İslam dininə qarşı irəli sürülən qərəzli ittihamlardan biri də budur ki, guya İslam dini qadının bütün hüquqlarını əlindən alır və onu ictimai fəaliyyət göstərmək imkanından məhrum edir.
Bu fikrin nə dərəcədə yanlış olduğunu başa düşmək üçün müqəddəs Qur"ani-Kərimin ayələrinə, Peyğəmbərin və imamların hədislərinə diqqət yetirmək, habelə İslam tarixini qısaca vərəqləmək kifayətdir.
Erkən İslam dövründə qadınların müxtəlif fərdi və ictimai həyat sahələrində fəal iştirakı inkaredilməzdir. Nümunə üçün müsəlman qadınların çoxşahəli fəaliyyəti barədə mö"təbər tarix kitablarında qeyd edilmiş bə"zi konkret faktları diqqətinizə çatdırırıq.
a) DÖYÜŞ VƏ ƏMNİYYƏT SAHƏLƏRİNDƏ
Rəvayətlərə görə, Həzrət Məhəmməd peyğəmbər (s) hər dəfə müharibəyə gedərkən püşk atıb qadınlarından birini də özü ilə aparırdı. Məsələn, Bəni-Müstəliq savaşında peyğəmbərimizin həyat yoldaşı Aişə (r.ə.) də iştirak etmişdi. Bu müharibələrə xeyli səhabə qadını da qatılırdı. Onların əsas işi yaralılara tibbi yardım etmək, ərzaq təchizatı ilə məşğul olmaq, sursatı qorumaq idi. Cihad və müharibə qadına vacib olmasa da, ilk müsəlman qadınların bə"zisi ön cəbhədə də şücaət göstərirdi.
Xəndək müharibəsində Rüfeydə adlı bir müsəlman qadın yaralılara yardım edirdi (bax: Müslim - "Cameüs-Səhih"). Sə"ləbənin qızı Ümmi-Əmin Bərkə əksər müharibələrə qatılır, Hüneyn, Ühüd və Xeybər döyüşlərində müsəlman əsgərləri üçün ön cəbhəyə su daşıyırdı.
əbdülmüttəlibin nəslindən olan Ümmi-Rəmisə adlı qadın Xeybər müharibəsində müsəlman qoşununun tərkibində idi. Cəhəş qızı Həmnə adlı başqa bir cəsur qadın isə Ühüd savaşında ön cəbhədəki əsgərlərə su daşıyırdı.
Həzrət Məhəmməd peyğəmbər (s) Xeybər savaşına yola düşərkən Bəni-Qəffar qəbiləsindən olan bir neçə qadın xahiş etdi ki, yaralılara qulluq və s. xidmətləri yerinə yetirmək üçün onların da orduya qoşulmalarına icazə versin. Peyğəmbər icazə verdi və həmin qadınlar da ordu ilə birlikdə yola düşdülər.
Xeybər qalaları fəth edildikdən sonra Peyğəmbər qənimətləri bölərkən, qadınları yaddan çıxarmadı və onlara da döyüşçü kimi (kişilərlə bərabər səviyyədə) qənimət payı ayırdı. Həmin qadınlardan biri Xeybər müharibəsində qənimət aldığı boyunbağını ömrünün sonuna kimi yadigar kimi saxlamışdı. (bax: İbn Hişam - "Siyrətün-nəbəviyyə" ("Peyğəmbərin həyatı")).
Peyğəmbərin səhabələrindən olan Kə"b ənsarinin qızı Nəsibə bə"zi müharibələrdə bir döyüşçü kimi iştirak edirdi. Peyğəmbərin vəfatından sonra baş vermiş döyüşlərdə də Nəsibə ön cəbhəni tərk etmirdi. Hicrətin 11-ci ilində yalançı peyğəmbər Müseylimə ilə aparılan Yəmamə savaşında Nəsibə 12 yara almışdı.
Bu müharibədə Nəsibənin bacısı, əri, Həbib və Abdullah adlı iki oğlu da iştirak edirdilər. Nəsibə öz oğlu Həbibi elə tərbiyə etmişdi ki, o, düşmənə əsir düşsə də, dinindən dönmədi və dözülməz işgəncələr altında (onun bədən üzvlərini bir-birinin ardınca kəsirdilər) şəhid oldu.
