Cəmiyyət

Azərbaycan uşaqları teatr istəyir!

16 İyun 2010 11:33
Baxış: 1 162
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Uşaqlar hər gün, hər saat, hər an belə bizim dünya üçün aktualdırlar. Çünki onlar bizi gələcəyə bağlayan yeganə iplərdi. Valideyn olan hər kəs ilk uşaqları dünyaya gəldiyi andan etibarən məhz onun üçün, onun gələcəyi üçün yaşamağa başlayır. İnsanların ən çox sevdiyi şüarlardan biri "Uşaqlar bizim gələcəyimizdir" şüarıdır. İnsansevərlərin isə başlıca şüarı "uşaqlar ölməsin"dir. Bu gün ağıllı xalqlar diqqətlərini məhz uşaqların hələ körpə yaşlarından sağlam gələcək üçün yetişdirməyə fokuslaşdırırlar.

Doğulandan məktəbə gedən İsrailli uşaqlar və bizimkilər

Son dövrlərdə uşaqlar mövzusu Qəzza zolağında baş verən olaylarla əlaqədar olaraq İsrailli və Fələstinli uşaqlara daha çox şamil edilir. Tez-tez dünya mediasında fələstinliləri uşaqları İsrail əsgərlərinə daş atmağı öyrətdiklərinə görə qınayırlar. İsrailinsə fələstinli uşaqlarla necə davrandıqları barədə bu yazıda bəhs etməyə lüzum görmürük. Amma yazının mahiyyəti üzərinə gəlməzdən əvvəl məhz İsraildə uşaqların necə yetişdirildiyinə diqqəti yönəltmək istəyirik. Bu günlərdə internetdə maraqlı bir məlumata rast gəldim. Sərlövhə təqribən belə idi: "İsrailli uşaqlar doğulandan məktəbə gedəcəklər". Uşaqlar ən həssas nöqtəm olduğundan xəbəri acgözlüklə oxudum. Bəli dünyanın ən ağıllı xalqlarından biri olan israillilər Bat-Yamada şəhər administrasiyasının rəhbərliyi altında RAŞİ Fondu və Milli Sığorta İnstitutunun iştirakı ilə yeni məktəb layihəsinə start veriblər. Erkən İnkişaf Uşaq Mərkəzi (EİUM) adı verilən bu məktəbin şagirdləri bir neçə aylıqdan 6 yaşınadək uşaqlar olacaq.

EİUM-nın konsepsiyası uşaqları bir neçə istiqamətdə tərbiyə etməyi, bəsləməyi  və onlara tam sistemli təhsil verməyi nəzərdə tutur. Məşğələlər təkcə körpələr üçün keçilməyəcək, burada həmçinin, uşaq bağçalarının tərbiyəçiləri və valideynlər də təhsil almaq imkanı qazanacaqlar. Yeni məktəbin ideoloqları düşünüblər ki, uşaqların necə inkişaf etməsi və tərbiyə olunması onların xarakterində və temperamentində dominantlıq təşkil edir. Bu həmçinin uşaqların gələcəkdə elmləri qavrama qabiliyyətlərini və yaradıcılıq potensialını da üzə çıxarmağa yardım göstərir.

Sözügedən uşaq mərkəzində hər şey detallarına qədər hesablanıb. Burada binanın uşaqların psixikasına müsbət təsir edəcək görünüşündən tutmuş, müasir diaqnostika avadanlıqları ilə yaxşı təchiz olunmuş tibb məntəqəsinə, hər bir otağı fərqli mənzərələrə, hətta dəniz mənzərəsinə açılan xüsusi pəncərələrə, uşaqların beyninin normal inkişafına nəzarət üçün qurğulara, hətta onların emosiyalarını cilovlamağa yardım edəcək otaqlara qədər hər şey düşünülüb. Körpələrin yaradıcılığa, idmana, elmin ayrı-ayrı sahələrinə və s. olan maraqları psixoloqların köməyi ilə aşkarlanacaq. Və həmin uşaqların potensialı hansı sahəyə uyğun gəlirsə, onlar məhz həmin sahəyə də istiqamətləndiriləcəklər.

