Cəmiyyət

Erməni müəlliflərinin kitabları bir-birinə istinadən, həqiqətə uyğun olmayan "faktları" tirajlayır - Kamran İmanov

22 Aprel 2025 12:31
Baxış: 76
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprel ayı həqiqi mənada əqli mülkiyyətin, müəlliflik hüququnun təntənəli ayıdır. Əqli mülkiyyətin sosial-iqtisadi həyatımızda ildən-ilə artan əhəmiyyəti və nüfuzu, yaradıcılıq əməyinin xüsusi yer tutmasını qeyd edirik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri bu gün Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri" mövzusunda konfransda söyləyib.

O qeyd edib ki, müasir dünyada əqli mülkiyyətin əhəmiyyəti və rolu dayanmadan artır.

"Belə ki, son 15 ildə əqli mülkiyyətin əsasını təşkil edən qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıq böyüyüb. Nəticədə 2024-cü il üçün 7 trilyon ABŞ dollarına çatıb. Özü də dünya üzrə verilən patentlərin üçdən bir hissəsi rəqəmli texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım göstərir. Nəticədə innovasiyalar inkişaf edirlər, dəyişirlər və sənaye innovasiyaları ilə birləşirlər. Üstəlik aparat və proqram təminatı arasındakı fərq, sərhəd silinir. Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır. Belə ki, dərc olunan və millli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyon ədədə yaxındır. 2021-ci ildə 2,41 milyon ədəd kitabdan Avropanın payı 53,5%, Asiya 35,0%, Şimali Amerika 8,8%, Latın Amerika, Karib hövzəsi və Okeaniya - 2,7%. Ən çox kitabların sayı Çin, Almaniya, ABŞ, Britaniya, Yaponiya və Koreya ölkələrindədir. Beləliklə, bu tədbirin keçirilməsində məqsədimiz əqli mülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir. Bu tədbiri biz Qərbi Azərbaycan İcması ilə birlikdə keçirdirik və bu gün bizim təşkilatlar arasında yaranan işgüzar və səmərəli təcrübəmizi rəsmi sənəd vasitəsilə xoş niyyətlərimizi təsdiq etmək fikrindəyik", - o bildirib.

Sədr qeyd edib ki, Əqli Mülkiyyət Agentliyi aprel ayında üç beynəlxalq tədbirdə fəal iştirak edib: belə ki, aprelin 10-da Cenevrə şəhərində keçirilən ÜƏMT-nin Müəlliflik hüququ Daimi Komitəsində "Süni intellekt və əqli mülkiyyət" prezentasiyası ilə ölkəmizin bu sahədə atılmış addımlarla beynəlxalq cəmiyyəti tanış edib, aprelin 17-də Cenevrədə keçirilən "ÜƏMT-nin İKT liderlərinin dialoqu" adlı beynəlxalq konfransda agentliyin nümayəndələri təmsil olunub, aprelin 21-də Moskva şəhərində ənənəvi təşkil edilən məşhur "Автор/Author - 2025" beynəlxalq konfransda əsas məruzəçilər qismində "Melodiya, harmoniya və ritmlərin başında duran yaradıcılıqdır" geniş prezentasiya-təqdimatla iştirak edib.

Bununla belə aprelin sonu əqli mülkiyyət aləmində əlamətdar dövrdür - həmin günlər - UNESCO-nun elan etdiyi 23 aprel - "Ümumdünya kitab və Müəlliflik hüququ Günü"dür və ÜƏMT tərəfindən dünya üzrə qeyd edilən 26 aprel - "Beynəlxalq əqli mülkiyyət Günü"dür. Bu əlamətdar günlərin təntənəli şəkildə qeyd olunmasında Azərbaycan artıq böyük təcrübəyə malikdir: 1997-ci ildən başlayaraq, 28 ildir ki, Kitab və Müəlliflik hüququ bayramını biz qeyd edirik və 2001-ci ildən başlayaraq, 24 ildir ki, əqli mülkiyyətin təntənəli günləri bizim ölkədə keçirilir.

"Ən vacibi odur ki, 9 il ənənəyə çevrilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" və hər il "və ya" sözləri yeniləşən bu konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur. İkinci ildir ki, həmin günlər tam suverenliyini bərpa edən qalib xalqın və müzəffər millətin nümayəndələri, bütövlüyünü bərpa edən doğma Vətənimizin hər bir guşəsində qeyd edirlər".