Kə"b qızı Nəsibə ilə bağlı bunu da demək yerinə düşər ki, hicrətdən öncə Mədinə əhalisi Məhəmməd peyğəmbəri (s) öz şəhərlərinə də"vət etmək üçün Məkkəyə iki il ardıcıl surətdə nümayəndə hey"əti göndərəndə, ikinci nümayəndə hey"ətinin tərkibində olan iki nəfər qadından biri də Nəsibə idi. "əqəbə bey"əti" adlanan bu görüş zamanı Peyğəmbər nümayəndə hey"ətinin bütün üzvlərindən bey"ət (tabeçilik əhdi) aldı. Maraqlı cəhət budur ki, Həzrət Peyğəmbər kişilərlə yanaşı, qadınlardan da bey"ət almışdı. Bu fakt sübut edir ki, Peyğəmbər yalnız kişilərin deyil, qadınların da rə"yinə əhəmiyyət verir, onları cəmiyyətin tam hüquqlu üzvü hesab edirdi.
Qeyd etmək lazımdır ki, Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatından sonra da müsəlman qadınların döyüşlərdə iştirakı zəifləmədi. 636-cı ildə bizanslılarla müsəlmanlar arasında baş vermiş Yərmuk savaşında əvvəlcə bizanslılar üstünlük qazandılar.
Müsəlman əsgərlərin bir hissəsi qaçmağa doğru üz qoydu. Bu zaman Ümmi-Həbib adlı bir qadın dəmir dəyənəklərlə silahlanmış müsəlman qadınları öz arxasınca apararaq, düşmənə həmlə etdi. Cəsur qadınlar özləri vuruşa-vuruşa qaçan müsəlman əsgərlərini danlayıb döyüşə ruhlandırdılar. Bunun nəticəsində müsəlmanlar cəsarətə gəlib döyüş meydanına qayıtdılar və hücuma keçib düşməni geri oturtdular. Həmin döyüşdə Yəzid qızı əsma bizanslılardan doqquz nəfəri öldürdü. Ümmi-Həkim Məxzumiyyə adlı bir qadın isə çadırın dirəyini silah kimi işlədərək, yeddi nəfər düşmən əsgərini həlak etdi.
Bəni-Qəffar qəbiləsindən olan Leyla adlı qadın hələ Peyğəmbərin sağlığında döyüşlərdə iştirak edirdi. Təqribən 30 ildən sonra İmam Əli (ə) Cəməl döyüşünə gedərkən Leyla da onun qoşununun tərkibində idi. Ümumiyyətlə, Həzrət əlinin (ə) Cəməl və Siffeyn müharibələrində xeyli qadın iştirak edirdi (Məsələn, Ümmi-Zərihül-əbdiyyə, Bəkareyi-Hilaliyyə və b.) İmam əli (ə) Cəməl döyüşündə qalib gəldikdən sonra tapşırmışdı ki, Bəni-əbdül-Qeys qəbiləsindən olan 70 nəfər cəsur qadın kişi libası geyinsin və əsir düşmüş qadınları öz şəhərlərinə kimi müşayiət etsin. Hətta "mö"minlər anası" Aişə əvvəlcə bu əsgərlərin kişi olduğunu zənn edib narahat oldu, amma sonra məsələni başa düşüb sakitləşdi (bax: Yə"qubi - "Tarix"; Şeyx Müfid - "İrşad").
Hicrətin ilk əsrində bə"zi cəsur və şücaətli qadınlar əmniyyət və nəzarət sahəsində də xidmət edirdilər. Belə qadınlardan biri - Nüheylə qızı Səmra əsədiyyə qalın hicab və üz örtüyünə bürünərək Mədinə bazarında dayanır, camaata uca səslə nəsihət və moizə edir, ticarətdə saxtakarlıq edənləri əlindəki şallaqla cəzalandırırdı. Bə"zi rəvayətləri görə, hətta Məhəmməd peyğəmbər (s) Abdullah qızı Şəfa adlı bir imanlı və cəsur qadını çarşı-bazar (bazar rəisi) vəzifəsinə tə"yin etmişdi. Şəfa xəlifə Ömərin hakimiyyəti dövründə də bu vəzifəni yerinə yetirirdi (bax: İbn əbdilbərr - "əl-İsti"ab").
b) İDARƏÇİLİK VƏ TAKTİKİ SAHƏLƏRDƏ
Müsəlman qadınların bə"ziləri döyüş taktikasını və hərbi fəndləri gözəl bilir, kiçik dəstəyə sərkərdəlik etməyi də bacarırdılar.