Yeni təhsil mərkəzi Bat-Yamalı 1500 uşağı qəbul etməyə hazırdır. Gələcəkdə şəhər bələdiyyəsi bu layihənin genişləndirilməsi üçün büdcə vəsaitlərini artırmağı planlaşdırır. "Erkən İnkişaf Uşaq Mərkəzi "Fərdi təhsil" üzrə Bat-Yama modelinin yaradılmasında mərkəzi mövqe tutur. Bu gün bələdiyyə İsrailin təhsil sistemində müsbət dəyişikliklərin aparılması üçün rıçaq rolunu oynaya biləcək siyasət həyata keçirir" deyə şəhər meri Şlomi Laxyani bildirib.

Bir sözlə, israillilər artıq gələcək üçün istədikləri kimi insanlar yetişdirəcəklər: hərtərəfli, sağlam, dərrakəli, potensialı lazımi səviyyədə qiymətləndirilmiş. Hər kəsin arzu edəcəyi səviyyədə insanlar. Görəsən, illərdir İsraillə necə mübarizə aparmağın və onlara necə qalib gəlməyin yollarını bilməyən, yaxud da ümumiyyətlə, bu barədə düşünməyən fələstinlilər bu yeni tipli məktəbdə yetişdirilən uşaqlarla necə başa gələcəklər?! Ümumiyyətlə, başa gələ biləcəklərmi?! Əslinə baxsan, əgər bizim hazırkı təhsil səviyyəmiz olduğu kimi qalsa, yəqin ki, bizim uşaqları fələstinli uşaqlardan elə də çox şey ayırmayacaq. Laxyani sözügedən məktəbin açılış nitqində deyib ki, "qoy bu məktəbdə hər kəs yetişsin: riyaziyyatçı, fizik, astronom, rəssam, musiqiçi, aktyor, hərbçi, həkim, bəşəriyyət üçün lazım olan hər cür insan". Görəsən, bizdə hansısa bələdiyyə başqanını, yaxud da, icra başçısını, nə zamansa, belə bir insan yetişdirmək düşündürübmü?! Əslində bu yazını yazmaqda məqsədimiz başqadır. Biz burada təhsil sistemindən danışıb ürək bulandırmaq istəmirik. Başqa bir aktual problemdən danışmaq istəyirik: uşaq teatrından.

Yenə Novruzəli, yenə Fatma-Tükəzban

Yenə də düşünəcəksiniz ki, böyüklər üçün teatrlarımız bizi yarıtmışdı, qalmışdı uşaqlar üçün teatrlar. Bəndənizsə belə düşünmür. Onsuz da teatr zövqümə uyğun gələcək teatrın ömrümün sonuna qədər Azərbaycanda yaranacağına az ümid edirəm. Ona görə topu uşaqlara atıram ki, bəlkə onlar bu günü görsünlər. Ötən il professor Rəhman Bədəlov öz təşəbbüsü ilə S.Vurğun adına Rus Dram Teatrında əsasən uşaqlardan və bu teatrın aktyorlarından ibarət truppa təşkil edərək bir Norveç nağılını səhnələşdirmişdi. Qəribədir ki, hamımızın filosof və publisistik məqalələr müəllifi kimi tanıdığımız qocaman Rəhman müəllim özü də burada bir rolla səhnəni paylaşırdı. Sonda hamı Norveç nağılının qəhrəmanlarını və azadlığın simvolu olaraq səhnəyə gətirilən uşaq portretini ayaq üstə alqışladı. Mən bəlkə də ilk dəfə Azərbaycanda azadlığı sevən və bunu təmənnasız-filan alqışlayan bu qədər insan görürdüm. Bilirsinizmi, Rəhman Bədəlov bu tamaşanın ideyasının nədən qaynaqlandığını necə izah etdi?! Dedi ki, "mən bizdəki böyüklərlə qurtarmışam, düşünürəm ki, bəlkə uşaqlarla nəsə alındı". Haqlıydı.

