Ölkə

Yusif Səmədoğlunun qızı Humay Vəkilova: "Hər an evə girib, atamı apara bilərdilər"

17 Avqust 2025 20:28
Baxış: 583
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Görkəmli ictimai xadim, Xalq yazıçısı Yusif Səmədoğlu 16 avqustda həyatla vidalaşıb. Yazıçının 90 illik yubileyi də məhz bu ilin 25 dekabrına təsadüf edir. Hər iki tarixi qeyd etmək təkcə Vəkilovlar nəsli üçün deyil, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və cəmiyyəti üçün önəmlidir.

Milli.Az yazıçının xatirə günü ərəfəsində "Kaspi" qəzetində dərc olunan Yusif Səmədoğlunun qızı Humay Vəkilova ilə müsahibəni təqdim edir:

"Heç vaxt işlərimizə qarışmazdı"

- Adətən Yusif Səmədoğlu haqqında böyük qızı Mehriban xanım danışır. Bu dəfə bu missiya sizin üzərinizə düşdü. Çətindirmi?

- Təbii ki, çətindir... Bizdə ata da bir az müsahibələrdən qaçırdı. O ailəni təmsil etmək çətindir, gərək layiqincə danışasan. Həm də mən ədəbiyyatdan uzaq adamam. Bu üzdən də çətindir. Bir də vaxt keçdikcə çox xatirələr unudulur...

- Yusif müəllimin ocağında iki qız övladı böyüyüb. Biz onu böyük şairin oğlu, tanınmış ictimai xadim, Milli Azadlıq Hərəkatının öncüllərindən biri, millət vəkili, nəhayət bir yazıçı kimi tanıyırıq. Amma siz övladı olduğunuz üçün onu daha yaxşı xarakterizə edə bilərsiniz...

- Bilirsiniz, atam haqqında düşünəndə həmişə deyirəm: o, demokrat idi. Heç vaxt işlərimizə qarışmazdı. Kiminlə telefonla danışırsan, məktəbə getdin-getmədin, gündəliyini gətir baxım, rəfiqələrinlə görüşdünmü - belə şeylər olmayıb. Çox zarafatcıl, mehriban insan idi.

- Bu münasibət "onsuz da heç nə deməyəcək..." - deyə sizdə bir qədər arxayınlıq və ya sərbəstlik yaratmırdımı?

- Qətiyyən... Məktəbi necə lazımdırsa oxuyub bitirdik, ali məktəbə qəbul olduq. Bacım filologiya ixtisasını bitirdi, amma ailə həyatı qurduğu üçün işləmədi. Mən də anamın istəyi ilə həkim oldum. Mən indi də işləyirəm. "Vaqif 30" ünvanında yazıçıların binası vardı. Bütün yazıçı və şairlərin övladları orada yaşayırdı. Biz orada böyümüşdük, sonra bu binaya köçdük. Bizim indiyə qədər "WhatsApp"da "Vaqif 30" adlı qrupumuz var, indi də bir-birimizlə görüşürük. Bəlkə atam bu baxımdan qarışmayıb: bilirdi ki, kimlə oturub-dururuq. Evdə nizam-intizamı anama tapşırmışdı. Anam bizə nəzarət edirdi və o, bir az sərt idi. Atam daha çox oğlan nəvələrinə görə narahat olurdu.

- Bəs məktəbdə, universitetdə Səməd Vurğunun nəvəsi olmaq sizə hansı "imtiyazları" qazandırırdı?

- Əlbəttə, buna görə xüsusi hörmət olurdu. Küçədə bizi "Səməd Vurğunun nəvələridir" - deyə əllə göstərirdilər. Amma biz bundan istifadə etmirdik. Düzdür, biz babanı görməmişdik, heç anam da görməyib. Səməd Vurğun nəvə üzü görmədi. Atamın da ən qorxduğu bu idi, "Birdən nəvə görmərəm", - deyə narahat olurdu. 50 yaşında bu qorxu atamda daha çox idi. Bu yaşı adlayandan sonra, həmişə deyirdi: şükür, nəvələrimi gördüm. Xəstəxanada ağır xəstə olanda biz uşaqlarla onu yoluxmağa gedirdik. "Uşaqları bura gətirməyin", - deyirdi. Bir-iki dəfə də doluxsundu. İstəmirdi ki, uşaqlar onu elə ağır vəziyyətdə görsünlər.

- Yusif müəllim xəstə olanda "dursam nə edəcəyəm?" - deyə arzulayırdı?

- Bu sözü demirdi. Yəqin vəziyyətini başa düşürdü. Onda intuisiya çox güclü idi. Bir dəfə "görəsən, mən niyə belə oldum?" - dedi. Biz onun sağalmağı üçün nələr etmədik? Bəxtiyar Vahabzadə atamla bağlı Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. O, atanı Almaniyaya müalicəyə göndərdi. Burada "Leçkomissiya"da da yatdı. Amma müalicələrin heç bir faydası olmadı... Atamın ölümündən sonra onun iyini bibim Aybənizdən, nənəm Xavərdən, əmim Vaqifdən alırdıq. Heç kəs qalmadı...

"Evimizə tez-tez zəng edib "Cəlalı olar?" - deyə soruşurdular"

- Yusif müəllim sizə "anam" deyirmiş. Bu, nənəniz Xavər xanıma oxşarlığınızla bağlı idi, ya sadəcə atanızın əzizləməsi idi?

- Mən və əmim qızı Nigar indi daha çox bibimiz Aybənizə oxşayırıq. Yadımdadır, Elçin Əfəndiyev həmişə bizə gələrdi. Mən onlar üçün həvəslə buterbrodlar hazırlayırdım. Bacım Mehriban da edirdi, amma atam mənə "anam, ondan hazırla" -deyirdi. Bəlkə sonbeşik idim, ona görə...

- Sizin adınız Səməd Vurğunun məşhur "Komsomol poeması"ndandır. "Yeddi oğul istərəm" filminin ssenari müəllifi də atanız olub. "Humay"la bağlı bir xatirəniz varmı?

- Aygün, Mehriban, Humay adları Səməd Vurğunun əsərlərindən götürülüb. Atam məni "Yeddi oğul istərəm"in çəkilişlərinə aparırdı. Biz balaca idik, amma çəkilişlərdə iştirak edirdik. Atam məni kinostudiyaya da aparırdı. Mən o aktyorları çəkiliş zamanı görürdüm. Sovet dövrü idi. Film ekrana çıxandan sonra böyük rezonans doğurdu. Evimizə tez-tez zəng edib "Cəlalı olar?" - deyə soruşurdular.

"Sən getdin, biz neynərik..."

- Atanız Səməd Vurğun haqqında nələr danışırdı?

- Adətən atası haqda çox az danışırdı. Ola bilsin, atasını gənc yaşında itirməsi ona da ağır idi. Atası haqda olan verilişlərə də çox vaxt baxmırdı. Təsəvvür edin, o, atasının ölümündən sonra Moskvada institutu atıb gəldi, nənəmi tək qoymaq istəmədi. Kaş görəydiniz, nənəm Xavər necə xanım-xatın bir qadın idi. Onun elə xatirələri vardı ki...

- Yusif Səmədoğlu dünyasını dəyişəndə siz ona məktublar, şeirlər yazmısınız. O şeirlərin taleyi necə oldu?

- Mən o şeiri yuxuda gördüm. Hələ atamın 40-ı çıxmamışdı. Vaqifə verdim, oxuyub bəyəndi. Sonra "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadəyə verdik. O da atama həsr olunmuş nömrədə çap etdi. Sonra atama məktublar yazırdım.

- Nə yazırdınız?

- "Sən getdin, biz neynərik" və s. Atamı itirmək bizim üçün çox ağır idi. Bacımla oturub "bir pis hərəkətini yadımıza salaq, bir az sakitləşək" - deyə özümüzə təsəlli axtarırdıq. Atam xəstə olanda "Leçkomissiya"nın baş həkimi "hələ belə övladlar görməmişəm" - deyə anama söylədi. Biz atamıza çox bağlı idik. Bilmirəm, bu onun insanlığı ilə bağlı idi, ya başqa səbəb vardı. Onun ölümündən bir şok keçirib o məktubu, sonra şeirlər yazdım. Yasa gələnlərdən soruşurdum ki, mən nə vaxt yüngülləşəcəyəm? Deyirdilər, bir ildən sonra...

- Bir ildən sonra necə oldu, sakitləşdinizmi?

- Zaman... O hər şeyi yerinə qoyur, bütün yaraları sağaldır. Düzdür, indi də ağırdır. Siz indi o yazını xatırladınız, mən həmin məktubu yazanda yaşadığım hissi keçirdim...

- Amma heç biriniz ata-baba yolunu davam etdirib ədəbiyyatçı olmadınız...

- Axı o istedad yoxdur. Gərək layiqincə onları təmsil edəsən, amma o istedad yoxdur.

- Atanızın ən çox hansı xüsusiyyəti sizə keçib?

- Demokratlıq... Mən də uşaqlarıma qarşı eləyəm. Maşallah, ikisi də ailə sahibidir. Atam nəvələrini dəlicəsinə sevirdi. Mən də, bacım da eləyik. İndi bacım ABŞ-yə - oğlunun yanına gedib. Orada nəvəsi var. Biz atamız kimiyik, nəvələrdən doymuruq. Böyük bacımın oğlu atama çox oxşayır.

"Həmin tədbirdə atam demişdi ki, bilirəm, 62 il yaşayacağam"

- Yusif Səmədoğlu özünü yazıçı, yoxsa millət vəkili kimi daha rahat hiss edirdi?

- Daha çox fotoqraf kimi. Onun maraqlı kolleksiyası vardı. Bir dəfə Milli Məclisdən onun sərgisini də təşkil etdilər. Bizi qəfildən çəkirdi. Daha sonra plyonkaları aşkarlayırdı. Ailədə elə şəkillərimiz var ki... Evimizdə akvarium vardı. Balıqları yemləyəndə biz də ona kömək edirdik. Bizim itimiz, tutuquşumuz, kirpimiz də vardı. Atamın heyvanlara olan sevgisi bizə keçmişdi. O, bu işlərdən zövq alırdı. Atam sadə insan idi. Adamlarda da sadəliyi sevirdi. Dostları balıqçılar, fotoqraflar idi. Yadımda ən çox qalan onun dalbadal bir neçə stəkan çay içməsidir.. Çayxor idi. Dəhlizdən gəlib baxışı ilə çay istəməsi həmişə gözümün qabağındadır. Atamın musiqi alətində gözəl ifa etməyi vardı. Bir də eşidərdin o biri otaqdakı sintezatorunda "Sarı gəlin"i, "Tut ağacı boyunca"nı çalır. Heyif ki, biz o ifaları yazmırdıq. Elə bilirdik ki, atamız 100 il yaşayacaq. Ağlımıza gəlməzdi ki, onu belə tez itirəcəyik. İndi buna görə çox təəssüflənirəm. Atamın 50 illik yubileyində Heydər Əliyev də iştirak edirdi. O, atanı çox istəyirdi. Həmin tədbirdə atam demişdi ki, bilirəm, 62 il yaşayacağam. 63 il yaşadı...

"Hər halda, atamın xidmətləri çox olub"

- Yusif Səmədoğlunun yaxın dostları arasında Anar, Elçin və başqaları olub. Bu yaxınlarda Elçin dünyadan köçdü...

- Atam yadıma düşdü... Bir də Anar müəllimə kövrəldim. "Mən sonuncu yaxın dostumu itirdim" - dedi. Bizim evdə Elçin, Maqsud İbrahimbəyov, Eldar Quliyev, İmran Qasımov, İsmayıl Şıxlı, Emin Sabitoğlu olurdu. Atam İsmayıl Şıxlı ilə, Anarla demək olar ki, hər gün söhbət edirdi. Xalq Cəbhəsinin üzvləri bizə gəlirdi. Bacımın toyunda Əbülfəz Elçibəy də iştirak edirdi.

- Atanızın ölümündən sonra dostların da ayağı kəsildi?

- Nənəm həmişə deyirdi ki, Səməd Vurğun rəhmətə gedən kimi mənim telefonum susdu. Bizim telefon da susdu. Amma atam İmran Qasımovla yaxın dost idi. Hər yeni ildə onun həyat yoldaşını təbrik edirdi. Bizdə isə telefon susdu...

- Yusif Səmədoğlunun "Deyilənlər gəldi başa" romanı çap olunub. Ancaq o, bu əsəri bitirməmişdi...

- Bitirə bilmədi, xəstələndi. Həm də atam bir az tənbəl idi. Vəfatından sonra biz onun kompüterindən materialı götürüb yarımçıq əsər kimi çap elədik. Biz Vaqifə "bəlkə sən bitirəsən" dedik. Əmim "heç vaxt, qoy belə qalsın..." - deyə qəti etiraz etdi.

- Şəxsi əşyalarını muzeyə vermisiniz?

- Şəxsi əşyaları Səməd Vurğunun Ev-muzeyindədir. Biz nazirliyin dəstəyi ilə muzeydə bir guşə yaratdıq: yazı masası, əlyazmaları, fotoaparatları, trubkaları oradadır. Nə qədər sağıq, vaxtında muzeyə verdik. Orada qalsa yaxşıdır. İndi bibimin oğlu Vurğun muzeyinin direktorudur. Atam Moskvada Yevgeni Yevtuşenko ilə oxuyub. O, bir kitabını mənimlə bacıma həsr edib. Həmin kitabı da muzeyə vermək istəyirəm.

- Dekabr ayında 90 illik yubileyi olacaq. Yubileyi necə qeyd etməyi düşünürsünüz?

- Bu, bizim işimiz deyil. Bu barədə yəqin Yazıçılar Birliyi düşünər. Hər halda, atamın xidmətləri çox olub. Elə 20 Yanvar hadisələrini xatırlayaq. O hadisələr zamanı çox sarsılmışdı. Canlı yayımda bütün dünyaya baş verənlər haqqında car çəkmək böyük cəsarət tələb edirdi. Atamla Bəxtiyar Vahabzadə heç nədən qorxmadan insanları qırğından qorumağa çalışırdılar. Hər an evə girib, atamı apara bilərdilər. Atam vətənini olduqca çox sevirdi. Həmişə deyirdi ki, vətənimi qoyub heç yerə getmərəm. O vaxt məni də, bacımı da oxumağa Azərbaycan bölməsinə yazdırdı. Elə dövr idi ki, rus bölməsində oxuyanlar bizə yuxarıdan aşağı baxırdılar. Mən Tibb Universitetində oxuyanda bunu yaşamışam.

Atam az yaşadı, amma çox iş gördü. Bizdən də çox razı getdi. "Mən bu qızları min oğula dəyişmərəm", - deyirdi. Biz ona oğul da, ana da olmuşuq. Ona övlad kimi necə lazımdırsa qulluq edirdik. Bizi çağıran kimi qulluğunda dururduq. Bir tərəfdən xoşbəxtəm ki, belə ata ilə ünsiyyətdə olmuşam.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.