Müğeyrə ibn Şö"bənin başçılığı ilə müsəlman qoşunu Sasani İranı ilə döyüşərkən, xeyli müsəlman qadın da kişilərə kömək edirdi. Döyüşün qızğın çağında Sasanilər arxadan müsəlmanlara zərbə vurmağı planlaşdırırlar. Düşmənin taktikasından xəbərdar olan Haris qızı əzdə qadınlarla məsləhətləşərək operativ qərar qəbul edir. Müsəlman qadınlar başlarındakı örpəkləri çıxarıb nizələrin ucuna bağlayır və xeyli uzaqda cərəyan edən döyüş səhnəsinə doğru irəliləyirlər.
Sasanilər uzaqdan, təpələr arxasından yüksələn nizələrə bağlanmış örpəkləri bayraq zənn edərək, müsəlmanların köməyinə yeni dəstələr gəldiyini düşünürlər. Qorxuya düşmüş düşmən özünü itirir və məğlub olur. Beləliklə, əzdənin tətbiq etdiyi hərbi fənd müsəlman qoşununun qələbəsinə səbəb olur.
v) ƏDƏBİYYAT SAHƏSİNDƏ
İslam dini qadınların ədəbi iste"dadlarının inkişafı üçün də şərait yaratmışdır. İslamın ilk illərindən başlayaraq, müsəlman qadınlar, xüsusilə Qüreyş xanımları arasında bacarıqlı natiqələr, iste"dadlı ədibə və şairələr yetişməyə başlamışdır.
Onların dilindən çıxan, müxtəlif dini hadisələrin tarixi təsvirini əks etdirən şe"r nümunələri həmin hadisələri öyrənmək üçün əvəzsiz tədqiqat materialları hesab edilə bilər. Qüreyş qadınlarının ədəbi əsərlərində aydın məntiq, güclü emosiya, hadisələrə orijinal baxış tərzi, müxtəlif poetik ifadə vasitələrinin bolluğu duyulmaqdadır.
İslamın ilk dövrlərində yaşamış ədibə və şairə Qüreyş xanımlarından aşağıdakıların adı xüsusi qeyd edilməlidir: Həzrət Məhəmməd peyğəmbərin (s) bibiləri Səfiyyə. Atikə və ərva, Peyğəmbərin həyat yoldaşları Aişə (r.ə.) və Ümmi-Sələmə (r.ə.), Peyğəmbərin qızı Həzrət Fatimeyi-Zəhra (ə), Həzrət əlinin (ə) həyat yoldaşı və əbülfəzl Abbasın anası Ümmül-Bənin, İmam Əlinin (ə) qızları Zeynəb və Ümmi-Külsum, İmam Hüseynin (ə) həyat yoldaşı Rübab, qızları Fatimə ilə Səkinə və b.
Peyğəmbərin vəfatından sonra Fatimeyi-Zəhra (ə) çox tə"sirli mərsiyələr demişdir. Bu mərsiyələrin birində o öz kədərini belə ifadə edirdi:
"Əhmədin (yə"ni Məhəmməd peyğəmbərin (s)) qəbrinin torpağını iyləmiş adam qalan ömrü boyu heç bir ətir iyləməsə də olar.
Müsibətlər mənim üzərimə hücum çəkdi; əgər işıqlı gündüzlər belə müsibətlərə mə"ruz qalsaydı, qaralıb gecəyə dönərdi.
Canım bu qəm-qüssə ilə birlikdə sinəmdə həbs olub; kaş elə onunla birlikdə sinəmdən çıxaydı...
Sənin məhəbbətin mənə güc gələndə qəbrinin üstə ağlayıram, amma mənə cavab vermirsən...
Özün torpağın altında olsan da, xatirən yenə qəlbimdədir" (bax: Məhəmməd Dəşti - "Nəhcül-həyat").
Kərbəla faciəsindən sonra İmam Hüseynin (ə) bacıları Zeynəblə Ümmi-Külsumun dediyi mərsiyələrdə həm aşura hərəkatının mahiyyəti, həm də bu hadisənin dəhşəti hiss edilir.
Peyğəmbərin və İmam əlinin (ə) səhabələri arasında Qüreyşdən olmayan bə"zi qadınlar da şe"r və sənətdə iste"dad sahibi idilər. Məsələn, əbuzərin həyat yoldaşı Ümmi-Zər, Xüzeymə ibn Sabitin qızı Səbiə, Səfvan qızı Ümmi-Sənan, əsvəd qızı Ümmül-Heysəm, Bəkareyi-Hilaliyyə və b. (bax: İbn Həcər - "əl-İsabə").
q) XƏTTATLIQ VƏ KATİBLİK SAHƏSİNDƏ
Hicrətin I əsrində çoxlu müsəlman qadın yazıb-oxumaq bacarır, Qur"an nüsxələrini, dua mətnlərini köçürməklə məşğul olurdu. Peyğəmbərin dövründə yaşamış Abdullah qızı Şəfa dua yazmağı bacarırdı; o, xəlifə Ömərin qızı Həfsəyə də yazıb-oxumağı öyrətmişdi.
Məşhur tarixçi Bəlazuri öz əsərində savadlı müsəlman qadınların öncüllərindən bir neçəsinin adını qeyd edir: əqəbə qızı Ümmi-Külsum, Sə"d qızı Aişə, Miqdad qızı Kərimə və b.
Süyuti "Əl-İtqan fi ülumil-Qur"an" kitabında yazır ki, İslamın ilk dövrlərində Abdullah ibn Harisin qızı Ümmi-Vərəqə şəxsən Qur"ani-kərimin ayələrini toplayıb kitab halına salmışdı. Bu həmin Ümmi-Vərəqədir ki, Bədr döyüşü gedişində Həzrət Məhəmməd peyğəmbərdən (s) xahiş etmişdi: "Mənə icazə verin, döyüşdə sizinlə birlikdə iştirak edim, yaralılara xidmət göstərim.
Ümid edirəm ki, Allah döyüşdə şəhid olmaq səadətini mənə nəsib edər". Peyğəmbərimiz ona belə cavab verdi: "Allah-təala şəhid olmaq ne"mətini sənin üçün hazırlayıb. Evdə qal, sən onsuz da şəhidsən (yə"ni şəhid qədər savaba maliksən)".
Peyğəmbərin irəlicədən verdiyi bu xəbər bir neçə ildən sonra həyata keçdi. Ömərin xilafəti dövründə Ümmi-Vərəqənin qulamı ilə kənizi əlbir olub bu mö"min qadını öldürdülər. Onlar öz xanımlarını öldürməklə köləlikdən qurtulub tez azad olmaq istəyirdilər.
Xəlifə Ömər onları tutdurub hər ikisini dar ağacından asdırdı. Rəvayətə görə, Mədinədə asılmaqla e"dam edilən ilk canilər bu qulamla kəniz olmuşlar. Ömər Ümmi-Vərəqənin ölüm xəbərini eşidincə buyurdu: "Peyğəmbərin verdiyi xəbər həyata keçdi. Qalxın, gedib şəhidi ziyarət edək". (Yazının növbəti bölmələrində bu qadın haqqında yenə mə"lumat veriləcək).
Xəlifə Osman öz hakimiyyəti dövründə Zeyd ibn Sabiti Qur"anı toplayıb tərtib etmək işinə mə"mur edərkən Zeyd, Ömər ibn Xəttabın qızı Həfsədən xahiş etmişdi ki, onun evində saxlanılan Qur"an nüsxəsini istifadə edib üzünü köçürmək üçün versin. Ehtimal olunur ki, həmin Qur"an nüsxəsini Həfsə özü köçürübmüş (bax: Məhəmməd Sidiq Həsən xan - "Hüsnül-üsvə").
ğ) HƏDİS ELMİNDƏ
Dini mətnlərdə qadınlar vasitəsilə Peyğəmbərdən və mə"sum imamlardan rəvayət edilən çoxlu hədislərə rast gəlmək mümkündür. Rical kitablarında (hədis rəvayətçilərinin adı və həyatı qeyd edilən kitablarda) 1500 nəfərdən artıq mühəddis (hədisçi) qadının adı çəkilir. Şeyx Tusi tərəfindən qələmə alınmış "Rical" kitabında qeyd edilən 6429 nəfər rəvayətçidən 62-si qadınlardan ibarətdir.
İslam mənbələrində hədis rəvayətçisi kimi tanınmış qadınların bə"ziləri bunlardır: Peyğəmbərin qızı Fatimeyi-Zəhra (ə), Peyğəmbərin xanımları Aişə, Ümmi-Sələmə, Zeynəb və Sudə, Aişənin bacısı əsma, İmam Əlinin (ə) həyat yoldaşı Ümeys qızı əsma, İmam Əlinin (ə) bacısı Ümmi-Hani, Fatimənin (ə) xidmətçisi Fizzə, Abdullah ibn Məs"udun həyat yoldaşı Zeynəb, Ümmül-Həsən Nəcəiyyə, Ümmi-Ruman, Ümmi-Ətiyyə, Hüsniyyə, Ümmi-İshaq, Səidə (İmam Cə"fər Sadiqin (ə) kənizi), Külsumi-Kərxiyyə, Həkimə (İmam əli Nəqinin (ə) qızı) və b.
Söylədiyi hədislərin sayı baxımından bunların içində ilk yerdə duran qadın - Peyğəmbərin xanımı "Ümmül-mö"minin" Aişədir (r.ə.). Kitablarda onun dilindən söylənilən 2208 (yaxud 2210) hədis qeyd edilmişdir.
d) TƏSƏRRÜFAT SAHƏLƏRİNDƏ
Müsəlman qadınlar İslam tarixi boyunca müxtəlif təsərrüfat işləri ilə məşğul olmuş, sənətkarlıq etmişlər. Zübeyr ibn əvvamın həyat yoldaşı əkin-biçin və bağçılıq işlərini yaxşı bilir, təsərrüfatı idarə edir və qonşulara məsləhətlər verirdi. Peyğəmbərin həyat yoldaşı Mariyeyi-Qibtiyyə dulusçuluq sobalarını tikməyi bacarırdı. Qadınlar xırdavat malların ticarəti ilə də məşğul olurdular.
İlk müsəlman qadınlar arasında məşşatəlik (kosmetologiya), həkimlik, aşpazlıq, dərzilik, dekorativ tikişçilik kimi peşələr geniş yayılmışdı.
Rəvayət edirlər ki, bir gün peşəsi məşşatəlik olanm Ümmi-Rehlə Qüşeyriyyə adlı qadın Həzrət Məhəmməd peyğəmbərin (s) hüzuruna gəlib ehtiramla salam verdi və belə söylədi: "Ey Allahın elçisi, mən məşşatəyəm və öz ərlərinə gözəl görünmələri üçün qadınları bəzəyirəm. əgər bu, dini baxımdan pis işdirsə, əl çəkə bilərəm". Peyğəmbərimiz bu qadına belə cavab verdi: "Ey Ümmi-Rehlə, qadınları öz ərlərindən ötrü bəzə və onlara yaraşıq ver" (bax: "Nizamül-hükumətin-nəbəviyyə" ("Peyğəmbərin hakimiyyət sistemi")).
Həmçinin, rəvayət edirlər ki, qadınlara bəzək vuran Ümmi-ətiyyə və Ümmi-Həbibə adlı iki məşşatə bacı Mədinədə Həzrət Məhəmməd peyğəmbərin (s) hüzuruna gəlib, öz peşələrini bundan sonra davam etdirmək barədə ondan icazə istədilər. Peyğəmbər onlara icazə verdi, hətta Ümmi-ətiyyəyə öz peşəsi ilə əlaqədar bə"zi dəyərli məsləhətlər də buyurdu: "Qadınların çöhrəsini parça ilə silmə, çünki parça sifətin təravətini aparır" (bax: Təbrisi - "Məkarimül-əxlaq").
e) FİQH VƏ ŞƏRİƏT SAHƏSİNDƏ
İslam tarixindən mə"lumdur ki, qadınlar həmişə dini hökmləri öyrənməyə və araşdırmağa sə"y göstərmiş, mə"sumlar tərəfindən bu işə həvəsləndirilmişlər.
Həzrət Məhəmməd Peyğəmbərin (s) xanımları və qızları şəriət hökmlərini müsəlman qadınlara izah etməklə bu sahədə yaranmış çətinliyi aradan qaldırırdılar. Xüsusilə, qadınlar "Ümmül-mö"minin" Aişəyə (r.ə.) çox müraciət edirdilər. Öz suallarına cavab tapmaq ümidi ilə hətta kişilərin də Aişəyə müraciət etmələri barədə tarixi mənbələrdə mə"lumatlar vardır.
Aişənin bacısı oğlu Ürvə onun haqqında belə deyirdi: "Aişənin şe"r sahəsindəki biliyinə heyrət etmirəm, çünki o, Əbu Bəkrin qızıdır. Fiqh sahəsindəki elminə də təəccüblənmirəm, çünki o, Peyğəmbərin həyat yoldaşıdır. Amma Aişənin tibb sahəsindəki bilikləri necə əldə etməsinə heyrətlənirəm".
Tarixdən mə"lumdur ki, Peyğəmbər bə"zən qadınlarla məsləhətləşirdi. Məsələn, Hüdeybiyyə sülhü bağlanarkən, Peyğəmbərin öz xanımı Ümmi-Sələmədən bir məsələ barəsində məsləhət istəməsi və onun sözünə əməl etməsi rəvayət olunur.
İkinci xəlifə Ömər ibn Xəttab da qadınlarla məşvərət aparırdı. Rəvayət edirlər ki, şəriətdə ərlə arvadın ən çoxu nə qədər müddət bir-birindən ayrı qala bilməsi barədə bir gün Ömər öz qızı Həfsədən soruşdu və Həfsə "dörd ay" - deyə şəriət hökmünü ona xatırlatdı.
Ömər də qızının dediklərini təkrar edərək, bu hökmü başqalarına söylədi. Həmçinin, Ömər öz xilafəti dövründə bə"zi hökmlər verərkən, qadınlar onun səhvini düzəldir və xəlifə nümayişkaranə şəkildə üzr istəyib, səhvini e"tiraf edirdi.
Hər iki dünya qadınlarının sərvəri Həzrət Fatimeyi-Zəhranın (ə) evi Mədinə qadınları üçün məktəb və məsləhətxana idi. Sualı olanlar, çətinliyə düşənlər gəlib ondan öyrənir və öz elmlərini artırırdılar. "Fatimə (ə) məktəbi"ndə dini və dünyəvi elmlərdən xəbərdar olan alim və savadlı qadınlar yetişirdi.
"Biharül-Ənvar" kitabında yazılmışdır:
Bir qadın Fatimeyi-Zəhranın (ə) yanına gəlib dedi: "Mənim bir zəif anam var, namaz qılarkən qarşısına bə"zi suallar çıxıb. İndi məni göndərib ki, o sualların cavabını səndən soruşum".
Fatimə (ə) onun birinci sualına cavab verdi. Qadın ikinci sualı ərz edincə, Peyğəmbərin qızı ona da cavab verdi. Beləliklə, Fatimə (ə) qadının 10 sualının cavabını ona izah etdi.
Axırda qadın sualların çoxluğundan xəcalət çəkib dedi: "Ey Allah Rəsulunun qızı, mən sənə əziyyət vermək istəmirəm!" Fatimə (ə) cavabında belə buyurdu: "Nə zaman istəsən, yanıma gəl və istədiyin məsələni məndən soruş".
Fiqhin tarixi və fiqh elmində qadınların rolu barədə mə"lumat verən alimlər hicri birinci əsrin fəqihləri sırasında Peyğəmbərin həyat yoldaşları Aişə və Ümmi-Sələməni, habelə Ümmi-Sələmənin qızı (Peyğəmbərin qızlığı) Zeynəbi və əbu Bəkr qızı əsmanı xüsusi qeyd etmişlər. Fatimə (ə) məktəbindən dərs almış Ümmi-Eymən, Fizzə və Ümeys qızı əsma kimi xanımlar dini məsələlərdə müstəqil rə"yə malik idilər. Tarix kitablarında Ümmi-Əbd və Ümmi-Vərəqə kimi qadınların din elmlərinə aşina olduqları və qadınların camaat namazına imamlıq etdikləri barədə mə"lumatlar vardır.
Tarixlərdə yazıldığına görə, Məhəmməd peyğəmbər (s) Ümmi-Vərəqəyə tapşırmışdı ki, namaz vaxtı öz ev adamları üçün imamlıq etsin. Ümmi-Vərəqə də Peyğəmbərdən xahiş etmişdi ki, namaz vaxtı onun üçün azan verəcək bir şəxsi muzdla tutmasına icazə versin. Peyğəmbər onun xahişinə müsbət cavab vermişdi. Ümmi-Vərəqə şəhid olana kimi öz ev adamlarının (qulam, kəniz və azançının) namazına imamlıq edirdi (bax: əbu Davud - "Sünən", "Salat" kitabı, 62-ci bab, 591-ci hədis).
Əbut-Teyyib əzimabadi "Sünəni-Əbu Davud"a yazdığı şərhdə bu hədisi izah edərək belə fikir yürüdür: "Bu hədis, qadının öz ev əhlinə (hətta kişi olsalar belə) pişnamazlıq edə bilməsini göstərir".
Daha çox təfsir və tarix sahəsində tanınmış, amma bununla yanaşı yeni "Təbəriyyə" məzhəbi yaradaraq özünəməxsus fiqhi nəzəriyyələr irəli sürmüş Təbəri yuxarıdakı hədisə əsaslanaraq, qadının namaz zamanı kişilərə imamlıq edə bilməsinə dair fitva vermişdi.