Azərbaycanda novruzəlilərin, fatma-tükəzbanların zamanı çoxdan qurtarmalıydı, axı. Hardasa 130-100 il bundan əvvəl Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil söyə-söyə, lağa qoya-qoya, tənə edə-edə bu milləti yuxudan oyatmağa çalışırdı. İstəyirdilər ki, Novruzəli poçt qutusunun yanında yatmasın, bütün günü dəftər-kitabla əlləşən ərindən Xanbacıya şikayət edən tükəzbanlar həyatda dama-divara təzək yapmaqdan, nənənin başını bitləməkdən, babanın çul-çuxasın yamamaqdan başqa şeylərin də olduğunu anlasınlar. Amma qərinələr keçdi, biz nə qədər dəyişdik?!

Uşaqlarımız nəyə baxsınlar?!

O gün cizgi filmlərindəki, şəkilli nağıl kitablarındakı qəhrəmanlarını canlı görmək istədiyini söyləyən qızımı apara biləcəyim iki ünvanı xatırladım. Bunlardan biri onun qəhrəmanlarının bəlkə də mində birini təmsil edən "Kukla" Teatrı, digəri isə, az-çox uşaqların qayğısına qalaraq, cizgi filmlərini və nağılları səhnələşdirərək təqdim edən Rus Dram Teatrı idi. İmkan düşdükcə bu ünvanlara baş çəkirik. Onun xəyallarındakılarla bu teatrlarda gördükləri əsasən üst-üstə düşmədiyindən, çox vaxt evə məyusluqla dönürük. Amma hər dəfə də teatra getmək, adını təhrif edərək dediyi "Prostakvaşino" kəndinin sakinlərini (Dyadya Fyodor, Matroskin, Şarik, Poçtalyon Peçkin), pişik Leopoldu, Vinni Puxu, İanı, Buratinonu, adı belə onu vahimələndirən Karabas-Barabası, "Nu poqodi"nin (bu bütün zamanların əvəzsiz cizgi filminin), "Tom və Cerri"nin (uşaqlar üçün heç də yaxşı nümunə deyillər) və onlarla cizgi filmi və nağılın qəhrəmanlarını görmək istəyini eyni ehtirasla ifadə edir. Sonuncu dəfə Rusdramada "Leopoldun yeni sərgüzəşti"nə baxmışdı və əlindəki çiçəyi öz təşəbbüsü ilə siçanlardan birini məharətlə oynayana vermişdi. Siçan bunu öpmüşdü və üstündən hardasa bir ay keçib, amma, o hələ də həmin təəssüratdan ayrılmayıb. Düşünürəm ki, bir-iki ildən sonra qızımın teatr qəhrəmanları dəyişəcək. Bayaq adlarını sadaladıqlarım onun üçün  əvvəlki kimi maraqlı və sevimli olmayacaq. Böyük bir boşluq əmələ gələcək və biz bu boşluğu nə ilə dolduracağıq?! Uşaqlar böyüyür və artıq onları "Göyçək Fatma", "Tıq-tıq xanım", "Qaravəlli" cəlb eləmir. Bəs onlar nəyə baxsınlar?!

Afaq Bəşirqızı, Rafaellə Coşqun, meyxana, toyxana...

