Cəmiyyət

Qış turizmini canlandırmaq üçün bunları etmək lazımdır - AÇIQLAMA

27 Fevral 2025 14:01
Baxış: 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanın turizm sektoru xüsusilə 2011-ci ildən sonra sürətli inkişaf yoluna qədəm qoymuş və 2019-cu ildə rekord göstəricilərinə çatmışdır. Ölkədə beynəlxalq tədbirlərin ardıcıl keçirilməsi ölkənin qlobal turizm bazarında tanıdılması məqsədilə həyata keçirilən layihələr bu inkişafda mühüm rol oynamışdır. Lakin pandemiyanın təsiri ilə 5 ildir ki, 2019-cu ilin göstəriciləri təkrarlana bilmir. Bəzi rəqib ölkələr - Türkiyə və Gürcüstan isə 2019-cu il turizm nəticələrini geridə qoymuşdur".

Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, bunun səbəbləri arasında əsasən, ölkənin quru sərhədlərinin bağlı olması və turizm sektorunda dövlətin hələ də yüksək rolu xüsusi yer tutur.

"Əgər bu ölkələrdə də sərhədlər bağlı olsaydı və dövlət sektorda bu qədər təsirli olsaydı, onlarda da artım dinamikası olardı. Ancaq turizm sektorunun özəl təsərrüfat subyektləri tərəfindən idarə olunması inkişaf üçün vacibdir. Dövlətin isə yalnız tənzimləyici rolunu yerinə yetirməsi lazımdır.

Azərbaycanda 2009-cu ildə Şahdağda qış turizm kompleksinin inşasına başlanmış, 2015-ci ildə isə qapalı səhmdar cəmiyyəti yaradılmışdır. Lakin bu cür strukturların fəaliyyətinin turizmin inkişafına mənfi təsir etdiyi müşahidə olunmaqdadır. Statistikalar da bunu təsdiq edir. Bu cür mərkəzlərin böyük vəsaitlərlə yaradılması, lakin özünü də saxlayıb inkişaf etdirə bilməməsi büdcə xərclərinin artmasına səbəb olmuşdur. Məsələn, 2021-ci ildə dövlət tərəfindən Şahdağ Turizm Mərkəzinə 14 milyon manat, 2022-ci ildə isə 12 milyon manat vəsait ayrılmışdır. Bununla yanaşı, 2016-cı ildən 2023-cü ilin sonuna qədər bu mərkəzin zərəri 103 milyon manatı keçib.Dünya təcrübəsi göstərir ki, özəl fəaliyyətin mümkün olduğu sahələrdə dövlət nəzarətinin yüksək olması, inkişafı ləngidir və büdcənin yükünü artırır. Bu səbəbdən dövlətin idarəetmə rolunun tənzimləyici səviyyəyə endirilməsi və özəl sektorun rolunun artırılması vacibdir".

Ekspert qeyd edir ki, Cənab Prezidentin Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı ilə görüşü və bu görüşdən sonra turizm sektorunda özəl sektorun payının artırılması və rəqabət mühitinin gücləndirilməsi məqsədilə aparılacaq tədbirlər ölkəmizin turizm sektorunun xüsusilə də qış turizminin inkişafına müsbət təsir göstərəcəkdir.

"Azad edilmiş ərazilərin turizm potensialı ölkənin digər əraziləri ilə müqayisədə daha yüksəkdir. Bu ərazilərin uzun müddət əlçatan olmaması onları daha cəlbedici və maraqlı etmişdir. Ancaq burada da müasir turizm mərkəzlərinin yaradılması və dövlətin nəzarətində olması iqtisadi faydanın əldə olunmasında risklər yarada bilər. Bu səbəbdən bu ərazilərin potensialını canlandırmaq və qış turizminin inkişafını təmin etmək üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərilməsi daha sonra isə prosesin özəl sektora tam ötürülməsi daha effektiv və dayanıqlı nəticələr verə bilər.

Bütün bunlar turizm sektorunun inkişafını sürətləndirəcək və ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəkdir".

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.