2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ixtisaslar üzrə yeni ballar belə olacaq:
Xoreoqrafiya sənəti (bakalavriat) - 50 bal, Aktyor sənəti (bakalavriat) -
100 bal, Rəqs müəllimliyi (orta ixtisas təhsili (11 illik)) - 40 bal, Rəqs müəllimliyi
( orta ixtisas təhsili (9 illik)) - 50 bal, Xoreoqrafiya sənəti (orta ixtisas təhsili (9 illik)) - 50 bal
Bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə "Xoreoqrafiya sənəti" ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər. "Xoreoqrafiya sənəti" ixtisasının milli rəqs, balet pedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələb edilən rəqslər aşağıdakı kimi müəyyən edilib.
Milli rəqs, rəqs müəllimliyi:
1. Lirik rəqs (qızlar (atributsuz) və oğlanlar üçün 1 rəqs )
2. "Yallı", "Qazağı", "Şalaqoy", "Qaytağı"(oğlanlar üçün 2 rəqs)
3. "Yallı", "Qaval", "Nəlbəki", "Yaylıqlarla rəqs" (qızlar üçün 2 rəqs)
Balet pedaqogikası:
1. "Karsar", "Don Kixot", "Jizel", "Şelkunçik", "Min bir gecə", "Qız qalası", "Yeddi gözəl" baletlərindən variasiyalar (3 rəqs)
Modern rəqs:
1. Müasir cərəyanlara aid müxtəlif xarakterli 3 rəqs.
Qeyd edək ki, "Xoreoqrafiya sənəti" ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklik edilməyib.
Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Teatr, kino və xoreoqrafiya sənəti" adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.
Milli.Az





