Cəmiyyət

Azərbaycanın sirlər guşəsi Naxçıvanın gizli gözəllikləri - FOTOlar

16 Avqust 2025 12:30
Baxış: 651
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın qərbində yerləşən Naxçıvan Muxtar Respublikası həm təbii gözəllikləri, həm də zəngin tarixi irsi ilə ölkənin ən cəlbedici bölgələrindən biridir. Sakitliyi, təmiz havası və möhtəşəm dağ mənzərələri ilə seçilən bu diyar həm yerli, həm də xarici turistlərin maraq dairəsindədir.

Bəs Naxçıvan hansı gözəllikləri özündə cəmləyib? 

Milli.Az xəbər verir ki, Naxçıvanın simvoluna çevrilmiş Əlincə qalası son illərdə bərpa olunaraq turizmin əsas mərkəzlərindən birinə çevrilib. Qədim tarixə malik bu qala həm döyüş tarixinin şahidi, həm də möhtəşəm mənzərələrin müşahidə nöqtəsidir. Qalaya qalxan hər bir ziyarətçi həm tarixlə baş-başa qalır, həm də Naxçıvanın vadilərinə heyranlıqla baxır.

Təbiət sevərləri üçün Batabat yaylağı əvəzolunmaz məkandır. Üzərindəki üzən ada ilə tanınan Batabat gölü, yaz və yay aylarında əsrarəngiz gözəlliyi ilə fərqlənir. Bu ərazi həm də müalicəvi otları və təmiz havası ilə sağlamlıq turizmi üçün ideal sayılır. Göldə olan vəhşi yaşılbaş ördəklər isə suda rəqsi baxdıqca göz oxşayır. 

Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi isə təkcə region üçün deyil, bütün Qafqaz üçün unikal bir müalicə ocağıdır. Burada tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər üçün duzla müalicə proqramları tətbiq olunur.

Şəhərin özündə yerləşən Əyləncə Adası isə böyüklərin də uşaqlaşacağı bir məkandır. Burada olan atraksionlar, maraqlı təamlar və fərqli atmosfer insanı qısa da olsa öz uşaqlığına aparır. 

Şahbuzun ürəyi sayılan Ağbulaq isə əsrarəngiz təbiəti ilə necə deyərlər adamı özünə valeh edir. Bura hazırda sanatoriya kimi fəaliyyət göstərir. Turistlərin sözlərinə görə, qavırmanı məhz elə Şahbuzda yeyəsən gərək. 

Naxçıvana getmişkən Culfada olmamaq mümkün deyil. Araz çayının təzə balıqları, cəvizli çiy köftəsi, göbələkli xəngəlin ünvanı Culfa dağlar arasında sərin havası ilə insana özünü heç yad hiss etdirmir. Cəviz demişkən, burada olan yeməklər, qidaların çoxunda cəvizsiz mümkün deyil. Cəvizli dondurmasından danışaq ya cəvizli kofesinden hərəsinin öz yeri, dadı damaqda saxlayır. 

Ordubad isə meyvə bağları ilə nəinki tək Naxçıvanı, bütün Azərbaycanı özünə heyran edərək təmin edir. Ordubadın ətirli limonu, sucuqları, plovu, bulaqları dillər əzbəridir. 

Bundan başqa Noah peyğəmbərin türbəsi, Mömünə Xatun türbəsi, Əshabi-Kəhf mağarası kimi tarixi və dini məkanlar Naxçıvanın zəngin mədəniyyətini və inanc dünyasını əks etdirir.

Bu gün Naxçıvan həm qədim tarixini qoruyub saxlayan, həm də müasir infrastrukturla inkişaf edən bir bölgədir. Regionun yolları, turizm obyektləri, mədəniyyət mərkəzləri və otelləri turistlər üçün yüksək səviyyəli xidmət təklif edir.

Naxçıvanı ziyarət edən hər kəs buradan təəssüratlarla dolu, ruhən dinlənmiş şəkildə ayrılır. Həm sakitlik, həm də komfort axtaranlar üçün bu qədim diyar əsl sığınacaqdır.

Aysel Əkbər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.