Hərdənbir şəhərdəki teatrlara gedirəm. "Bəlkə nəsə fərqli bir şey oldu", ...ümidi ilə. Hər dəfə də xəyal qırıqlığına uğrayaraq geri dönürəm. Bir-iki əvvəl Musiqili Komediya Teatrına getmişdim. Zalda böyükdən çox uşaq vardı. Təqribən 8-16 yaş arası. Onlar Afaq Bəşirqızının bayağı atmacalarına, söyüşlə dolu, erotik məzmunlu ifadələrinə necə də şövqlə gülürdülər. İyrəndim doğrusu. Uşaqların deqradasiyası üçün bundan yaxşı mühit?! İndi milləti zövqsüz şeylərə baxmaqda qınayırıq. Bəs mədəniyyət, incəsənət zövqü teatrla, kinoyla, uşaq mahnılarıyla formalaşır. Bizim uşaqlarsa, ən yaxşı halda Afaq Bəşirqızına, ən pis halda isə Rafaellə Coşqunun düşükləmələrinə (uşağın dili ilə "liftçik" yamsılamalarına), təhqirlərlə, həcvlərlə dolu meyxanalara, toyxana mahnılarına və sairə baxırlar, qulaq asırlar. Belədə bizim cəmiyyət yüksək səviyyəli, mədəni insanı necə yetişdirsin?! Yenə də bəziləri qalxıb tarixən bizim xalqın yetişdirdiyi dahi bəstəkarları, rəssamları, aktyorları, şair-yazıçıları sadalayacaqlar. Allah xatirinə, bəsdir dünənə baxdıq, bir az da sabaha baxaq. Mən keçmişlə yaşamağın deyil, gələcəyə hədəflənməyin tərəfdarıyam. Zatən bütün irəli getmiş, inkişaf etmiş xalqlar keçmişdən dərs götürərək gələcəyə istiqamətləniblər. Biz isə keçmişin nostalgiyasından heç cür qopub bu günə gələ bilmirik. Bu günə gəlmək istəyəndə də, Röyanın hamiləliyi, Aygünün iç camaşırlarının rəngi, Rəqsanəyə atəşli məhəbbət aşılayan futbolçular, Elza Seyidcahanın ərə getməkliyi və sair mane olur. Elə bu səbəbdəndir ki, gəlinimiz hər dəfə mənimlə rastlaşanda Manananın (gəlin gürcü qızı olduğundan qafasını Manana və Suliyə taxıb) ikinci uşağa qalıb-qalmadığını soruşur.

İnternet, televiziyalar teatrları basdırır?

İndi deyəcəksiniz ki, axı teatra nə ehtiyac var? Kompüter əsridir, kabel televiziyaları var, çanaq antenlər var, gərək elə teatra gedək? Qoy uşaqlar da zəhmət çəkib televizordan, internetdən baxmağa maraqlı bir şey tapsın... Bəs canlı insan enerjisi? Bəs teatrın canlı enerjisinin verdiyi təsir? Heç bir müasir texnikanın teatrı əvəz etmək gücündə olduğuna inanmıram. Təkcə adrenalin xatirinə (bilmirəm, bizdəki teatrlara baxanda orqanizmimizdə adrenalin yaranırmı?!) teatra getməyə dəyər. ..
Təkcə uşaqlar baxsın, teatr zövqü formalaşsın deyə uşaq teatrları uğrunda mübarizə aparmıram. Bizdə həmişə deyirlər ki, Azərbaycanda dünyaya çıxarılası futbolçu ona görə yetişmir ki, burada uşaq futboluna diqqət yetirilmir. Eyni analogiyanı teatr üçün də apara bilərik. Deyirik ki, bizdə dünya səviyyəsinə çıxaracaq aktyor, rejissor, teatr, kino və s. yoxdur. Axı onların yetişməsi üçün yaxşı məktəblər olmalıdı. Deməyin ki, bizdə bunun üçün Mədəniyyət və İncəsənət Universiteti, teatr məktəbləri və s. var. Görünən dağa nə bələdçi? Əgər onlar olsaydı, biz nəticəni görərdik. Deməli olanlar kifayət deyil. Onlar müasir dünya, müasir zövqlərlə ayaqlaşa bilmirlər. Onlar hələ də aktyora səhnədə bayağı intonasiyanı, qışqıra-qışqıra danışmağı öyrədirlər. Bizə daha Məleykə Əsədovalar lazım deyil!!!

