Cəmiyyət

Alternativ Laçın yolu: Ermənistan Azərbaycanın sürətinə uyğunlaşmasa...

6 Avqust 2022 11:18
Baxış: 1 263

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Laçın şəhərindən yan keçən alternativ yol demək olar ki, hazırdır. Yada salaq ki, yeni yolun tikintisi dövlət başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yol infrastrukturu layihələrindən biridir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolun tikintisi artıq başa çatmaq üzrədir. Yolun 22-ci kilometrliyində uzunluğu 149,5 metr, eni 13,5 metr olan dördtağlı körpünün tikintisi, eləcə də, süni qurğuların, beton arxların və s. tikintisi yekunlaşıb. Alternativ yolun Azərbaycan hissəsinin inşasının yaxın vaxtlarda başa çatdırılması üçün əraziyə lazımi işçi qüvvəsi cəlb olunub.

Azərbaycanın operativliyinin səbəbi aydındır. Ancaq məlumdur ki, yolun Ermənistana aid hissəsinin (8 km) inşasına hələ indi-indi başlanılır. O zaman bizim tələskənliyimizin anlamı qalırmı? Bəlkə öncədən Paşinyanla şifahi anlaşma olub ki, o tərəf də tikintiyə vaxtında başlayacaq, ancaq Paşinyan yenə öz vədinə xilaf çıxıb?

Bu arada Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, Laçın dəhlizinə alternativ yolun Ermənistana aid hissəsinin tikintisi yazda bitəcək.

"Tikinti başlayıb, texnika işləyir, yol çəkilir. Biz onu üç hissəyə bölmüşük və fəal işləyirik", - o əlavə edib.

Demək, Laçın şəhərinin təhvili yaza qalır? Bəzi bilgilərə görə, Ermənistana aid 8 km-lik hissə əslində mövcuddur, sadəcə, pis vəziyyətdədir və yenidən qurulmalıdır. Yəni alternativ yol tezliklə istifadəyə verilərsə, ermənilər, sadəcə, həmin 8 km-lik yolu əzab-əziyyətlə gedib gələcəklər. Bu isə əlbəttə ki, bizim problem deyil.

Siyasi analitik Asif Nərimanlı bu məsələdə Rusiya və Ermənistanın maraqlarının uzlaşdığını bildirdi: "Ermənistan Laçın dəhlizinin alternativ marşruta köçürülməsini uzatmaq üçün öz ərazisindən keçən yolun tikintisini gecikdirir. Əsas məqsədləri dəhlizin hazırkı marşrutda qalması, ermənilərin hələ də qaldığı Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsinin qarşısını almaqdır. Bunun üçün zamana ehtiyacları var, hesab edirlər ki, 10 noyabr razılaşmasına görə 1,5 il vaxtlar var və bu müddətdə şərtlərin dəyişməsinə çalışırlar. Halbuki bəyanatda dəhlizin yeni marşruta köçürülməsinin 3 il sonra yox, 3 il ərzində icrası qeyd olunur. Azərbaycan da öz ərazisində marşrutun inşasını başa çatdırır və haqlı olaraq dəhlizin köçürülməsini tələb edir. Yolun Ermənistan ərazisindən keçən hissəsinin hansı vəziyyətdə olması Azərbaycanın problemi deyil, rəsmi İrəvan indiyə qədər bunu etməli idi, etməməsi də prosesi uzatmağa hesablanmış addımdır.

Bu məsələdə Ermənistan və Rusiyanın maraqları uzlaşır. Ermənistan dəhlizin keçdiyi ərazilərdəki ermənilərin çıxarılmasını istəmir, o cümlədən Paşinyan hakimiyyəti buna görə daxildə siyasi təzyiqlə üzləşir. Rusiya isə strateji baxımdan əhəmiyyətli olan Laçın şəhərini və digər ərazilərin Azərbaycana verilməsini ən azı uzatmaq, bundan Bakıya qarşı kart kimi istifadə etmək niyyətindədir. Lakin Azərbaycanın haqlı mövqeyində tələbi onlar üçün vəziyyəti çətinləşdirir. "Qisas" əməliyyatından sonra ruslarla razılaşdırılan məsələlərdən birinin sentyabr ayına qədər dəhlizin alternativ marşruta köçürülməli olduğu haqda məlumatlar var.

Ermənistan öz ərazisindən keçən yolun yazda hazır olacağını deməklə, vaxtı uzatmaq istəyir, lakin fikrimcə, artıq Ermənistanın nə dediyi maraqlı deyil. Azərbaycan öz ərazisində hansısa addımın atılması üçün Ermənistanı tərəf kimi görmür və tələbini müvəqqəti yerləşdirilən rus sülhməramlılarının qarşısında qaldırır. Bakı yolu hazır etməklə üzərinə düşən öhdəliyi yerinə yetirib, indi növbə hazırki dəhlizin keçdiyi ərazilərin təhvil verilməsindədir. Azərbaycanın bu məsələdə israrına davam edəcəyi və yaxın dövrdə dəhlizin köçürüləcəyinə nail olacağı gözləntisi böyükdür".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd etdi ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi digər proseslərin tərkib hissəsi kimi qiymətləndirilməlidir: "Ermənistan dalana dirəndikcə bütün tələblərimizi yerinə yetirəcək, o cümlədən alternativ yol çəkiləcək. Amma əksinə, hansısa üçüncü qüvvələr İrəvanı "ürəkləndirsələr", bu zaman qarşı tərəf proseslərdən yayınmağa, dekonstriktiv mövqe tutmağa çalışacaq. Bu mənada alternativ yolun çəkilməsi digər məsələlərlə sıx bağlıdır.

Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan regional əməkdaşlıqda maraqlıdır. Bölgədə və dünyada baş verən prosesləri nəzərə alsaq, deyə bilərik ki, Paşinyan üçün manevr imkanları azdır. Ona görə ən qısa zamanda Laçına alternativ yolun çəkiləcəyinə inanmaq olar. Amma əlbəttə, Ermənistan daim təzyiqləri hiss etməlidir. Çox güman ki, məhz təzyiqlər nəticəsində yol çəkiləndən sonra Laçın şəhəri də Azərbaycana təhvil veriləcək. Əks halda, ən çox itirən İrəvan özü olacaq".

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov isə Azərbaycanın qalib tərəf kimi şərtləri diktə etdiyini önə çəkdi: "Azərbaycanın şərtləri regionun güclü ölkələri tərəfindən dəstəklənir. Özəlliklə Türkiyə, daha sonra isə Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı iradələri var. Eyni zamanda Laçın dəhlizi Azərbaycana təhvil verilməlidir. 10 noyabr bəyanatının müddəalarından biri də Laçına alternativ yolun istifadəyə verilməsi və Laçın dəhlizinin nəzarətimizə keçməsindən ibarətdir. Burada Rusiya və onun rəhbərinin imzası var. Ermənistan məsələdə təxribatlar etməklə prosesi ləngitməyə çalışır. Rusiya da bunun fərqindədir. Yolu nə vaxt tikməklərindən asılı olmayaraq dəhlizdən çıxmalıdırlar. Başqa yol yoxdur..."

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics