Cəmiyyət

Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı

24 Avqust 2026 14:33
Baxış: 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "MilliÖn"ün adından istifadə edilərək hazırlanan saxta ödəniş səhifələrini aşkarlayıb.

Milli.Az xəbər verir ki, ETX-in məlumatına görə, aparılan monitorinq zamanı istifadəçilərə cəmi 1 AZN qarşılığında 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif edən fişinq kampaniyası müəyyən edilib.

Dələduzlar "MilliÖn"ün rəsmi səhifələrini təqlid edərək million-az.shop və millionaz.site domenlərində saxta ödəniş səhifələri yaradıblar. Saytlarda istifadəçilərdən kart sahibinin adı və soyadı, kart nömrəsi, son istifadə tarixi, CVV kodu və telefon nömrəsi kimi məlumatlar tələb olunub.

MKA-nın texniki araşdırması göstərib ki, daxil edilən məlumatların real ödəniş sisteminə və ya banka ötürülməsi üçün heç bir mexanizm mövcud deyil. Əksinə, məlumatların üçüncü tərəfə, o cümlədən "Telegram" xidmətinə göndərilməsini təmin edən funksiya aşkarlanıb.

Araşdırma nəticəsində məlum olub ki, oxşar üsuldan "AzərPay" və "Ulduz Pay" adlarından istifadə edilən saxta səhifələrdə də yararlanılıb. Həmçinin kampaniya ilə əlaqəli internet-million.online, miillion.online, millionngb.com və azerpay-az-gb.site.je domenləri müəyyən edilib.

Mütəxəssislər bu cür kampaniyalarda təqdim olunan şübhəli keçidlərə daxil olmamağı və bank kartı məlumatlarını tanımadığınız saytlarda paylaşmamağı tövsiyə edirlər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.