Cəmiyyət

"Qadını aborta məcbur edən ər və qayınanadır"

4 Avqust 2022 17:48
0 Şərh     Baxış: 691

Azərbaycanda doğulan körpələrin cins nisbətindəki fərq geniş müzakirələrə səbəb olub. Ölkə üzrə 100 qıza 115 oğlanın düşməsi, həmçinin Azərbaycanın selektiv abortlara görə dünyada birinci yerdə olması barədə xəbərlər ictimaiyyət arasında rezonans doğurub.

İllərdir ölkədə və xaricdə selektiv abortarla bağlı tendensiya davam edir. Məhz Azərbaycanın dünya siyahısında birinci olması insanlarda ciddi narahatlıq doğurur.

Mili.Az xəbər verir ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnsitutunun elmi katibi, həkim mama-gineokoloq Aynurə İsmayılova mövzu ilə bağlı modern.az-a danışıb.

O bildirib ki, cəmiyyətdə ilk olaraq cinsi ayrı-seçkiliyin qarşısı alınmalıdır:

"Gender bərabərliyinin üzərində işlər aparılmalıdır ki, nəyə görə cəmiyyətdə qız uşaqları istənilmir, oğlan uşaqlarına üstünlük verilir. Abort heç də yaxşı hal deyil, müəyyən göstərişlə aparılmalıdır. Cinsiyyət aborta göstəriş ola bilməz. Tibbi göstərişlər sırasında da cinsiyyətə görə aparılan abort qeyri-qanuni hesab olunur. Kliniki protokola əsasən qadının 12-ci həftəyə qədər hamiləliyi pozmaq hüququ var. Ya ananın səhhətindəki problemlə bağlı, ya da döldə inkişaf qüsuru və s. olmalıdır ki, bu hamiləlik pozulsun. 12-ci həftəyə qədər dölün cinsiyyətini bilmək mümkün deyil, ultrasəs müayinəsi bunu göstərə bilməz. 9-cu həftədə qandan genetik test götürülür ki, bu zaman cinsiyyəti bilmək mümkün olur. Ancaq bu test də genetik xəstəliklərin yoxlanılması üçün verilir".

Mama-ginekoloqun sözlərinə görə, ölkədə qız uşaqlarına olan münasibət əvvəlki illərə nisbətən dəyişib:

"Cəmiyyətdə dünyaya baxış dəyişib, amma marifləndirmə tədbirləri durmadan aparılmalıdır. Qadınlar tərəfindən heç vaxt cinsiyyətə görə abort istəyi olmur. Çünki ana üçün övladın cinsinin fərqi yoxdur. Daha çox kişilər, qayınana tərəfindən tələb olunur ki, iki qız uşağından sonra mütləq oğlan doğulmalıdır. Bu zaman ailədə təzyiqlər başlayır, qadın da məcburi şəkildə abort həyata keçirir və beleliklə selektiv abortların sayı artır. Övladın sağlam olmağı önə çəkilməlidir və cəmiyyətdə bunu formalaşdırmaq lazımdır. Abortlarla bağlı müraciət edəndə çalışıram ki, insanların yanaşmasını dəyişim. Hamiləliyin həftəsi nə qədər böyük olarsa, abortun fəsadı da o qədər böyük olar".

Həkim onu da bildirib ki, selektiv abortların bu saya çatması bir yox, bir neçə problemin cəmlənmiş formasıdır:

"İnkişaf etmiş ölkələrdə abortların sayı aşağıdır, çünki cəmiyyətdə qadınlara fərq qoyulmur. Həmin ölkələrdə valideyn düşünmür ki, qız uşağı ərə gedib əziləcək, cəmiyyətdə zəif biri kimi qiymətləndiriləcək. Əsas problemlərdən biri də erkən nikahlardı. Erkən nikahların sayını azaltmaq üçün tədbirlər aparılmalıdır. Selektiv abortlar birbaşa erkən nikahlara da bağlıdır. Qız uşaqlarını ali təhsildən yayındırıb, evliliyə cəlb etməməliyik. Dövlət tərəfindən də müəyyən dəstək olsa, bu sayların azalması üçün bir şey əldə etmiş olarıq. Ultrasəs müayinəsində cinsiyyətlə bağlı məlumat 20-ci həftədə verilərsə, abort istəyi daha da azalacaq. Cəmiyyətdə qadının rolu nə qədər yüksək olarsa, selektiv abortların sayı o qədər azalar".  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics