Cəmiyyət

ABŞ azərbaycanlı tələbələr üçün ən cəlbedici istiqamətlərdən biri olaraq qalmaqdadır - Huqo Gevara

17 May 2025 12:45
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ azərbaycanlı tələbələr üçün ən cəlbedici istiqamətlərdən biri olaraq qalmaqdadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara Bakıda keçirilən "EducationUSA" təhsil sərgisində çıxışı zamanı bildirib.

"ABŞ - ali təhsil almağa can atan azərbaycanlı tələbələr arasında ən cəlb edici istiqamətlərdən biri olub və hal-hazırda qalmaqdadır da. Son illər ABŞ-də oxuyan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb", -deyə o bildirib.

Gevaranın sözlərinə görə, 2023-2024 tədris ilində ABŞ-da Azərbaycandan olan 1130 tələbə təhsil alıb. Bu əvvəlki illə müqayisədə 25,4% çoxdur.

"Artıq ardıcıl 4-cü ildir ki, bu cür əhəmiyyətli artım müşahidə olunur. Bu rəqəmlər Amerika təhsilinin keyfiyyətinə olan artan marağın və etibarın təzahürüdür", - deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, azərbaycanlı tələbələr ABŞ-də təhsil alanda onlar təkcə ali təhsil almırlar, eyni zamanda ölkənin mədəniyyət səfirlərinə çevrilirlər, yeni dostluq əlaqələri qururlar, vətənə gələcəkdə Azərbaycan üçün faydalı ola biləcək yeni ideyalarla qayıdırlar.

"Və onlar bu məsələdə tək deyillər - əksər tələbələr ABŞ universitetlərini ona görə seçirlər ki, Amerika təhsil sahəsində dünya lideri olaraq qalmaqdadır. ABŞ-da dünyanın ən yaxşı ali təhsil ocaqlarından biri yerləşir, habelə çoxsaylı təqaüd proqramları, o cümlədən ayrı-ayrı təhsil müəssisələri tərəfindən verilən və ya müxtəlif idman növləri üzrə verilən təqaüdlərin olduğu təqaüd proqramları var", -deyə Gevara bildirib.

Diplomat qeyd edib ki, ABŞ-da 5 000-dən çox universitet və kolleci var və onların hər biri müxtəlif təhsil proqramları təklif edir.

"Haradan başlamaq lazım olduğunu anlamaq bəzən çətin olur. Məhz buna görə ABŞ səfirliyi EducationUSA proqramını dəstəkləyir; proqram tələbələrə uyğun təhsil müəssisəsi və proqram seçməkdə kömək edir", - Gevara bildirib.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika Beynəlxalq Təhsil Şurası ilə birgə ABŞ-da təhsil almağa maraq göstərən orta məktəb şagirdləri, tələbələr və onların valideynləri üçün "EducationUSA" məzunları sərgisini təşkil edib.

Tədbirdə 30-dan çox stend təqdim olunub; ABŞ universitetlərinin azərbaycanlı məzunları və səfirliyin nümayəndələri elmi və incəsənətdən tutmuş biznes və dövlət siyasətinə qədər müxtəlif sahələrdə ABŞ-da təhsil imkanları, eləcə də mübadilə proqramları barədə təcrübə və məlumatlarını bölüşürlər.

Sərgi tələbə və valideynlərə bakalavriat, magistratura və mübadilə proqramları da daxil olmaqla, ABŞ-da təhsil haqqında birbaşa məlumat əldə etmək imkanı yaradır. Səfirliyin konsulluq əməkdaşları da sərgidə iştirak edərək tələbə vizaları barədə məlumat verirlər.

1993-cü ildən etibarən 8 000-dən çox azərbaycanlı ABŞ hökuməti tərəfindən maliyyələşdirilən 50-dən artıq mübadilə proqramında iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.