Cəmiyyət

Avtobusun döşəməsi çöktü, sərnişin yıxıldı – AYNA-dan CAVAB

22 Sentyabr 2025 17:05
Baxış: 337
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Bakıda sərnişin avtobusu yolda sıradan çıxıb.

Bu barədə hadisə şahidləri Milli.Az-a məlumat veriblər. Sözügedən şikayətlə bağlı AYNA-ya sorğu ünvanladıq. 

Sorğumuza cavab olaraq bildirildi ki, 123 nömrəli müntəzəm avtobuslardan biri Sumqayıtdan metronun "Azadlıq prospekti" stansiyası istiqamətində hərəkətdə olarkən sərnişinlər üçün nəzərdə tutulmuş ayaqlığı qırılıb. Avtobus depoya göndərilərək təmir olunub və yenidən fəaliyyəti bərpa edilib:

"Hazırda Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda müsabiqəyə çıxarılaraq balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Qeyd edilən marşrutun müvəqqəti istismarçısına da nöqsanların aradan qaldırılması, aavtobus parkının yenilənməsi və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilib. Daşıyıcı tərəfindən avtobus parkının yenilənməsi həyata keçirilməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılır". 

AYNA-dan həmçinin qeyd edildi ki, gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir.  Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.  2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu ərzisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.