Cəmiyyət

Ərəb turistlər hara yoxa çıxıb?

23 Dekabr 2021 18:54
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il Yeni il və Novruz bayramı öncəsi ölkəyə ən çox turist İrandan gəlirdi. Onlar bu bayramları yalnız Azərbaycanda maraqlı, əyləncəli keçirdiklərini deyirdilər. Son iki ildə isə pandemiya səbəbi ilə cənublu və ərəb turistlərin sayında kəskin azalma müşahidə olunur.

Milli.Az xəbər verir ki, turizm eksperti Əziz Şiriyev modern.az-a açıqlamasında bildirib ki, cənublu turistlərin bayramöncəsi Azərbaycana gəlməmə səbəbi sərhədlərin bağlı olması və qiymətlərin yüksək olmasıdır.

Onun sözlərinə görə, manatın məzənnəsi türk lirəsi, gürcü larisi və iran rialindən yüksəkdir:

"Azərbaycanı seçən cənubluların maddi vəziyyəti çox da yüksək deyil. Onlar bayramları fürsətə çevirib, ölkələrini görməyə gəlirdilər. Bu baxımdan təyyarə ilə   gəlməyə imkanı çatmır. Hazırda iranlı turistlərin İrəvana deyil, Türkiyənin Samsun, Tabzon vilayətlərinə, Gürcüstana daha çox getdiklərini deyərdim. Hansı sərhədlər açıqdırsa, həmin istiqamətə də gedirlər. Bu gün Azərbaycana gəlmək istəyən iranlı yalnız Naxçıvan üzərindən gələ bilər. Maddi vəziyyətin çətinliyi və səhədlərin bağlı olması cənubdan gələn turistlərin sayının kəskin azalmasına səbəb oldu".

Ekspert bildirib ki, sərhəd açıq olanda turun qiyməti 150-200 dollar arasında dəyişirdi:

"İndi bu rəqəmlər sərhəddin bağlı olma səbəbi ilə 400-500 dollara qalxıb. Qiymətlərin dollarla olması da insanların harasa getməsinə mane olur. COVID-19-la bağlı Azərbaycanda və eləcə də dünyada iqtisadi böhran yaşanır. Bu gün regionlarda otellərin qiyməti də kifayət qədər bahadır. Bayram ərəfəsində xüsusən qiymət artımı ilə qarşılaşacağımız istisna deyil".

Ə.Şiriyev Qarabağdakı qalibiyyətin Avropadan, Rusiyadan turistlərin gəlmə sayına müsbət təsir göstərdiyini qeyd edib:

"Şuşa, Laçın, Kəlbəcər və digər bölgələrimizdə turizm inkişaf edəndən sonra  turist axını daha da artacaq. Öncə yaxın ölkələrdən Rusiya, Türkiyə, Pakistan, İran, Gürcüstandan gələn turistlərin üstünlük təşkil edəcəyini gözləyirik".

Ekspert ölkəyə gələn ərəb turistlərin dəbdəbəni sevdiyi üçün Qəbələ və Qubada olan 5 ulduzlu otellərə üstünlük verdiklərini bildirib:

"Hətta Qəbələni o qədər sevmişdilər ki, bir ara Dubaydan Qəbələyə birbaşa çarter reys açıldı. Cənublular isə Bakını gəzməyi sevirdilər. Onların tur proqramında bir günlük yaxınlıqda yerləşən rayonlardan birinə səyahət proqramı var idi. Bakıda isə daha çox İçərişəhər, Qobustan Milli Tarix-Bədii və "Yanardağ" qoruğunu gəzirdilər. Yay aylarında isə daha çox dənizətrafı ərazilərə, Bilgəhə üstünlük verirdilər. Daha sonra turistlərə paket halında digər bölgələrimiz təklif olundu. Sağlamlıq üçün gələnlərə Naftalana, gəzməli yerləri görmək istəyənlərə Quba, Qusar, Qəbələ, Şəki, Zaqatala -Balakən, Gəncə üzərindən səyahətlər təklif olunurdu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.