Cəmiyyət

Atam işini layiqincə görürdü - Murad Heydərov

26 İyun 2026 23:23
Baxış: 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Atam işini həmişə layiqincə görür və bunu qəhrəmanlıq hesab etmirdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Murad Heydərov Azərbaycanın görkəmli dövlət xadimi, general-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş "Biz səni xatırlayırıq, Arif!" sənədli filminin premyerasında çıxışında bildirib.

Onun sözlərinə görə, atasının 100 illiyi münasibətilə ən böyük hədiyyə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir:

"Filmin çəkilişi zamanı arxiv sənədlərinə və konkret faktlara əsaslanmağa çalışmışıq. Filmin hazırlanmasında dəstək göstərən hər kəsə minnətdarlığımızı bildiririk. Biz bu filmdə Arif Heydərovun şəxsiyyətini daha dərindən açmağa, həmçinin onun fəaliyyət göstərdiyi dövrün ictimai-siyasi kontekstini göstərməyə çalışmışıq".

Murad Heydərov atasının vəfatından sonra Heydər Əliyev və ailəsinin onlara göstərdiyi diqqət və qayğıdan da danışıb. O bildirib ki, ailələri hər zaman Ulu öndər Heydər Əliyevin ailəsinin xüsusi dəstəyini hiss edib:

"Bildiyiniz kimi, atamın Heydər Əliyevlə sıx əlaqələri var idi. Onun vəfatından sonra Heydər Əliyevin ailəsi daim bizim yanımızda olub. Xüsusilə də Zərifə xanım Əliyeva bizə böyük qayğı göstərib."

Qeyd edək ki, premyera mərasimində Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin Fəxri Sədri Şamil Süleymanov və Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, yazıçı Çingiz Abdullayev də çıxış ediblər.

Çıxışlarda Arif Heydərovun Azərbaycan dövlətçiliyinə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının inkişafına verdiyi töhfələrdən, peşəkarlığından və dövlətə sədaqətindən bəhs olunub. Bildirilib ki, onun həyat və fəaliyyəti təkcə bir şəxsin taleyi deyil, həm də Azərbaycanın mürəkkəb ictimai-siyasi dövrünü əks etdirən mühüm tarixi mərhələdir. Natiqlər Arif Heydərovun İkinci Dünya müharibəsində, o cümlədən "Visla-Oder" əməliyyatında göstərdiyi xidmətlərə, sonrakı illərdə dövlət təhlükəsizliyi və daxili işlər orqanlarında uğurlu fəaliyyətinə diqqət çəkiblər. Çıxışlarda onun ölümünün səbəbləri ilə bağlı müxtəlif araşdırmalardan bəhs edilərək, bu hadisənin bütün istiqamətləri ilə araşdırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, sənədli filmin Arif Heydərovun həyat yolunu, şəxsiyyətini və fəaliyyət göstərdiyi dövrün tarixi-siyasi reallıqlarını gələcək nəsillərə çatdırmaq baxımından əhəmiyyəti qeyd olunub.

Filmin rejissorları Əlisəttar Quliyev və Rüstəm Babazadə, ssenari müəllifi Leonid Mleçindir. Filmin layihə rəhbəri isə Arif Heydərovun oğlu Murad Heydərovdur.

Filmdə Arif Heydərovun sevdiyi mahnı və musiqilərdən istifadə edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.