Mə"sum imamların dövründə yaşamış alim və fəqih qadınların fəaliyyəti də əhli-beytin razılığı ilə qarşılanırdı. Rical kitablarında İmam Zeynülabidinin (ə) qızı əliyyənin fiqh sahəsində kitabı olması xatırlanır (məşhur hədisçi Zürarə həmin kitabdan rəvayət etmişdir).
İmam Cə"fər Sadiqin (ə) kənizlərindən olan Səidə və İmam Musa Kazimin (ə) qızı Ümmi-Əhməd zəmanənin alim qadınlarından sayılırdılar. İmam Sadiq (ə) öz dövrünün qadınlarına dini məsələlərdə "Qızıl qadın" ləqəbli Həmideyi-Müsəffata müraciət etməyi məsləhət görürdü.
Zürarə ibn ə"yünün bacısı Ümmi-Əsvəd öz qardaşından xeyli əvvəl İmam Sadiqin (ə) tərəfdarları cərgəsinə qoşulmuş, sonra sübut-dəlillə Zürarəni də bu yola gətirməyə müvəffəq olmuşdu (hədis elmində Zürarənin mövqeyi və şöhrəti mə"lumdur). İmam Rzanın (ə) zamanında yaşamış Səlim qızı Külsum adlı qadın o həzrətdən bütöv bir kitab rəvayət edirdi.
Sonrakı əsrlərdə də görkəmli din alimlərinin ailələrində bacarıqlı alim və müctəhid xanımlar yetişmişdir. "Şəhidi-əvvəl" ("Birinci şəhid") ləqəbli Məhəmməd ibn Məkki Amulinin həyat yoldaşı Ümmi-əli dini məsələlərdə qadınların müraciət mənbəyi idi. Onun qızı Ümmül-Həsən Fatimə atasından və başqalarından hədis rəvayət edirdi. Müasirləri ona "Şeyxiyyə" (Şeyx xanım) və "Səttül-məşayix" (Ustadların sərvəri) ləqəbini vermişdilər. Şəhidi-əvvəl qadınlara məsləhət görürdü ki, Ümmi-Əlinin və Ümmül-Həsənin elmindən istifadə etsinlər (bax: Xoyi - "Mö"cəmü ricalül-hədis").
Məşhur islam alimləri Sədrüddin Amuli, əzizullah Məclisi və Şərif Ruydəştinin qızları mö"təbər hədis və fiqh kitablarına şərh yazmış, bu kitabları tədris etmişlər.
Dünya şöhrətli Şeyx Bəhainin həyat yoldaşı, Şeyxülislam əli Münşarın qızı lap kiçik yaşlarından qadınlara hədis və fiqh dərsləri deyirdi.
"Biharül-ənvar" ensiklopediyasını tərtib etmiş əllamə Məhəmmədbaqir Məclisinin bacısı Aminə bəyim məşhur alim Məhəmmədsaleh Mazandaraninin həyat yoldaşı idi. Rəvayətə görə, o, "Biharül-ənvar"ın hədislərini toplamaqda qardaşına kömək etmişdi. Həyat yoldaşı da öz elmi fəaliyyəti zamanı çətinliyə düşərkən Aminə bəyimə müraciət edirmiş (bax: əllamə Dəvvani - "İslami hekayələr").
Bə"zi məşhur İslam alimləri qadınlardan dərs almış və bunu özləri üçün nəinki əskiklik, hətta fəxr hesab etmişlər. Ünlü hədis alimi İbn Cövzi öz ustadı "Şəhdə" adlı qadından xeyli hədis rəvayət edirdi. Təfsir, hədis, tarix və lüğət elmlərinin mahir bilicilərindən sayılan əllamə Süyuti bir çox elm sahələrində məhz qadın müəllimələrdən dərs aldığını yazırdı. Xətib Bağdadi isə Məkkədə yaşadığı zaman beş gün ərzində Kərimə Mərvəziyyə adlı savadlı bir qadının dərsində Buxarinin "Səhih" kitabını oxuyubmuş.
"Banu əmin" ləqəbli müctəhid xanım Seyyidə Nüsrət bəyim əmin (1887-1984) əsrimizin böyük elm xadimlərindən sayılırdı. İsfahanda yaşamış Banu əmin zəmanənin ən məşhur alimlərindən olan Ayətullah Seyyid Məhəmmədəli Nəcəfabadidən dərs almış, əqaid, fiqh, tarix, əxlaq, irfan və təfsir mövzularında 9 kitab yazmışdır.
