Yadıma "İncil"dən oxuduğum bu sözlər düşür: "Qapını döy, açılacaq".
Bir şam yandırıb, sakitcə dayanıb dua etməyə başlayırsan. Sanki sözləri sənə kimsə deyir. Ulu Yaradana sakitliklə pıçıldayırsan bu sözləri - Hifz et bizi, Tanrım! Biz kilsədəyik.
Bu Bakıdakı ən böyük kilsələrdən biridir - Rus Pravoslav kilsəsi. Kilsənin qapısına vurulan lövhədə isə "Rus Pravoslav kilsəsi Bakı Xəzəryanı Yeparxiyası" yazılıb. Kilsə açıq mavi rəngi və incə memarlıq üslubu ilə kənardan baxanlara gəl-gəl deyir. Həyətdəki iri ağacın kölgəsinə qoyulan oturacaqda oturan qadın kitab oxuyur. Pəncərədən rahibin qəfil-qəfil uca səsi eşidilir. O, duanı nəğmə kimi oxuyur.
Cadu edib, düyünlərə üfürənlərin şərindən qoru!
Bakıya gəldiyim birinci ili daha çox məni məscidlər və kilsələr özünə çəkirdi. Paytaxtda ucalan bu məbədlərə tez-tez baş çəkirdim. Metronun "28 May" stansiyasının yaxınlığında yerləşən göy rəngli bu kilsəyə isə ilk gəlişimə səbəb çalışdığım qəzetlərdən birinə ünvanlanan şikayət məktubu oldu. Ətrafda yaşayan qonşular, sadəcə ibadətə çağıran zəng səslərinin həddindən artıq uca olduğundan gileylənirdilər. Amma mən o günü bu kilsənin çölündəki krantlardan axan sərin sudan içib, həyətinə qoyulan oturacaqda əyləşib xeyli dincəldim. Sonra kilsəyə girib dua etdim. Deyəsən, niyə gəldiyimi unutmuşdum axı.
Amma o zamandakı kimi indi də kilsədə məni narahat edən qapıda gözləyən qadınlar oldu. Çünki onların söhbətinə qulaq verəndə bura cadu üçün gəldiklərini eşitmişdim. Dünən də eyni mənzərənin şahidi oldum. Deyəsən, rəfiqə idilər. Geyimli-kecimli, makiyajlı-qirimli bu xanımlar cadu əməliyyatını uğurla həyata keçirdiklərindən və sevindirici nəticəsindən danışırdılar. Artıq bura dəfələrlə gəldikləri və gəlişlərinin səbəbinin ancaq cadu daşımaq olduğunu söhbətlərindən anladım.
Bunu hamı bilir axı, buraya cadu sındırmaq, ev təmizlətdirmək və bədnəzər götürmək üçün gələnlərin sayı ibadətə gələnlərlə müqayisədə çoxdur, lap çox. Hətta müqəddəs evə də ancaq cadu pitik iddiası ilə girmək nə qədər cahillikdir ilahi!
Yadıma müqəddəs "Quran"ın Fəlaq surəsi düşdü: "Cadu edib, düyünlərə üfürənlərin şərindən qoru!"
Tanrı evinin oxşarlığı
Gerçəkdən deyim ki, eyni halı məsciddə də müşahidə etmişəm. Bu el arasında "Göy Məscid" kimi tanınan "Əjdərbəy" məscidində baş vermişdi. Məsciddəki mollanın qapısı ağzında beş-altı qadının toplaşdığını görüb yaxınlaşdım. Qıpqırmızı, ətli, nursuz sifətindən tər axan molla lap qabaqda gözləyən dar, qısa yubkalı, tatuaj qaşlı qadına bir ovuc üçbucaq bükülmüş kağız (Bu, İkinci Dünya Savaşı zamanı həlak olanların evinə göndərilən qara kağıza bənzəyirdi) verib, sonra hamısının təyinatını izah elədi. Çox gülməli mənzərə idi. "Birini başının altına qoyarsan, birini suya salıb içərsən, birini də qapının ağzına basdırarsan". Daha sonra üzündən ifritəlik tökülən ortayaşlı bir qadın yaxınlaşdı. Molla ona verdiyi "qara kağız" haqqında qəribə məsləhətlər verdi: "Bu qırmızı kağızı suya sal, ver ərin içsin, ondan sonra yatarsız, suyun qalanını səhər pəncərədən çölə atarsan".
Şeytansifət molladan kağız alan qadınlar onun dilənçi əli kimi açılan ovcuna pul basdıqca cadugərin gözləri gülürdü. Növbə mənə çatanda namaz qılmaq üçün gəldiyimi dedim. Cin vurdu mollanın təpəsinə: "Cəhənnəm ol, get qıl da namazını, məni niyə güdürsən?"
Məscidlərlə kilsələrin oxşarlığı bununla da bitmir. Hər iki məbədin qarşısında həmişə ehtiyacı olanlar oturub, əllərini gələnlərə açırlar. Kilsə qapısının ağzında oturan iri cüssəli qadın şəklini çəkdiyimi görəndə dilini saxlamadı. Bir-iki söyüş söydü, özümü eşitməzliyə vuranda, çağırıb şəkli niyə çəkdiyimi soruşdu. Qəzetdən gəldiyimi deyəndə,söyüşü buraxıb, qarğışa başladı: "Mənim şəklimi qəzetə versən, səni Allaha tapşıracağam".
Yeri gəlmişkən, onu da qeyd edim ki, kilsə qapısında oturanlar, məscid qapısında oturanlara nisbətən bir az mülayim dilənirlər. Qoca, qırmızı, taxta sifətli qarı qoluma toxunub yavaşca "Allahı sevirsən, kömək et!" deyir. Məscidlərin yolunda və qapısında dayananlar isə sənə ehmalca toxunub, üzünə mərhəmətlə baxıb, əllərini sakitcə uzatmırlar. Eh, nə deyim e, siz ki, onların davranışının dəfələrlə şahidi olmuşsunuz.
Bu zaman kilsədəkilərlə məsciddəkilərin daha bir oxşarlığını kəşf edirəm. Kilsədəki baş rahib də elə bizim mollalar kimi yekəqarın, cüssəlidir. Çox amansız baxışları var. Üzündən qətiyyən mərhəmət yağmır. Amma xəyalımdakı rahib ucaboylu, çəlimsiz, sarısaçlı, mavi gözlüdür. Bunu ağlıma salan isə Viktor Hüqodur. Bu görünüş "Səfillər"dəki yepiskopa məxsusdur.
Aha, indi xatırladım. Axı o yepiskopun bənzərini görmüşdüm reallıqda. Bu metronun "Nizami" stansiyası yaxınlığında yerləşən kilsədəki rahibdir. Ucaboylu, mavi gözlü, sarı saçlı, gözlərində dərindən dərin mərhəmət və daim yerə dikilmiş baxışlar. Onunla baş vermiş qəribə bir əhvalatı isə heç vaxt unutmuram. Bu barədə mütləq yazacağam.
Kilsədə küncə qoyulan oturacaqda oturub ibadət edənlərə baxıram. Alaqaranlıq otaqda oturacaqda məndən başqa da kiminsə oturduğunu indi hiss etdim. Bu iki gözü əlil, çəlimsiz, ortayaşlı bir kişidir. Çantamdan çəkib məni səsləyir: "Allaha dua edirəm ki, gözümün nuru olmasa da, qəlbimin nurunu əskik etməsin. Allah bizi qəlbi nursuzlardan qorusun!" Müsəlman olduğunu deyir. Evi yaxınlıqda olduğu üçün dua etməyə kilsəyə gəlir: "Hər ikisi Tanrının evidir, fərq etməz, əsas niyyətdir".
Kilsələr işğal məqsədilə tikilsə də...
Ş.Əzizbəyov küçəsi 205 ünvanında yerləşən kilsənin tarixçəsi haqqında müxtəlif məlumatlar var. Əslində XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması ölkəmizdə pravoslavlığın yayılmasına təkan verdi. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi.
Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edildi. Yəni, bu kilsələrin inşasında məqsəd təkcə Allaha ibadət etmək deyildi. Çarın işğalçılıq siyasətinə xidmət edən kilsə inşası yerli əhalidə heç bir şübhə oyatmırdı.
Qeyd edək ki, bu sahədə ilk addımı 1815-ci il yanvarın 1-də Şamaxı quberniyasının general-qubernatoru N.F.Rtişev atıb. Onun sərəncamı ilə Bakıda ilk rus pravoslav kilsəsi "Müqəddəs Nikolay" ucaldıldı. Bu məbəd on il ərzində tikildi və 1898-ci ildə pravoslavların ixtiyarına verildi.
XIX əsrdə Bakının dünya neft sənayesinin mərkəzinə çevrilməsi buraya xeyli sayda əksəriyyəti ruslardan ibarət fəhlə qüvvəsinin axışmasına səbəb oldu, gələnlər artdıqca kilsələr də artdı. Ölkənin müxtəlif şəhərlərində, o cümlədən Bakı, Gəncə, Şamaxı və Xaçmazda pravoslav məbədləri tikilirdi. Təkcə Bakıda 17 kilsə var idi. Onların arasında "Mixail-Arxangel", "Müqəddəs Məryəmin miladı", Biləcəridə "Müqəddəs Varfolomey", Sabunçuda "Misirli Makari", Bayılda "Mitropolit Aleksi" və Bakı dəmiryol pravoslav kilsələrini qeyd etmək olar. Tarixdə isə yazılır ki, Rus pravoslav xristian icmasının böyüməsi və onların dini həyatlarının tənzimlənməsi ilə bağlı 1905-ci ildə Bakı arxiyerey kafedrası (yeparxiyası) təsis edildi. Daha sonra bu idarənin yepiskopları "Bakı və Xəzəryanı" adı ilə çağırıldı. Yeparxiyanın tərkibinə Xəzər dənizinin qərb sahili boyu olan pravoslav təsisatları daxil idi. Lakin biz adını çəkdiyimiz kilsənin üstündəki lövhədə bu tarix 1905-ci il kimi göstərilməyib. Siz şəklə baxanda tarixin saxtalaşdırıldığını görəcəksiniz.
Azərbaycanda bolşevik inqilabı qələbə çalandan sonra məscidlər və kilsələr dağıdıldı. Bakıdakı 17 kilsədən yalnız üçü qaldı, qalanlarının fəaliyyəti qadağan edildi, keşişlər isə repressiya qurbanı oldular.
1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası fəaliyyətini bərpa etdi.
Hazırda ölkəmizdə altı pravoslav məbədi fəaliyyət göstərir ki, onlardan üçü Bakıda yerləşir.




