Cəmiyyət

Maşınlar bahalaşacaq

31 Mart 2023 08:39
Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq ediləcək yeni məhdudiyyət əslində ölkəmizdə avtomobilləşmə prosesini yavaşıtmağa yönələn addım kimi qiymətləndirilməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Nazirlər Kabinetinin Qərarı ilə bağlı bu sözləri hüquqşünas Ərşad Hüseynov qeyd edib.

Ekspert qərarın gözlənilən səviyyədə müsbət nəticələr vermə ehtimalının olmadığını bildirib:

"Bu qərar avtomobilləşmə prosesini bir az ləngidəcək, idxal edilən avtomobillərin sayı azalacaq. Amma qərarın hədəflədiyi ictimai faydalı nəticələrin gözlənilən səviyyədə olması inandırıcı deyil. Hətta əksinə, bəzi məqamlarda yeni sualların ortaya çıxması mümkündür".

O qeyd edib ki, ötən ilin sentyabr ayından başlayaraq Bakı küçələrində tıxaclar daha sürəkli xarakter alıb:

"ETSN-in keçirdiyi monitorinqlərin nəticəsi kimi havada dəm qazının, azot oksidlərinin və bəzi başqa zərərli maddələrin normadan xeyli çox olduğu barədə verilən məlumatlar hamının yadındadır. Həmin məlumatlarda nəqliyyat vasitələri zərərli maddələrin əsas mənbəyi kimi göstərilir. Nazirlər Kabineti qəbul etdiyi qərarın şərhində əsas məqsədin göstərilən problemin həlli olduğunu bildirib.

Bu məsələdə ciddi bir səhvə yol verilir. Ölkəmizdə əhali sayına nisbətdə avtomobillərin sayı çox deyil (təxminən hər 100 nəfərə 14 avtomobil düşür). Əsas problem fərdi avtomobillərdən istifadə səviyyəsinin yüksək olmasıdır. Səbəb isə ictimai nəqliyyatın bərbad olması, fərdi mobillik üsullarından (velosiped və ona bərabər yerdəyişmə vasitələrindən) çox az istifadə edilməsidir. Ona görə də son qərarın ölkəmizdə ekoloji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracağını, yol hərəkəti təhlükəsizliyinə ciddi töhfə verəcəyini, yollarda tıxacları azaldacağını düşünmək doğru deyil. İzahı da çox sadədədir. Qərarın verilməsindən sonra insanlarımız ölkəmizdə hazırda istismar edilən köhnə avtomobillərdən daha bərk yapışacaqlar, çünki onları yeniləmək şansı xeyli azaldı. Nəqliyyat ehtiyaclarını qarşılayan başqa varint da yoxdur. Bu, köhnə avtomobillərin daha uzun müddət istismar edilməsini stimullaşdıracaq. Əgər bu qərar səmərəli və əlverişli utilizasiya proqramı ilə eyni vaxtda verilsə və icra edilsəydi, köhnə avtomobillərin azalması ehtimalı real olardı. İndiki şəraitdə isə daxili avtoparkda köhnə avtomobillərə ehtiyacın artacağını düşünmək olar. Hətta bu qərar köhnə avtomobillərin bazarda bahalaşmasına da stimul verəcək (bazardakılar belə məsələlərə çox həssas yanaşırlar)".

Hüquqşünas nəqliyyat sisteminin inkişaf etdirilməsinin neqativ nəticələri azaltmağın və aradan qaldırmağın yeganə yolu olduğunu deyib:

"Mobilliyini ictimai nəqliyyat hesabına təmin edə bilməyən insanlar xaricdən nisbətən az istifadə edilən (yaşı 10-dan az olan) avtomobil gətirməyə meyillənəcəklər. Onlar isə daha bahadır. Nəticədə ölkəmizdən xaricə avtomobil alışı üçün valyuta axını arta bilər.

Qısası, ölkədə avtomobillərin ekoloji zərərli təsirini azaltmağın, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmağın, yollarımızda tıxacları azaltmağın və aradan qaldırmağın yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. Bütün sərmayələr ilk olaraq buna yönəldilməlidir. Buna paralel olaraq əhali üçün cəlbedici və səmərəli utilizasiya da həyata keçirilsə, insanlar köhnə avtomobillərdən inzibati qərarlarla deyil, hətta könüllü olaraq imtina edərlər.

Nazirlər Kabinetinin dünən qəbul etdiyi qərar 30 gün sonra qüvvəyə minir. Gömrük Komitəsinin verdiyi məlumatdan aydın olur ki, 29 mart tarixinədək xarici ölkələrdən müvafiq ödəniş sənədləri (müqavilə, hesab-faktura və s.) ilə maşın alan şəxslərin avtomobili göstərilən 30 gündən sonra ölkəyə gəlib çıxsa, bu qayda onlara şamil edilməyəcək. Amma yaşı 10-dan çox olan avtomobil 29 mart tarixindən sonra alınsa və həmin avtomobil 29 aprelədək Azərbaycana gəlib çıxmasa, ölkəyə buraxılmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.