Bu alim qadın 40 yaşında ikən mərhum Ayətullahlar Seyyid Məhəmədkazım Şirazi, Şeyx əbdülkərim Hairi, Seyyid Məhəmmədəli Nəcəfabadi, İbrahim İstəhbanati, Şeyx Məhəmmədrza Nəcəfi və başqalarından ictihad icazəsi almışdır. Mərhum Ayətullah İstəhbanati Banu əmin üçün yazdığı icazənamədə onu belə tə"rif edirdi: "əgər qadınlar bu xanıma bənzəsələr, mütləq kişilərdən üstün olarlar". Banu əmin öz növbəsində mərhum Ayətullah Seyyid Şihabəddin Nəcəfi Mər'əşi kimi adlı-sanlı müctəhidə hədis rəvayət etmək icazəsi vermişdir.
Bununla belə qeyd edilməlidir ki, uzun əsrlər boyu İslam aləmində qadının qazılıq edib hökm verməsinə, habelə başqaları üçün müctəhidlik etməsinə icazə verilməmişdir.
Şafii, maliki və zeydi məzhəblərinə əsasən, qadın hakimlik və qazılıq edə bilməz. Hənəfi fiqh məktəbində isə qadın yalnız o məsələlərdə hakimlik edə bilər ki, həmin məsələlərdə onun şahidliyi qəbul edilir (məsələn, əmlakla bağlı məhkəmə işlərində). Şahid kimi verdiyi ifadənin qəbul edilmədiyi məsələlərdə (qisas, hədd - yə"ni cinayətə görə cəzalandırma və s.) isə qadının hakimlik etməyə hüququ yoxdur.
X miladi əsrdə yaşamış məşhur təfsir və tarix alimi Məhəmməd ibn Cərir Təbəri isə bütün məhdudiyyətləri rədd edərək, qadının maneəsiz olaraq hər bir şəriət məsələsində hökm vermə ixtiyarına malik olduğunu bildirirdi.
Cə"fəri fiqhində geniş yayılmış nəzəriyyəyə görə, qadının dini elmlər sahəsində təhsil alaraq müctəhidlik səviyyəsinə çatması mümkündür. Amma bu zaman onun verdiyi fitva yalnız özü üçün e"tibarlıdır. Başqasının ona təqlid etməyə (yə"ni onun hökm və fitvalarına tabe olmağa) ixtiyarı yoxdur. Hər bir insan şəriət hökmlərində yalnız kişi müctəhidə təqlid etməlidir. Keçmiş və müasir fiqh kitablarının əksəriyyətində təqlid edilən müctəhidin vacib şərtləri sırasında onun kişi olması tə"kid edilir.
Lakin mə"lumdur ki, bə"zi şəriət alimləri məsələyə başqa nöqteyi-nəzərdən yanaşaraq, yalnız kişiyə təqlid etməyin vacibliyini şübhə altında qoymuşlar. Mərhum Ayətullah Seyyid Möhsün Həkim "Müstədrək" əsərində yazırdı: "Bə"zi tədqiqatçılar qadına və cinsiyyətdən məhrum şəxsə (xonsa) təqlid etməyin caizliyinə fitva vermişlər". Ehtimal edilir ki, 1920-ci ildə İraqda ingilis işğalçılarına qarşı cihad fitvasını vermiş Ayətullah Məhəmmədtəqi Şirazi də təqlid edilən müctəhidin kişi cinsindən olmasını vacib bilmirdi.
Belə ki, onun şəriət məsələləri barədəki suallara yazdığı cavablardan ibarət "Zəxirətül-ibad" risaləsində təqlid edilən müctəhidin cinsi barədə heç bir söz yoxdur. Mərhum İmam Xomeyninin "Təhrirül-vəsilə" risaləsində də müctəhidlik şərtləri sırasında kişi cinsindən olmağın vacibliyi xatırlanmamışdır. Mərhum Ayətullah Seyyid əbülqasim Xoyi isə "Ürvətül-vüsqa"ya yazdığı şərhdə qadının müctəhid ola bilməsini və ona təqlidin mümkünlüyünü sübut etmişdir.
Müasir İslam dünyasının ən ünlü dini elm mərkəzlərindən sayılan "əl-Əzhər" (Misir) universitetinin şeyxləri də son illərdə aşağıdakı məzmunlu fitvanı təsdiq etmişlər: "Müctəhidin kişi və azad olması şərt deyildir, çünki Peyğəmbərin səhabələri dini məsələlərdə "Ümmül-mö"minin" Aişənin (r.ə.) və başqa xanımların fitvalarına müraciət edirdilər".
Milli.Az