Cəmiyyət

Azərbaycanın füsunkar təbiəti...

19 İyun 2012 20:43
24 Şərh     Baxış: 50 537
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Dağlar qoynunda qərar tutan Yardımlı üç tərəfdən - şimal, qərb və cənubi-qərbdən İranla həmsərhəddir. Ərazisi 667 km/2, əhalisi 52 min nəfərdir. Yardımlının olduqca füsunkar təbiəti, qonaqpərvər və mehriban insanları var. Yardımlıya yolu düşən hər bir müsafirin bu bölgə haqqındakı xoş xatirələri ömrü boyunca yadından çıxmaz.

Uzun illər diqqətdən kənarda qalan bu rayon barədə ilk təəssüratlar, təbii ki, Yardımlının atributu sayılan, Masallı-Yardımlı yolunun 25-ci km-də qərar tutan, hündürlüyü 34 metr olan ikimərtəbəli şəlalədən başlayır. 1500 metr yüksəklikdəki füsunkar Yardımlı şəlaləsini görməyə hər il çoxlu sayda yerli və xarici turistlər gəlir.

Yardımlının qədim yaşayış məskəni olması, tarixi abidələri, dağ və meşələrlə əhatələnmiş füsunkar təbiəti, sərin bulaqları, uzunömürlü insanları mərhum şairimiz Xəlil Rza Ulutürkün də diqqətini çox cəlb etmişdi. Şair bu gün ucqar sayılan Yardımlının, əslində ucqar olmadığını öz şeirində belə qələmə almışdı:

Kimdir ucqar deyib bizi sızladan?
Biz ki, hüdudsuzuq yerlə, göy kimi.
Bağlanmış yolları Təbrizə çatan
Bir əli dənizdən-dənizə çatan

Yardımlı Vətənin ortasıdır ki...

17 milyon il əvvəlin "Balıq daş"ı

Yardımlıda hər daş, hər təpəcik öz sinəsində tarix gizlədir, qədim tarixi abidələr bu yerlərin uzaq keçmişindən xəbər verir. Yardımlı rayonu üzrə yaşı əsrlərlə ölçülən və dövlət tərəfindən qorunan 92 tarixi abidə var. Əgər təsadüfən yolunuz Yardımlıya düşsə, mütləq rayon Diyarşünaslıq muzeyinə baş çəkin. Bu muzeydə saxlanılan 6 minə yaxın eksponatdan 4 mini muzeyin əsas fondunu təşkil edir. Muzeyin direktoru Əli İskəndərovun verdiyi məlumata görə, burada eramızdan əvvəlki III minillikdən tutmuş müasir dövrümüzü əks etdirən eksponatlar toplanıb. Muzeyin eksponatlarını gözdən keçirərkən təsadüfən 17 milyon il yaşı olan, 2004-cü ildə tapılmış, ciddi və nəfis şəkildə qorunan bir nadir tapıntıya - "Balıq daş"a rast gəldim. Muzey direktoru bildirdi ki, Geologiya İnstitunun əməkdaşları tərəfindən verilən rəydə "Balıq daş"ın geoloji dövr olan "maykop" dövrünün yadigarı olduğu qeyd olunub: "Bu nadir tapıntı "Avaraq" adlı ərazidə tapılıb. Həmin ərazilər vaxtilə su olduğundan onu deməyə əsasımız var ki, "Balıq daş" insan əməyinin məhsulu deyil".

Yardımlıdakı digər məşhur tarixi abidələrdən 100-150 min il əvvəl insanların yaşadığı "Alar mağarası"nı, VII-VIII əsrə aid gözətçi-müdafiə qalası olan "Qız qalası"nı, Moran dağının ətəyindəki VIII-IX əsrə aid edilən "Düzünqala"nı, Ökü kəndindəki 1230 il yaşı olan Çinar (koğuşuna 20-30 adam yerləşir), Arus kəndi yaxınlığındakı XIV əsrə məxsus Abidərdə (bəzi mənbələrdə Abidərzə, və ya Abazərdə kimi göstərilir) türbəsini göstərmək olar.

Yardımlının qədim yurd yerlərindən olduğunu xarabalıqları qalan Avaraq kəndindəki daş kitabələr, Şiləvəngə kənd qəbiristanlığındakı İslamaqədərki dövrü əks etdirən yazılı qəbir daşları və s. təsdiq edir. Avaraqdakı qəbir daşlarının birinin üzərində (sinə daşında) böyük türk sufi-mütəfəkkiri Bəyazid Bistaninin müdrik kəlamı qeyd edilib: "Nə baxırsan mənə, vaxtilə mən sənə baxan kimi". Qəbirlərin həcmi, burada dəfn edilmiş insanların çox igid cüssəyə malik olduğunu göstərir.

Rayonun siması dəyişməkdədir

Son illər Yardımlıda xeyli dəyişikliklər baş verib. Rayonun siması, demək olar ki, bütünlüklə dəyişib. Hazırda burada ciddi abadlıq və yenidənqurma işləri aparılır. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bu posta aprelin 10-da təyin edilib, ancaq bu qısa zamanda görülən işlər göz qabağındadır. Deyirlər, hər şey yoldan başlanır. Başçı da rayonun 90-a yaxın kəndini əhatə edən və uzunluğu 157 km olan kəndlərarası yollardan başlayıb. Hazırda Hamarkənd-Abasabad kənd yolu və şəhərin dağılmış yolları təmir olunur. Qəzalı elektrik dirəkləri əsaslı surətdə dəyişdirildiyindən elektrik fasiləsiz olaraq verilir. Rayonda su problemini həll etməkdən ötrü 14 kəndin su təminatı barədə "Azərsu" Səhmdar Cəmiyyəti qarşısında ciddi məsələ qaldırılıb.

Yardımlıya Lerik rayonu ərazisindən çəkilmiş 25 km-lik qaz kəməri şəhər və ətrafdakı bir neçə kəndin mavi yanacağa olan tələbatını tam ödəməyə imkan verir. Hazırda qazlaşdırma işləri ətraf kəndlərdə də davam edir. Əngöül kəndinin 42 ailəsinə elə bugünlərdə qaz verilib.

Rayonda məktəb binalarının tikintisi də sürətlə aparılır. Belə ki, Hazırda Ostair, Alçabulaq, Şəfəqli kəndlərində orta məktəb, Gügavar və Gendərə kəndlərində isə ümumi orta məktəb binasının tikintisi davam edir.

S.Hətəmovun dediklərindən: "Yardımlı uzun illər baxımsız vəziyyətdə qalıb, problemlər çoxdur. Ancaq bir neçə ildir ki, bu rayonda ciddi dəyişikliklər baş verməkdədir. Əhalinin bəyəndiyi, dəstəklədiyi dəyişiklikləri biz də davam etdirəcəyik. Yeni iş yerləri açmaq hesabına rayondan başqa yerlərə iş dalınca gedənləri geri qaytarmaq niyyətindəyik. İndi vəziyyət elədir ki, bəzən işçi qüvvəsi tapa bilmirik".

Taxılı əkib-biçmək bu rayonda böyük əmək tələb edir. Texnika çatışmazlığı üzündən əkinin vaxtında əkilib-biçilməsi isə problemlər yaradır. Ötən il texnika çatışmadığından bir sıra kəndlərdə əhali taxıl əkə bilməmişdi. İcra başçısı deyir ki, bu problem yaxın günlərdə müsbət həll olunacaq.

Palıd, fıstıq, vələs, şabalıdyarpaq palıd kimi nadir ağaclarla zəngin olan Yardımlı meşələri tükənmək üzrədir. Bir vaxtlar adamın ürək eləyib girmədiyi qalın meşələr büsbütün "keçəlləşib". Vaxtilə meşə fondu 22 min ha olan Yardımlıda indi bu rəqəm 20 min ha-ya yaxındır.

Yerli əhalinin yanacaq kimi yalnız meşələrdən istifadə etməsi meşələrin kütləvi qırılmasına səbəb olur. Ancaq son illər Yardımlıya qaz çəkilməsi meşələrin məhv olmasının qarşısını ala biləcəyinə ümid yaradır.

Yardımlıda söhbətləşdiyim yerli sakinlər rayonda gedən quruculuq işlərilə bağlı fikirlərini yazmağımı xahiş etdilər. Onların dediklərindən anladım ki, rayonun ictimai-siyasi və sosial-iqtisadi mühitindəki bu ab-hava hamının ürəyincədir: "Son vaxtlar rayon rəhbərliyi, xüsusən icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Yardımlının inkişafıyla bağlı bütün təklif və tövsiyələri dinləməyə, qəbul etməyə hazır olduğunu bildirib. Bu da faktdır ki, rayon rəhbərliyi ilə vətəndaşlar arasında hər hansı gərginlik yoxdur".

Yardımlıya ikinci avtomobil yolu çəkilir

Vaxtilə mövcud olmuş, hazırda avtomobillərin hərəkəti üçün yararsız vəziyyətə düşən Cəlilabad-Yardımlı yolu yenidən qurulur. Yeni yol çəkilişi "Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir. 80-ə yaxın dağ kəndlərinin ərazisindən keçən bu yolun tikintisi başa çatdıqdan sonra Cəlilabaddan Yardımlıya gedən məsafə 30 kilometr qısalacaq. Layihə-smeta dəyəri 82 milyon manat olan yolun 51 kilometri Cəlilabad, 21 kilometri isə Yardımlı rayonunun ərazisindən keçəcək. Eni 12 metr, asfalt hissəsi 7 metr olan yolun ilk beş kilometri üçüncü, qalan hissəsi isə dördüncü dərəcəyə uyğun tikilir. Cəlilabad-Yardımlı avtomobil yolunun bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

Tarixlərin tutqun yolu, duman yolu - Deman yolu

Sərhəd rayonu kimi strateji əhəmiyyətə malik olan Yardımlının İran-Azərbaycan sərhədində yerləşən 32 kəndi 1947-1953-cü illərdə deportasiyaya məruz qalıb. Stalin dönəmində baş verən bu köçürmə 1944-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin "Hərbi sərhəd zonasından kəndlərin köçürülməsi haqqında" qərarına əsasən həyata keçirilib. Həmin kəndlər dövlət sərhədindən kənarda olsalar da, sərhəd zolağının genişləndirilərək neytral zona yaradılması üzündən tikanlı məftillərin arxasında qalmışdı. Bu siyasətin məqsədi İranla olan coğrafi yaxınlıqdan ərazinin təhlükəsizliyini qorumaq idi. Köçürülən kəndlərin sakinləri Yardımlının Çay-üzü, Ünəç, Əsədabad kəndlərinə, eləcə də, Cəlilabad, Masallı, Lənkəran, Şirvan, Salyan və s. rayonlara deportasiya olunmuş, kəndlərə məxsus torpaq sahələri isə Dövlət Fondunun hesabına keçirilmişdi.

Yardımlının köçürülən kəndlərindən biri məşhur Deman kəndidir. Bədnam "köçürmə siyasəti" nəticəsində kəndin 600 nəfərlik əhalisi bütünlüklə Şirvan şəhərinə deportasiya olunmuşdu. Hətta bu günümüzdə Şirvan şəhərində demanlılardan ibarət məşhur "Demanlılar məhəlləsi" mövcuddur.

Deman müstəqillik illərində qismən bərpa olunub, köhnə kəndin xarabalıqlarının yaxınlığında xeyli yeni evlər tikilib. Qəribədir ki, sakinlər doğma kəndlərinə sərhəd zastavasını xüsusi icazə ilə keçməklə gedə bilirlər.

Ərdəbilin 20-25 km-liyində yerləşən Demandan Savalan dağını rahatca seyr etmək olar, əgər duman Savalanın üzünü örtməyibsə. Qədim yaşayış məskəni kimi Demanla bağlı əhali arasında müxtəlif rəvayətlər dolaşır. Rəvayətlərdən birində deyilir ki, Şah İsmayıl Xətai buralara yaylağa gələndə bir çobanın qızına aşiq olur. Xətai bu qızla evləndikdən sonra onun şərəfinə Demanda bir qala tikdirir. Həmin qalanın qalıqları indiyədək qalmaqdadır. Deyilənlərə görə, Xətai bu yerlərə tez-tez gələrmiş. Hətta orucluqda iftarını Demandakı Gözə bulağının suyu ilə açarmış. Yardımlı qəsəbəsini ikiyə bölən Viləş çayı da başlanğıcını məhz Gözə bulağından götürür.

Deman Təbriz-Naxçıvan və Təbriz-Bərdə qədim karvan yollarının keçdiyi ərazi kimi də məhşurdur.

Əfsanəvi Yardımlı meteoriti

Ötən əsrin ikinci yarısında Yardımlıda baş vermiş bir hadisəni şahidlər həmişə həyəcanla xatırlayırlar. Söhbət 1959-cu ilin 24 noyabrında saat 7:05-də baş vermiş əfsanəvi Yardımlı meteoritindən gedir. Keçmiş SSRİ ərazisinə düşən 3-cü böyük meteorit sayılır. Bu həm də Azərbaycana düşən ilk dəmir meteoritdir.

Hadisənin şahidlərinin dediyinə görə, həmin gün Arus və Ciy kəndlərinin yaxınlığına düşmüş dəmir meteorit əhalini əməlli-başlı qorxudub. Sıx duman olmasına baxmayaraq, meteorit düşərkən təqribən 2800 km/2 sahədə güclü işıqlanma yaradıb və bu 5-10 saniyə davam edib.

Tərkibi nikel qrafiti, silisium, alüminium, maqnezium, helium və germaniumdan ibarət meteoritin 152.56 kq, 127 kq, 11.3 kq, 5.9 kq, 2.3 kq və 0.36 kq-dan ibarət 6 qəlpəsi tapılıb. Ən böyük qəlpələr o dövrdə SSRİ EA Meteorit Komitəsinin muzeyinə aparılıb...

"Vətən bağı" al-əlvandır
Yox üstündə Xarı bülbül


Yəqin ki, "Xarı bülbül"ün Yardımlıda da bitdiyini oxuyub təəccüblənəcəksiniz. Axı "Xarı bülbül"ün vətəni Qarabağdır. Açığı, mən özüm də Yardımlıda "Xarı bülbül"ün bitdiyini eşidəndə təəccüblənmişdim. Amma bu bitki artıq bir neçə ildir ki, Yardımlıda bitir.

Görünür, yaz ayları Yardımlı təbiəti nazlı gəlin kimi gülə, çiçəyə büründüyündən Qarabağda əsir düşmüş "Xarı bülbül"ün Yardımlıda bitdiyindən kimsənin xəbəri olmayıb. "Xarı bülbül"ü Yardımlıda ilk dəfə "kəşf" edən rayonun Bozayran kəndində yaşayan, hazırda şəhər kitabxanasının müdiri işləyən tələbə dostum Gündüz Manafov olub. O adi bir təsadüf nəticəsində elə yaşadığı evdən bir az aralı "Xarı bülbül"ə rast gəlir. Əvvəlcə bu gülün "Xarı bülbül" olduğuna inanmır. "Xarı bülbül" haqqında məlumatları oxuyub şəklini, quruluşunu müqayisə edib tam əmin olandan sonra bu barədə danışmağa başlayır.

Bir dəfə Laçın alayının keçmiş komandiri Arif Paşa ilə Yardımlıya getmişdik. O, rayon mərkəzində maşından düşəndə kövrək səslə dilləndi: "Necə də Laçına bənzəyir, buralar. Relyefi də, daşı da, kəsəyi də, Laçını xatırladır mənə. Torpağın ətri də Laçındakı kimidir. Mən belə oxşarlığı heç yerdə görməmişəm". Ona "Xarı bülbül"ün bu yerlərdə də bitdiyindən danışanda inanmadı. Əlimdə dəstələdiyim "Xarı bülbül"ü Arif Paşaya sarı uzatdım. Hərbçilərə xas təmkin nümayiş etdirsə də, gözlərindəki yaş gilələrini gizlədə bilmədi...

"Ekspress"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.