Hər tinində 10 toyxana olan bir şəhərdə yeganə uşaq teatrının binası yoxdur

Uşaq teatrına gəlincə, olmazmı, həmin teatrların truppasında uşaq obrazlarını elə uşaqların özləri yaratsın? Bu suala biz ölkədə və ümumiyyətlə Cənubi Qafqazda yeganə uşaq teatrı olan Bakı Uşaq Teatrının direktoru İntiqam Soltandan cavab almağa çalışacağıq. Hələliksə, bizdə yeganə olan uşaq teatrından bəhs edək.
O gün uşaq teatrı haqqında danışanda bir tanışım mənə xatırlatdı ki, Bakıda da bir uşaq teatrı vardı, özü də bulvarın qırağında yerləşirdi. İndi onun binasını söküblər, yerində isə ya, yaşayış binası, ya da restoran tikirlər. Dərhal soraqlamağa başladım. Həmin uşaq teatrının direktorunun telefonunu əldə elədim. Dedilər ki, teatr hazırda qastroldadır. Mənə qəribə gəldi. Sən demə, Bakı Uşaq Teatrı qastrola da gedirmiş. Doğrusu, mənə ayıb oldu. Bu teatrın afişasına, reklamına və ya hansısa tamaşasına heç yerdə rast gəlməmişdim. İntiqam Soltana səmimi şəkildə bunu etiraf elədim. Və söhbətə başladıq. Özünün də dediyi kimi, qalstuksuz direktordu. Bildirdi ki, BUŞ (abbreviatura maraqlıdır) BŞİH-in Mədəniyyət və turizm idarəsinə tabedir. Həmin idarə də Mədəniyyət və Turizm Nazirliyinə. Teatrın 60-dan çox işçisi var. İndiyədək 40-dək tamaşası olub. Tamaşalar isə əsasən uşaqların maariflənməsinə xidmət edir. Burada uşaqlara dövlətçilik (?)))), vətənpərvərlik təbliğ olunur, onların ölkə üçün yararlı vətəndaş kimi yetişdirilməsi teatrın əsas hədəfidir. Ölkənin teatr məkanında narkomaniyaya həsr olunan yeganə tamaşa, müəllif Arzu Soltanın (həm də İntiqam Soltanın həyat yoldaşıdır) "Xaş-xaşın göz yaşı" adlı əsəri hətta Türkiyədə əks-səda doğurub. Elçin Hüseynbəylinin "İmperator" əsəri, burada səhnələşdirilib. "Vətən", "Əkizlərin nağılı", "Məni xatırlayacaqlar", "Himn" və s. adlı tamaşalar səhnəyə qoyulub. Avropa Şurasının sifarişi ilə uşaq hüquqlarından bəhs edən "Şapalaqsız gün" əsəri oynanılıb. Bir sözlə, 2001-ci ildə yaradılan teatr tam gücü ilə işləyir. Təbii ki, böyük problemlərlə. Ən başda yer problemi, sonra avadanlıq və  maliyyə. Az qala hər tinində 10 toyxana olan bir şəhərdə yeganə uşaq teatrının binası yoxdur. Uşaqlar cırıldayan kreslolarda oturub, köhnə avadanlıqlar və o qədər də effektiv olmayan işıqlandırma sistemi ilə təchiz edilmiş kirayə binada onlara həyatı necə yaşamağı, ölkəni, dövləti necə sevməyi, pis vərdişlərdən necə uzaq durmağı öyrədən tamaşalara baxırlar.

