Cəmiyyət

Payız Səmərqəndə getmək üçün ən yaxşı vaxtdır

27 Sentyabr 2022 11:54
Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AZAL Daşkənddən sonra Özbəkistanın ikinci böyük şəhəri Səmərqəndə birbaşa reys açır. Reyslər oktyabr ayının 4-dən etibarən həftədə dörd dəfə ediləcək. Oktyabr ayında gediş-gəliş üçün ən ucuz bilet 830 manatdır.

Səmərqənd səyahətçilərin mütləq getməli olduğu şəhərdir. Qədim tarixi, mehriban insanları, dadlı yeməkləri və gözəl tramvayları ilə bu şəhər uzun zaman yadınızda qalacaq. Payız Səmərqəndə getmək üçün ən yaxşı vaxtlardan biridir. Eyni zamanda Novruz bayramı da burada böyük təntənə ilə keçirilir.

Bakıdan birbaşa reysdən əlavə AZAL və Özbəkistan Hava Yollarının Bakı-Daşkənd reysi ilə Daşkəndə, oradan da sürətli qatarla Səmərqəndə getmək olar. Daşkənd-Səmərqənd qatarı bir tərəfə təxmini 16 manatdır. 2 saatlıq səfərdə sizə çay və yüngül qəlyanaltı da verirlər. Biletləri https://railway.uz/  saytından almaq olar. Həmin qatarla Buxaraya da getmək olar.

Yemək

Özbəkistanda bütün yeməklər dadlıdır, plovdan tutmuş kababa kimi, pomidordan tutmuş  qarpıza kimi.

Şübhəsiz ki, yeməklərin olmazsa olmazı plovdur. Səmərqəndin plovu digər şəhərlərdə hazırlanandan fərqlənir. Özbəklərin ikinci ən məşhur yeməyi samsadır. Ən dadlısı təndirdə hazırlanır. Ən məşhur sup isə  şurpadır. Unutmadan qeyd edim ki, Səmərqənd çörəyi hələ sovet vaxtından məşhurdur. O çörəyi 7 günə kimi saxlamaq olar.

Hotel

Booking.com saytının bazasında Səmərqənddə 200-ə yaxın hotel və qonaq evləri var. Ən ucuz iki nəfərlik otağın 1 gecəsi təxmini 30 manatdan başlayır. Maraqlıdır ki, bu şəhərdə beş ulduzlu hotel yoxdur. Daha yaxşı olar ki, hoteli şəhərin tarixi yeri - Registan meydanı tərəfdə tutasınız.

Nəqliyyat

Səmərqənddə avtobus və tramvay ictimai nəqliyyat kimi fəaliyyət göstərir, amma Yandex Go və iTaxi-dən də istifadə edə bilərsiniz. Gəzməklə aranız yaxşıdırsa piyada çox yeri görə bilərsiniz. Avtobus və metronun bir gedişi 1400 somdur, təxmini 25 qəpik edir. Eyni qiymətə 10,18, 31, 37 və 60 nömrəli avtobuslarla hava limanından şəhərə gedə bilərsiniz.

Səmərqənddə getməli olduğunuz 8 yer.

Registan meydanı. Səmərqənd adı gələndə göz önünə bu meydan və orada yerləşə üç mədrəsə gəlir. 600 il öncə tikilib. UNESCO Dünya İrsinə daxildir.

Şahizinda məqbərələr kompleksi. Burada əsasən Əmir Teymurun qohumlarının qəbirlərinin üzərində möhtəşəm məqbərələr ucaldılıb. Zahirən bənzəsələr də işləri fərqlidir. Günün müxtəlif vaxtlarında günəşin düşməsidən asılı olaraq fərqli mənzərələr görünür.

Bibi Xanım Məscidi. Bu nəhəng məscid Əmir Teymurun arvadlarında biri olan Bibixanımın şərəfinə tikilib. 600 il tarixi var, çox əzəmətlidir.  Bibixanımın məzarı da elə məscidin yaxınlığındadır.

Uluqbəy rəsədxanası. Bura qədim özbək astronomu olmuş Uluqbəyin rəsədxanasıdır. Təxmini 500 il dağnıq vəziyyətdə olsa da 1908-ci ildə bərpa edilib. Muzeyində çoxlu eksponatlar, həyətində isə günəş saatı var. Eyni zamanda komplesə meridian qövsünün aşağı hissəsi olan xəndək də daxildir.

Əmir Teymur məqbərəsi. Bura özbəklər üçün müqəddəs yer, ziyarətgahdır. Teymurilər sülaləsinin əsasını qoymuş Əmir Teymurun qəbri burada yerləşir.

Koni Ghil Meros. Bura gəlməklə tut ağacının qabığından kağız düzəltmək qaydasını öyrənə, çini qablarda müxtəlif qablar hazırlaya bilərsiniz.

Həzrət Xızır məscidi. Səmərqəndin ən qədim məscidi sayılır, 8-ci əsrdə tikilib.

Axmodjon Lux Osh. Bura Səmərqənddə ən dadlı plov restoranı kimi tanınır, eyni zamanda təndirdə bişmiş samsa da yeyə bilərsiniz. Çox dadlı olur.

Hazırda Özbəkistan bütün COVİD-19 qadağalarını ləğv edib. Odur ki, test və peyvənd sertifikatına gərək yoxdur.

Həmişə gəzməkdə!

AviaTravel

Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.