı milli saflığımıza zərər gətirən keyfiyyətlərdir. Bundan əl çəkmək lazımdır. Məsələn, istəmirsən demə, amma niyə yalan danışırsan? Kim səni məcbur edir ki, yalan danışasan? Bu çox vacib məsələdir. Bu baxımdan istərdim bir vacib məsələyə toxunum. İki növ insan var. Biri ola bilər mədəni insanın davranışı, biri də ola bilər ki, insanın mədəni davranışı. Bunlar eyni şey deyil. Mədəni insanın davranışı odur ki, o, öz daxili yüksək mədəniyyətinə uyğun bu və ya digər situasiyada öz mədəniyyətinə uyğun düzgün, alicənab hərəkət edir. İnsanın mədəni davranışına gəlincə, ola bilər ki, o insan mədəni olmasın, riyakar olsun, cəmiyyətimizdə etik qaydaları bilərək ona uyğun özünü aparıb, özünü istədə bilər. Amma həmin adam cəmiyyətdən çıxan kimi özünü vəhşi kimi apara bilər. Belə insanların sayını azaltmaq lazımdır. Bunu da mədəniyyətin inkişafı ilə təşkil etmək olar. Çünki dünyanı mədəniyyət xilas edəcək. Amma bunun üçün də gərək dünya mədəniyyəti müdafiə etsin, qorusun. Mədəniyyətə laqeyd yanaşmanın axırı pis olar.
- Fuad müəllim, bizdə "mədəniyyət" deyəndə bu, çox dar çərçivədə götürülür. Sanki mədəniyyət şou-proqramlar, müğənnilər, əyləncəli verlişlərdən ibarətdir. Sizcə bu cür yanaşma nə ilə əlaqədardır? Hansı təsirlərdən dolayı belə şeylər ortaya çıxır?
- Zənnimcə, biz burda iki amili görürük. Birincisi, bizim mədəniyyətin inkişafı ilə məşğul olan bir çox məmurlarımız özləri mədəniyyətin nə olduğunu yaxşı bilmirlər və dünyanın ən mütərəqqi elmi olan, universal biliklər yayan kulturologiya elmindən çox səthi xəbərləri var. Sovet dövründə mədəniyyət deyəndə onu üst qurum kimi nəzərdə tuturdular. İqtisadiyyat isə bazis idi. Ona görə də "qalıq" prinsipi əsasında maliyyələşdirilirdi. Mədəniyyəti burda dar, məhdud anlayış kimi başa düşürdülər. Elə bilirdilər ki, mədəniyyət incəsənət, rəqs, bir də əxlaq qaydalarından ibarətdir. Sovet dövründə 7 cildlik fundemantal bir əsər buraxılmışdı - Sovet iqtisadiyyatının tarixi. Mədəniyyəti görün nə dərəcəyə çatdırmışdılar ki, onu xalq təsərrüfatı sahələrindən biri kimi qəbul eləmişdilər. Bu, çox yanlış, həqiqətə uyğun olmayan anlayışdır. Mədəniyyətin inkişafına birbaşa cavabdeh olan bir çox məmurlarımız öz üzərlərində işləmirlər, bu köhnə, məhdud anlayışdan indiyə qədər istifadə edirlər. Bir çox televiziyalarda mədəniyyətdən danışanda gəlib incəsənətin üstünə çıxırlar. Axı, mədəniyyət ikinci süni təbiətdir. İnsanın ağlı, hisləri, fiziki əməyi nəticəsində nə yaranıbsa, hamısı mədəniyyətdir. İkinci bir amil odur ki, bu şou-biznes məsələsi müəyyən gəlir gətirir. Məsələn, yaxşı müğənninin də həyatına baxın, alimin də yaşam tərzinə baxın. Axı alimin cəmiyyətdə yeri hamıdan ucadır, amma biz ona nail ola bilməmişik. Bu şou əhli təkcə yaxşı yaşamır, onlara hörmət daha çoxdur, nəinki alimə. Amma bu, düzgün deyil.
"Onun-bunun əlində oyuncaq olmaq istəmiriksə onda..."
- Fuad müəllim, bayaq ağlın insanı yüksəklərə apardığını, ona uğur qazandırdığını qeyd edirdiniz. Bir tərəfdən də vurğuladınız ki, şou müğənnilərinə olan hörmət alimə olan hörmətdən çoxdur. Belə çıxır ki, ya müğənnilər ağıldan, hisslərdən daha səmərəli istifadə edə bilir, ya da alimlər bundan düzgün istifadə edə bilmirlər?
- Onu mən deyə bilmərəm. Artıq bu, idarəetmə mədəniyyətidir. Ona görə də mən dedim ki, mütləq Azərbaycanda intellektual mədəniyyət haqqında qanun qəbul olunmalıdır. Axı, hörmətli Prezidentimizin dediyi kimi, əsas kapital alimlərdir. Amma yerlərdə buna lazımınca əməl olunmur. Görüm incəsənət xalqın rifahını, keyfiyyətini təmin eləyə bilərmi? Yox. İncəsənət insanın əyləncəsinə, estetikasına kömək eliyir. Onun maddi inkişafı, hərtərəfli təminatı isə istehsalatdır, iqtisadiyyatdır. O istehsalatın, iqtisadiyyatın ki, əsasında elmi nailiyyətlər durmur, o heç vaxt rəqabətə dözümlü olmayacaq.
- Deməli kapitalı çox olan kimsə, ağıllı olan insandan yüksəkdə dayna bilər?
- Bəli.
- Fuad müəllim, mədəniyyətimizin problemlərində hansı xarici təsirlərin rolunu qeyd edə bilərik?
- Mən deyə bilmərəm bu istiqamətdə hansı planlar işlənir. Amma hər halda belə bir söz də var, deyir, işini bərk tut ki, sonradan qonşunu oğru tutmayasan. Biz özümüz öz haqqımızda düşünməliyik. Onun-bunun əlində oyuncaq olmaq istəmiriksə, birinci növbdə intellektual mədəniyyətimiz yüksək olmalıdır. Buna da nail olmaq üçün gərək alimə statusu verək və rollarını cəmiyyətdə qaldıraq. Yəqin ki, buna gedirik. Sadəcə olaraq, yerlərdə hörmətli prezidentimizin sözləri düzgün dərk edilməli və onların reallaşması üçün müəyyən mexanizmlər həyata keçirilməlidir. Bu da qanunlarsız mümkün deyil.
- Son vaxtlar milli-mənəvi dəyərlər haqqında müzakirələr aparılarkən tez-tez maraqların, tələblərin fərqli olduğu önə çəkilir. Bu hansı tələbdir?
- Problem orasındadır ki, mən hansısa suala cavab verməzdən əvvəl baxıram görüm, o sualı mənə kim verir. O sözləri deyən kimdir, onun mənəvi haqqı nədir, intellekutual səviyyəsi varmı? Hərə ağzına gələni deyə bilər. Deyə bilər ki, "ma belə gəlir ki...". Ona görə cəmiyyətdə mütləq məşvərət institutu olmaldır. Ən ağıllı adamlar, bu və ya digər sahədə eksper kimi çıxış etməli və qərarların hazırlanmasında iştirak etməlidir. Təəssüf ki, mən bunu görmürəm. Məsələn, kulturologiya elmini Azərbaycanda yeni bir elm sahəsi kimi yaradan qurum "Simurq" Azərbacyan Mədəniyyəti Asossiasiyasıdır. Amma Mədəniyyət Nazirliyində elə məmurlar var ki, bizim Asossiasiyanı yaxına qoymurlar, bizə qısqanclıqla yanaşırlar. Milli maraqlara uyğun əməkdaşlıq aparmaqdansa, əksinə, çalışırlar ki, bizi bağlı qapı arxasında saxlasınlar. Bu düzgün deyil. Bu yaxınlarda nazirlik kulturologiya ilə bağlı forum keçirdi. Belə forum gərək Asossiasiya ilə birgə keçiriləydi. Axı, nazirliyin Asossiasiya qədər səriştəsi yoxdur. Çünki nazirlikdə kulturologiyayla indi-indi məşğul olmağa başlayıblar. Forumda bir çox səhvlər də oldu. Təbii ki, bu, nazirə aid deyil. Əbülfəz Qarayev çox sağ olsun, böyük işlər görür. Hətta biz Azərbaycanda kulturologiyaya dövlət dəstəyi verdiyinə görə naziri "Simurq" beynəlxalq medalı ilə təltif etmişdik. Söhbət nazirlikdə fəaliyyət göstərən məmurlara aiddir. Təsəvvür edin ki, Asossasiyanın prezidentinə orda məruzə ilə çıxış etmək də təklif olunmadı. Mən bu məsələni qaldırandan sonra foruma 1 gün qalmış mənə zəng edib məruzə ilə çıxış etməyimi xahiş etdilər. Mən də dedim ki, prinsipial olaraq bunu eləmiyəcəm. O qısqanclığı, köhnə təfəkkürü kənara qoymaq lazımdır. Əgər biz bu gün demokratik cəmiyyət qururuqsa, onun ən vacib tələblərindən biri vətəndaş cəmiyyətidir. Aparıcı institut isə QHT-lərdir. "Simurq" Azərbaycanda ilk QHT-dir ki, bizim kulturologiyaya verdiyimiz töhvəni bütün dünya bilir. Kitablarımız dünyanın bir çox ölkələrinin kitabxanalarında istifadə olunur.
"Biz robota çevrilə bilərik"
- Fuad müəllim, dil mədəniyyətimiz haqqında nə deyə bilərsiniz?
- Azərbaycan dilinin inkişafı üçün çox işlər görmək lazımdır. Azərbaycan dilinin daha kamil olması və dünya dilləriylə rəqabətdə davamlı olması üçnü terminalogiya institutu açılmalıdır.
- Milli adət ənənələrimizə münasibətdə dəyişən nədir? Biz ona daha çox tapınırıq, yoxsa getdikcə uzaqlaşırıq?
- Adi şüura mlik olan insan bu və ya digər qüvvələrin əlində oyuncaq ola bilər. Mənə elə gəlir ki, bu proses çox mürəkkəbdir. Burda dövlətin rolu çox böyükdür. Saf-çürük etmək lazımdır. Dünya dəyişir. Dəyişdikcə də müəyən adətlər qorunub saxlanmalı, bəziləri bəlkə də təkmilləşməlidir. Adət-ənənələrimizə incə yanaşıb, yaxşılarını qoruyub saxlamaq lazımdır. Başqa cür biz robota çevrilə bilərik, öz simamızı itirə bilərik. Eyni zamanda, zaman keçdikcə özünü doğrultmayan, cəmiyyətin, dövlətin xeyrinə olmayan ənənələrdən yavaş-yavaş əl çəkmək lazımdır. Məsələn, Qafqaz Müsəlmanları Ruhani İdarəsi çox gözəl bir ənənə yaradıb. Məhərrəmlik ayında artıq sinədöymə, zəncir vurmaqla bədəndən qanın çıxarılması aradan götürülüb. Kim doğrudan da Allaha xidmət göstərib yaxşılıq etmək istəyirsə, Təzə Pir məscidinə gedib orada qan verə bilər. Bu, mütərəqqi ənənədir.
"Hər yerindən duran elə bilir televiziayaya çıxıb ağzına gələni deyə bilər"
- Ailə-məişət məsələlərinin ekran vasitəsilə müzakirəyə çıxarılması ailə ənənələrinə görə nə dərəcədə mədəni yanaşmadır?
- Hesab edirəm ki, Ailə Uşaq və Qadın Komitəsi bu sahədə çox böyük işlər görür. Bizim Asossiasiya payızda Komitə ilə birlikdə ailə mədəniyyəti mövzusunda layihə hazırlamaq arzusundadır.
Eyni zamanda, hesab edirəm ki, hər adam televiziyaya çıxıb, öz səviyyəsinə uyğun, ağlına gələni deməməlidir. Belə şey olmaz. Televiziyada yalnız ekspertlər, ağıllı adamlar, alimlər çıxış etməlidir. Yoxsa hər yerindən duran elə bilir ki, televiziayaya çıxıb ağzına gələni deyə bilər. Hesab edirəm ki, televiziya verilişlərinə senzura qoyulmalı, ona düzgün istiqamət verilməlidir.
- Qorxu hissi nədir?
- Qorxu hissindən hər bir adam azad olmalıdır. Yoxsa xoşbəxt ola bilməz. Qorxu hissindən azad olmaq üçün birincisi Allahı sevmək lazımdır, hər gününü Allaha minnətdarlıq hiss ilə yaşamalıdır. Hər gün yuxudan duranda həyata, hər şeyə görə Allaha minnətdar olmalıdır. Səni istəməyən pis adamlar səni gözdən salmaq üçün dalınca danışa bilər, aranı vurmaq istəyərlər. Elə şeylər həyatda çox olur. Əsas odur ki, insanın vicdanı təmiz olsun, özünü pislikdən saxlasın. Hətta o biri insan pisliyə layiq olsa belə, özünü pislik etməkdən saxlasın, enerjisini məhəbbətə, dostluğa və yaradıcılığa sərf eləsin. Bütün bunlar bütövlükdə insanın qorxudan azad olunmasına kömək edir.
- Sevginin bir adı var. Amma hamı tərəfindən eyni dərəcədə qəbul edilmir. Bu nə ilə bağlıdır?
- Sevgidə də kişi və qadının intellektual səviyyəsi mühüm rol oynayır. Məhəbətin 3 pilləsi var. Birinci pillə instinktiv məhəbbətdir. Belə məhəbbət insanlarda da var, heyvanlarda da. İnsanların məhəbbətində ikinci səviyyə, bu elə bir məhəbbətdir ki, maraq üzərində qurulur. Bu həqiqi məhəbbət deyil. Və nəhayət üçücü səviyyə həqiqi məhəbbətdir, yəni ürəkdən gələn məhəbbətdir. Bu məhəbbəti heç bir pula ala bilmərsiniz. Sizə bir milyard təklif etsələr də ürəyinizə sevməyi məcbur edə bilmərsiniz. Yəqin ki, sevdiyiniz insan öz keyfiyyətləri ilə o məhəbbəti qazanmalıdır. Birinci növbədə ağıll olmalıdır. Siz axmaq kişini sevərsiniz. Çünki o öz hərəkətləri ilə sizi bezdirər, sizi məhv edər. Ondan əlavə kişinin gərək müəyyən etikası, qadına rəftarı münasibəti olsun, qadına qiymət versin. Qiymət vermə məsələsi çox vacibdir. Yəni burda bir sıra keyfiyyətlər var ki, bunlar olmadığı təqdirdə sadəcə zahirən xoşagəlmək, vurulmaq olur. O bir azdan yox ola bilər.
- Belə deyirlər ki, insan ömründə heç olmasa bir dəfə sevir və nə vaxt olursa, olsun bu baş verəcək.
- Ola bilər ki, bir dəfə sevsin. Amma insan var ki, ümumiyyətlə onda heç məhəbbət hissi yoxdur. Elə məhəbbətsiz yaşayır. İnsan da var ki, bir neçə dəfə sevir. O əgər birinci məhəbbətdə gözlədiyi keyfiyyətləri görmürsə, tapmırsa, ola bilər ki, yenidən sevsin. Çünki məhəbbətə təlabat hər bir insanın daxili aləmində var.
- Sevməyənlər kimlərdir?
- Deyə bilmərəm. Amma mənə elə gəlir ki, bu insanlar məhəbbəti məhdud olan insanlardır. Ola bilər ki, çox eqoistdirlər və biganədirlər. Görün dünyada neçə milyard insan var.
Tahirə Qafarlı
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kulturoloq Fuad Məmmədov: «Şou əhli təkcə yaxşı yaşamır, onlara hörmət daha çoxdur, nəinki alimə»
23 İyun 2010 10:20
Baxış: 2 071

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycandan İrana gedənlər çoxalıb - statistika
-
“Uşaq təhsili unudulub - Binalar bağçasız tikilir” - Parlamentdə məsələ qaldırıldı
-
Turist axını qiymətləri "qızışdırdı" - Bölgələrdə kirayə ev tapmaq çətinləşir
-
Məktəbli formaları dəyişəcək? – Nazir aydınlıq gətirdi
-
100 manata 9 sm boy uzanması: Azərbaycanda yeni dələduzluq?
-
AZSTAND Azərbaycan milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib - FOTOlar
XƏBƏR LENTİ
-
Xaricdən Azərbaycana yatırılan investisiyaların həcmi açıqlandı
-
Oğlunun bu hərəkəti Nazpərini ağlatdı - VİDEO
-
Bibliyanın xəbərdarlığı reallaşır: Nəhəng çay quruyur - Təhlükə nədir?
-
Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq
-
Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür
-
Kondisioner bu xəstəlikləri müalicə edirmiş - bir şərtlə
-
Türk seriallarının ulduzu TANINMAZ HALDA: "parik" qoyurmuş... - FOTO
-
“Real”ın yeni ulduzunun sevgilisi gözəlliyi ilə göz qamaşdırdı - FOTOlar
-
Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama
-
Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO
-
Ronaldu qərarını verdi - Müqavilə imzalanır
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - VİDEO
-
Sabitlik və qürur sütunu - 107 illik şərəfli tarix
-
Günün qoroskopu: Sevgi münasibətlərində dərin söhbətlərə fürsət yaranır
-
İki illik evlilikləri bitir - FOTO
-
"Tək gözlə imtahandan 55 bal topladım" - Gözünü arı sancan müəllim
-
Vüsaldan ilk açıqlama!
-
Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş - VİDEO
-
Benzini "klik" səsindən sonra doldurmayın - XƏBƏRDARLIQ
-
Azərbaycandan İrana gedənlər çoxalıb - statistika
-
Talıb Talenin xanımına qoyduğu qadağa
-
Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ
-
Belə yuxular görənlər tez ölür