Cəmiyyət

Bakıda hansı binalar söküləcək? - Açıqlama

27 Aprel 2023 15:46
Baxış: 9 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Bakıda bütün köhnə binaların söküləcəyini, onların yerində yenilərinin tikiləcəyini deyib.

Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib. Artıq onların sökülməsinin zamanı yetişib.

Ancaq əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, paytaxtdakı bütün köhnə binaların sökülməsi mümkünsüzdür. Milli.Az bildirir ki, o, bakupost.az-a açıqlamasında deyib:

"Çünki binanı sökməzdən öncə sakinlər kirayə mənzillərə köçürülməlidir. Yalnız binalar tam boşaldıqdan sonra onlar sökülə və yerinə yeni bina tikilə bilər. Bakıda isə kirayə verilən mənzillərin sayı o qədər çox deyil. Hazırkı vəziyyətdə bu qədər sakin üçün paytaxtda birdən-birə kirayə mənzil tapmaq çətindir. Buna xeyli vaxt lazımdır. Ona görə də əvvəl kəskin qəzalı binalarda yaşayanları köçürüb həmin tikililərin söküntüsünə başlanılmalıdır. Daha sonra istismar müddəti bitmiş, amma yaşayışa yararlı binalar sökülməlidir. Qeyd edim ki, paytaxtda istismar müddətini başa vurmuş çoxlu sayda yaşayış binası var. Qəzalı vəziyyətdə olan binaların da sayı az deyil. 4, 5 və 9 mərtəbəli bu binaların istismar müddəti çoxdan başa çatıb".

Ekspertin dediyinə görə, çox vaxt bina qəzalı vəziyyətdə olsa da, sakinlərin çoxu oradan çıxmaq üçün çox yüksək kompensasiya tələb edirlər. Tikinti şirkətləri də bu səbəbdən geri çəkilirlər:

"Sakinlərə istədikləri kompensasiyanı ödəməyəndə onlar söküntünü aparan şirkəti məhkəməyə verir, beləcə söküntü müddəti uzanır. Bu da tikinti şirkətinin xərclərini artırır. Çünki sökülən binada yaşayanların aylıq kirayə haqqını həmin şirkət ödəyir. Bu səbəbdən də paytaxtdakı bütün köhnə binaların yaxın 1-2 ilə sökülməsi mümkünsüzdür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.