K. İmanov vurğulayıb ki, heç təsadüfi deyildir ki, məşhur türk irsi "Qutadqu-bilik"də qeyd olunduğu kimi, "Səadətə aparan əqldir".

"Doğrudan da hər şey kitabdan başlayır və hər şey kitabdadır. Burada məşhur Lixtenberqin sözünü xatırlayaraq, deməliyik ki, "İnsanlar necədir, yazdıqları kitablar da elədir".
Bir həqiqətdir ki, tarixə aid yalanlarla dolu keçmişin və müasir erməni müəlliflərinin kitabları çoxsaylı olaraq, bir-birinə istinadən, həqiqətə uyğun olmayan "faktları" tirajlayır və bununla "ermənisayağı mənbə", yəni "dəlillər" sistemi yaratmaqdadır. O ki qaldı böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməniçilik saxtakarlığı dayanır. Lakin məşhur Servantes demişkən, "Don bəzəyər də, ifşa edər də". Mifologiyaya əsaslanan "böyük torpaqlar" stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn "böyük erməni mədəniyyəti", "sivilizasiyanın ilk erməni ocağı" mədəni oğurluqları erməniçilik təfəkküründə "təbiilik" və "legitimlik" qazandırır. Mif stereotipləri müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərir. İki mif - Şərqi Armeniya və Qərbi Armeniya miflərini xatırladaq. Ümumiyyətlə, erməniçilik sayca neçə Armeniya adlı toponim işlədir? Armenistlərin yazı ənənəsini qoyan "erməni tarixinin atası" M.Xorenski V və ya VII əsrlərdə, bəlkə də XIV əsrdə (əslində müəlliflik və yazı tarixi sual altında qalır) yazdığı "Патмутюн Хайоц" ("Hayların tarixi"), "İncili" təftiş, "Xalqlar cədvəli"nə Hayk, Armenak və s. fantomları daxil edərək, hay etnosunun Sakalara, Qəmərlilərə qohumluğunu çatdıraraq, hətta Torqom (Toqarma) əcdadlarına (türk soy-kökü) çevirərək, 5 Armeniya (1-4 və yunan) iddiasını irəli sürmüşdü. İki əsr sonra isə A.Şirakatsi öz "Aşxaratsuyts"unda ("Coğrafiya") müəllif kimi artıq 8 Armeniya vermişdi, indi isə "Armeniya"ların sayı 35-ə çatıb. Bəs neçə dənə "Armeniya" adlı dövlət mövcud idi? Bugünkü dövlətləri istisna olmaqla, heç bir dənə. "Armeniya" adı ilə tarixdə qələmə verilən dövlətlər isə haylar yox digər xalqlar yaratdığı və başçılıq etdiyi dövlətlərdir. S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti "Ermənistan" adlandırmaqdan ibarətdir", - o bildirib.

K.İmanov qeyd edib ki, 2023-cü ilin əvvəllərində Armeniyada bir ictimai struktur peyda olunub, özü də adı çox gurultuludur - "Gardman-Şirvan-Naxçıvan Ümumerməni ittifaqı". Fəallığı müxtəlif bəyanatlarla, beynəlxalq strukturlara müraciətlərlə və təbii olaraq, mediada, müsahibələrdə saxta, uydurmalara əsaslanan məlumatların yayılması və ölkəmizin daim pisləməyi ilə səciyyələnir. Məqsədi isə, bəyan etdikləri kimi, yaranan ictimai birlik 1988-1992-ci illərdə Azərbaycanın müxtəlif regionlarından Armeniyaya köçən hay-ermənilərin hüquqlarının müdafiəsi ilə bağlıdır.

"Əslində isə təşkilatın yaranması 2022-ci ilin sonunda Qərbi Azərbaycanın icmasının formalaşmasına "simmetrik cavabdan" ibarətdir. Erməni müxalif mediasında qeyd olunduğu kimi, təşkilatın peyda olmaq təşəbbüsü baş nazir N.Paşinyanın təşəbbüsüdür və bu struktura başçılıq edən şəxs "Mülki saziş" hakim partiyanın üzvü, deputat, Bakıda doğulan və Paşinyanın yaxın adamı olan Vilen Qabrielyandır. "Ümumerməni İttifaqı" yalnız və yalnız işlənmiş silaha - plagiata əsaslanır və Qərbi Azərbaycan icmasının qanuni və dəlillərə əsaslanan addımlarını təkrarlayır. Ümidvaram ki, bu konfrans tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla erməni mifomaniyasını ifşa etmək missiyasının davamıdır", - o bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.