"Bizi çox az adam tanıyır. Çünki reklamımız yoxdur. Reklamı təşkil etmək üçün külli miqdarda vəsait tələb olunur, bizim isə o qədər pulumuz yoxdur. Bizi yalnız könüllü olaraq, mətbuat tanıda bilər. Mətbuat isə sənətdən yazmağı çoxdan tərgidib. İndi mətbuatın əsas hədəfində şou-biznesdir". Bunu Uşaq Teatrının rəhbəri deyir.
"Sizin teatrın truppası" kimlərdən ibarətdir və nə üçün orada uşaq rollarını uşaqlar oynamır?" sualına İ.Soltan teatrın yaranma ideyasına ekskurs edərək cavab verdi. Sən demə, hələ 1989-1990-cı illərdə İntiqam bəyin təşəbbüsü ilə "Körpəm" eksperimental teatrı yaradılıb. Bu azyaşlı uşaqlardan ibarət bir teatr olub. Həmin vaxt uşaqlara sonralar iflasa məhkum edilən bir özəl bank məvacib də verirmiş. Sonra bankın acı taleyi teatra da sirayət edib. Həmin teatrın uşaqları indi peşəkar aktyorlardır. 2001-ci ildə həmin teatrın bazası əsasında BUŞ yarananda, dövlət tərəfindən maliyyələşib. Təbii olaraq, müvafiq qanunlara əsasən uşaqlar dövlətdən maaş ala bilməzlər. Ümid isə qalıb könüllülərə. Gərək uşaqlarda maraq ola, teatr da onları cəlb edə. Nəticədə də bizim istədiyimiz ola. Yəni həm uşaq teatrında uşaq rollarını böyüklər deyil, uşaqlar oynayar, həm də bu uşaqlar arasından gələcəyin peşəkar aktyorları yetişər.

Nazir deyir ki, daha yaxşının axtarışındadırlar

Bilməyənlərin menyüsünə: 2007-ci ilin 6 fevralında "Teatr və teatr fəaliyyəti haqqında" AR-nın qanunu qüvvəyə minib. Həmin qanunda teatr şəbəkələrinin yaradılmasından tutmuş, uşaq teatrlarının formalaşmasına, teatr binalarının tikilməsinə, dövlət tərəfindən bu sahəyə dotasiyaların ayrılmasına, teatr biletlərinin qiymətlərinin sərbəstləşməsinə, teatrların müstəqilliyinin təmin olunmasına qədər bütün pozitiv nüanslar yazılıb. Yəni qanun deyir ki, insanlara sərbəstlik verin, qoyun onlar azad teatr, azad truppa, azad tamaşalar yaratsınlar. Lazımsız qadağalar olmasın, dövlət isə davamlı olaraq bu sahənin inkişafına yardım göstərsin. Təbii ki, bu qanunun işləmə mexanizmi olsa, yəqin ki, xalqın canı yaxın 10-15 ilə məleykələrdən qurtular. İntiqam Soltan nazir Əbülfəs Qarayevdən bir misal gətirdi. Cənab nazir bir toplantıda deyib ki, dövlətin mədəni inkişafla bağlı proqramı ayaq üstədir. Gələcəyə optimist baxmaq lazımdır. "Biz dünən yol axtarırdıq, bu gün yaxşı yol axtarırıq. Dünən iş axtarırdıq, bu günsə yaxşı iş axtarırıq" - deyib Ə.Qarayev. Yəni iddia edib ki, onlar daha yaxşının axtarışındadırlar və həmin yaxşı da bir gün mütləq gələcək. Bizə də nazirə inanmaqdan və güvənməkdən başqa bir şey qalmır. Çünki biz heç vaxt yerdən təşəbbüs göstərmirik, həmişə gözləyirik ki, təşəbbüs haradansa yuxarılardan gəlsin. Varlılarımız imkan düşən kimi toyxana tikirlər, ya da uşaqlarının sünnətinə Cenifer Lopezi, Şakiranı, Beyonsu, nə bilim İbrahim Tatlısəsi-zadı gətirirlər. Teatr (tikmək) onların və uşaqlarının nəyinə lazımdır?! Neynək...

Mən yenə də iki ildən sonranın dərdini çəkməkdəyəm. Çünki iki ildən sonra uşağın səkkiz yaşı - yəni, kuklalardan ayrılan yaşı çatır. Onu hansı teatra aparacağam???


Ülkər Abdullayeva
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.