Cəmiyyət

Bakı çayxanalarında depozit fırıldağı - gizli çəkiliş – VİDEOREPORTAJ

22 İyun 2022 19:15
8 Şərh     Baxış: 7 525

Milli.Az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

Yay aylarında insanların xüsusilə axın edib sərinlik tapmaq istədiyi bir yer var - Bakı Bulvarı. Xəzərin sahilində, qızmar istidə adamlar çay içərək, dənizi seyr edib istirahət edirlər. Ailələr, dostlar - tanışlar yığılıb keçmiş günlərdən, gələcək planlardan danışırlar. Bəzən bu görüşlər Xəzərin sahilində yerləşən kafe və restoranlarda baş tutur.

Bəs bu söhbətin sonunda gələn hesab? Adamlar yarızarafatla deyir ki, bu hesab lap bizim gələcək planlarımıza da təsir edir.

Çünki son illərdə restoranlarda belə bir adət-ənənə yaranıb - Depozitlər.

Depozit nədir? Depozit odur ki, restoranda sadəcə otursan da, bir stəkan su içsən də, 15 manatlıq yemək yesən də, onların sənə təyin etdiyi depozit məbləğini ödəyirsən. Depozit məbləği isə 25 manatdan 60 manata qədər dəyişir. Bu adət bəzi yerlərdə saat 6-dan sonra bəzi yerlərdə isə günün istənilən saatında olur.

Bir çox insanların bundan xəbərinin olmaması isə sonda xoşagəlməz vəziyyət yaradır. Əyləşirlər, çay sifariş edirlər və sonda...şok hesab.
Bu reportajımızda Bakının kafe-restoranlarındakı depozit soyğunçuluğundan danışacağıq. Bakı sakinlərinin axşam çayını kimlər zəhərə döndərir? Gizli çəkillişlə bir çox həqiqətləri üzə çıxardıq.

Öncə ondan başlayaq ki, Bakı Bulvarındakı bəzi çayxanalar nisbətən insaflıdılar. Belə ki, onlar müştəridən depozit tələb etmirlər. Amma buna qarşılıq olaraq, sadə çay vermirlər. Minimum 10 manat ödəməklə şokalad-mürəbbə-çay təqdim edirlər. Amma bura kənardan tort, şirniyyat gətiriləndə əlavə 25 manat depozit ödəməli olursan.

Bəzi çayxanalarda isə rezerv və depozit sistemi ancaq axşam saat 6-dan sonra keçərlidir. Bir masa üçün depozitin qiyməti 40 manatdır. Ən çox depozit xüsusi kabinetlər üçün keçərlidi. Orda depozit 50-60 manat civarındadır.

Bu prosesdən əziyyət çəkən Bakı sakinlərindən biri bizimlə söhbətində bulvar çayxanalarından birində yaşadığı hadisəni bölüşdü: "Axşam uzun illərdir görüşmədiyimiz dostlarla yığışdıq ki, illərin heyifini çıxaq. Oturduq, yeyib-içdik, güldük, əyləndik... Ofisant hesabımızı gətirəndə isə gördük ki, hesab çoxdur. Bunun səbəbini soruşanda isə cavab verildi ki, "bizdə depozitlədir. Adambaşına filan qədər". Nəysə, yemədiklərimizin də pulunu ödəyib, restorandan çıxdıq".

Bu halların canlı şahidi olmaq üçün sahil kənarı restoranlara üz tutduq.

Kiçik Venesiya şəhərciyinin aşağısında yerləşən rəngli oturacaqlı, düz dənizə baxan kafedə əyləşdik. Ofisant yaxınlaşdı və sifarişimizi aldı. Bu mehriban gənclə söhbət etməyə başladıq. Dialoqu sizə təqdim edirik:

-Burada da depozit var?

-Xeyr, bizdə depozit yoxdur.

-Nə yaxşı? Başqa restoranlarda 40- 50 manat depozit olur.

-Bizdə də var əslində. Əgər özünüzlə bayırdan nəsə gətirsəniz onda 25 manat depozit ödəməlisiniz.

-Sizdə çay neçəyədir?

-6 manata. Amma çayı tək verə bilmərik. Ya mürəbbə, ya da mürəbbə almalısız.

Restoranlarla olan sərgüzəştimiz burada bitmədi. Bu dəfə daha lüks və əvvəlcədən haqqında məlumatımız olan restorana baş çəkdik. Restoran modern üslubda bəzədilmiş, teraslı və sahilə açılırdı. Burada da ilk sualımız depozitin olub - olmaması ilə bağlı idi. Ofisiant "saat 6 -dan sonra depozitlidir" deyə cavab verdi.

"Niyə ancaq 6-dan sonra?" sualını verəndə isə... "Sözünüz var? Müdriyyət aşağıdadır, ona deyə bilərsiniz, mən işçiyəm "- deyə əsəbi cavab verdi.

Bir sözlə, dənizkənarı bulvardakı kafe-restoranlarda sadə çay içmək qeyri-mümkündür. Sadə çaynik 6 manata olsa da, onu masaya tək gətizdirmək qeyri-mümkündür. Şokalad və mürəbbəsiz çayxanalarda çay içmək xəyaldır. Son nəticədə ən təvazökar, ən kasıb çay masası müştəriyə 11-12 manata başa gəlir.

Müştərilərin etirazı isə ancaq dodaqaltı deyinmə ilə yekunlaşır: Bu çayı qızıl suyundan hazırlamısız?

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

8 Şərh:

  • Anonim
    çş · 22 İyun 19:2340

    cayxanacilarnan bacarmaq olmur hani evvel ki cayxanalar qend cay ve limon

    Cavab yaz
  • Anonim
    çş · 22 İyun 19:2550

    deyesen bele cayxanalara da demir yumruq lazimdir

    Cavab yaz
  • Anonim
    User · 23 İyun 00:0710

    Bu cehetden Bakida olan turk kafeleri yaxsidir.Adlarini yazmayacam.Reklam olmasin deye.Normal menyu.Aglabatan qiymetler.Hesabda artiq sey yazmirlar.Qaliq puluda qepiyecen qaytarirlar.

    Cavab yaz
  • Anonim
    Ruslan · 23 İyun 13:3500

    ALCAQLARIN BOL OLDUQU OLKA...HARAMINIZ OLSUN..DARMANA VERIN

    Cavab yaz
  • Anonim
    Xoruz baba · 23 İyun 16:2600

    Bizim üçün də bir bulvar yaradın, noolaaar?!

    Cavab yaz
  • Anonim
    İnsan · 24 İyun 03:5400

    Axır vaxtlar servis pulu da dəbə düşüb.

    Cavab yaz
  • Anonim
    Nigar · 25 İyun 12:3600

    Yalnız çayxanalar elə deyil, hətta şəhər restoranlarında da sadə çay vermirlər.

    Cavab yaz
  • Anonim
    Nigar · 25 İyun 12:4000

    Yalnız çayxanalar deyil, elə şəhər restoranlar o haldadır. Sadə çay vermirlər.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics