Şou-biznes

"O məni atamdan xəbərsiz Leninqrada qaçırmışdı" - FOTO

18 Fevral 2016 14:37
9 Şərh     Baxış: 7 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az modelyer Leyla Əhmədovanın qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Azərbaycan qadınını hələ də dəbdəbəli geyiminə görə ittiham edirlər. Sizcə, bizim qızlar niyə bər-bəzəkli geyimlərdən, makiyajdan, saç düzümlərindən əl çəkmək istəmirlər?

- Bəli, bizim xanımlarımız dəbdəbəni çox sevirlər. Ancaq bu, şərq insanının qanında var. Biz makiyaja, bər-bəzəyə üstünlük verməyi xoşlayırıq, avropalılar isə daha çox sadəliyə qaçırlar. Yenə də, hər şey qədərində olsa, gözəl olar. Son vaxtlar cavan oğlanlarımıza fikir vermişəm, çox gözəl geyinirlər. Hətta deyərdim ki, onları qızlarımızdan daha çox bəyənirəm. Qadınlar isə məkana uyğun geyim seçə bilmirlər. Tarqovıda gecə libasında, hətta toy qiyafəsində gəzənləri görə bilərik. Axı hər geyimin öz yeri var və bu hal dəbdən çox uzaqdır.

- Səhv etmirəmsə, Azərbaycanda ilk modelyersiz. İlklər həmişə maneələrlə üzləşir, bəs siz?

-Çətin oldu, hətta deyərdim ki, çox çətin oldu. Mən 1996-cı ildə ilk moda evi açanda belə bir anlayış ölkədə yox idi. Özü də həmin vaxtlarda avanqard tərzinə çox üstünlük verirdim. Müxtəlif stillər yaratmağa çalışırdım ki, xanımlarımız müəyyən çərçivələrdən çıxa bilsinlər. Yəqin ki, o vaxt qadınların son fikirləşdiyi şey dəbli görünmək idi. Amma bu gün hər şey çox asandır. O vaxt nəsə nümayiş etdirmək istədikdə jurnalistləri tədbirə gətirmək çox çətin olurdu. Bu gün isə heç çağırmağa ehtiyac yoxdur, onlar özləri gəlirlər.

- Elə çətin insanlarla da işləmisiz. Biri də Zeynəb Xanlarova. Deyirlər, xalq artisti hər kəsi yaxınına buraxan insan deyil.

-Alla Puqaçova, Zeynəb Xanlarova. Bu insanların daşlaşmış və özünə xas bir stili var. Onlar 60-cı illərdən gələn və öz geyimləri ilə hamının yaddaşına həkk olunan ulduzlardır. Zeynəb xanım üçün 4 paltar hazırlamışam. İkisini Amerikada konsertində geyinib, ikisini isə Heydər Əliyev Sarayının açılışında. Onunla ilk dəfə işləyəndə müəyyən dəyişikliklər etmək istədim, xoş da qarşıladı. Düzdür, xalq artistimizin elə bir duruşu var ki, kənardan baxan çəkinir. Ancaq bir az söhbət etdikdə, işləyəndə çox sadə, gözəl insan olduğunu görürsən. Bir modelyer kimi mənim işimə hörmət edirdi və təkliflərimi məmnuniyyətlə qəbul edirdi. Bir modelyer bundan artıq nə istəyər?

- Bəs digər ulduzlarımız necə, nazları ilə sizi bezdirmirlər ki?

- Artıq öyrəşmişəm ulduzlarımızın nazını çəkməyə, onlar da nazlı olmasın, kim olsun? Bir şıltaq Aygünümüz var. Bu gün dünyanın məşhur simalarının geydiyi setkalı geyimləri, şortikləri Aygün 2000-ci ildə, 1999-cu ildə də geyinib. Onun qarderobunda 50-dən çox hazırladığım paltar var. Ən böyük layihələrində mənimlə işləyib.

- Aygün Kazımovanın geyimləri açıq-saçıqlığına görə çox qınandı. Ancaq bir müddət sonra qəbul edildi və belə də sevildi. Əksinə də ola bilərdi, risk almaqdan qorxmadız?

- Bəli, geriyə dönüb baxdığım zaman həqiqətən də çox riskli bir işə əl atdığımızı görürəm. Ancaq biz onda dərk edirdik ki, Aygün ulduzdur və onun fərqli imici olmalıdır. Və istədiyimiz həmin imici yarada bildik. Ancaq bu gün adi insanlar da o geyimləri geyirlər, nəinki ulduzlar. Onlar heç baxmırlar, bu geyim ona yaraşır, ya yox.

- Sizin hicabdan dəb üçün istifadə etdiyinizi deyənlər də var...

- Artıq 13 ildir ki, hicablıyam, namazımı qılıb, orucumu tuturam. Əvvəllər çox açıq-saçıq geyinən insan idim. Mənim islama gəlməyim nə dəblə bağlıdır, nə də ki göstəriş üçün. Özümü hazır hesab etdiyim zaman bu yolu seçdim. Çox vaxt deyirlər ki, bəs açıq-saçıq geyimlər hazırlayırsan, bunun islama nə aidiyyatı? Moda hara, islam hara? Başa düşmürəm, mən dindaram deyə müraciət edən hər kəsin başını bağlayacam? Aygün özünə cavabdehdir, mən özümə. Mən hicaba aksesuar kimi yanaşmışam. Quranda yazılmayıb axı mütləq qapqara geyinib, bu cür hicab bağlamalısan.

- Sizi daha çox al-əlvan rənglərdə, maraqlı libaslarda görürük. Ancaq hicaba keçən qızlarımız, qadınlar qara, tünd rənglərə üstünlük verir.

- Mən islamı dərk edib başımı bağlamışam. Hicabı mühitə uyğun şəkildə bağlamaq lazımdır. Səudiyyə Ərəbistanında olanda abayanı geyməyi çox xoşlayıram. Ancaq abayada Bakıda gəzsək, daha çox diqqət çəkər axı. Mənə tanışlarım da bunu deyiblər ki, səni qapqara niqabda görsək, qəribə gələr. Onsuz da qara rəngi heç sevmirəm, həmişə bu rəngdən qaçmışam. Ətrafım məni olduğum kimi sevir. Müasir həyat yaşayırıqsa, ona uyğun formada bağlanmalıyıq. Mən islama gələndə Azərbaycanda din hələ təzə-təzə çiçəklənirdi. Namaz qılan xanımlarımız başını bağlamağa çəkinirdilər. Çox qadın yaxınlaşıb deyib ki, siz necə gözəl və rahat hicab bağlamısızsa, bizə də xoş gəlib. Hərdən fikirləşirəm ki, bəlkə də, mənim islama gəlməyim çevrəm üçün bir çağırışdır, dinin modanı, gözəlliyi arxa planda qoymaq məcburiyyətinin olmadığını göstərməkdir.

- Yeri gəlmişkən, "Fashion TV"də kolleksiyalarınız nümayiş olunub.

- 2000, 2001 və 2002-ci illərdə - üç il dalbadal "Fashion TV"də mənim kolleksiyalarım nümayiş olunub. O vaxt bizim kimi balaca bir ölkənin vətəndaşı üçün bu çox böyük uğur idi. 2002-ci ildə Gürcüstanda Zaqafqaziya üzrə cavan modelyerlərin sərgisi keçirilirdi. Orada mən birinci yerə layiq görüldüm. Fransız mənim kolleksiyamı görən kimi ayağa durub dedi ki, bax, görmək istədiyim bu idi. Gürcülər əsəbləşmişdilər ki, niyə bu qızı gətirmisiz, qalib bizdən çıxmalı idi. 2002-ci ildən fəaliyyətimə ara verib başladım bu il sonlandırdığım "Azərbaycan" kolleksiyamı işləməyə. 10 ildən çoxdur ki, üstündə zərgər kimi işləyirəm və özümdən sonra tarixdə qalacaq bir şey qoymaq istəyirəm. Hər bəzəyi xüsusi diqqətlə işləmək lazımdır, bu da vaxt tələb edir. Bir-ikisini nümayiş etdirmişəm, ancaq 40 paltardan ibarət olan kolleksiyamı həm Azərbaycanda, həm də xaricdə möhtəşəm təqdim etmək istəyirəm. Əslində keçən il dəvət etmişdilər, gedə bilmədim. Bunun üçün hələ maddi imkanım yoxdur, vəziyyət düzəlsin, edəcəyəm.

- Yaman vəziyyətdən gileylənirsiniz, deyəsən, devalvasiya sizi də vurub.

- Parçaları xaricdən alırıq, özü də avroya. Qiymət baha olur, deyirlər endirim elə. Etmişəm, 50 faiz endirimlər var, 70 faiz istəyirlər. Onda bəs mən özümü, işçilərimi necə dolandırım? Etdiyimiz "aldım qoz, satdım qoz"dur. Manatın vəziyyəti bizi çox dala atır. Demək olar ki, heç nə qazanmırıq. Qabağa getməsək də, çalışırıq vəziyyəti standart saxlayaq. Bunun özü böyük hünərdir. Əslində, bu hal sadəcə bizdə deyil, dünyada böhran mühiti var. Bayaq dediyim kimi, kolleksiyam qalıb, gözləyirəm vəziyyət düzəlsin, təqdim edim. Çünki təqdimata kifayət qədər pul tələb olunur.

- Kolleksiyalarınız satışa çıxarılır?

- Yox, mən onlara qiymət ölçə bilmərəm. Heç vaxt kolleksiyamı satmamışam. İstəyən çox olub, böyük rəqəmlər təklif ediblər, amma razı olmamışam. Hazırda kolleksiyalardan olan 250-dən çox paltarım var və hər birini sığallaya-sığallaya asılqanlarda, qutularda yerləşdirmişəm. Əvvəl burada saxlayırdım, sonra gördüm, göz dəyir. Gələcəkdə muzeyimi açıb kolleksiyalarımı yerləşdirəcəm. Yeni kolleksiyamın da birini burada muzeyə qoyacam, London muzeyinə şəkilləri göndərmişəm, çox bəyəniblər, istəyirlər. Təqdimatdan sonra dünyanın müxtəlif ölkələrinin muzeyinə kolleksiyamdan geyim göndərəcəm. Niyə Azərbaycanın adı olmasın axı?

- Bəs belə ən yüksək sifarişiniz nə qədər olub?

- Müəyyən qədər qiyməti var. Amma ən yüksək məbləği desəm, yapışacaqlar yaxamdan ki, sən bəs paltara bu qədər pul götürürsən. 10 minlərdən çoxdur, ancaq mən bunu heç vaxt açıqlamağı sevməmişəm. Tərifləyim özümü ki, mən 100 minə, 50 minə paltar tikmişəm, nəyə lazımdır? İlk modelyerəm, işlərimdə heç kimi təkrarlamıram, niyə də müəyyən bir qiymətim olmasın?

- Özünüzə kimi rəqib görürsüz?

- Nə yalan deyim, yoxdur. Hələ ki, işlərində özünü, fərqli nələrisə əks etdirən modelyer görməmişəm. Bilmirəm, bəlkə, siz görmüsüz, mən qarşılaşmamışam. Mən həmişə demişəm, hamımız birlikdə oturaq, qabağımıza da iynə, sap, qayçı qoysunlar. Kim nə bacarırsa, etsin. Mən orada öz tərzimi ortaya çıxara biləcəm, daha başqaları kimi yamsılamaq üçün onun, bunun əlinə baxmayacam. Xaricdə bir neçə modelyer var ki, işlərinə baxıb deyirsən, aha, bu filankəsin işidir. Məsələn, Teri Müqler. Dünyada tarixdə qalan modelyerlər var, bizdə də mən qalmaq, adımı yaşatmaq istəyirəm. Mən heç vaxt pulun dalınca qaçmamışam. Bacarıqlısansa, onsuz da pul səni tapacaq. Moskvada münsiflər mənim üstümdə qırğın salmışdılar. 10 nominasiya üzrə 10 qalib olmalıydı. Ancaq 3 nəfər yeri mənə vermək istəyirdi. Bax, bu tarixdə qalan bir xatirədir. Həm öz, həm də ölkəm adından. Getdiyim hər yerdən qalibiyyətlə qayıtmışam.

- Atanız biznesmen olub və kifayət qədər imkanlı ailədə doğulmusunuz. Bu sizin modelyer kimi formalaşmağınızda bir şans olub, ya maneə?

- Atam mənim bu sənəti seçməyimə qəti qarşı idi. Hətta sənədlərimi universitetə vermək üçün anam məni Leninqrada qaçırmışdı. Sonra atama tələbə biletimi göstərdim, razılaşmalı oldu. Birinci kursun sonunda nişanlandım, dedilər ki, daha qayıtmalısan. Mən də qayıtdım. Ancaq məqsədimdən, istəyimdən heç bir zaman imtina etmədim.

- Bəs qızınızın geyiminə qarışırsız? Bildiyim qədərilə, sosial şəbəkələrdən, mediadan uzaq tutmağa çalışırsız.

- Belə mülayim görünməyimə baxmayın, mən çox sərt anayam. 20 yaşı var, ancaq hələ də bir şey edəndə mütləq məndən məsləhət alır. Harasa gedəndə geyimini bəyənmirəmsə, deyirəm, get tez dəyiş, gəl. Bilmirəm, köhnə düşüncəliyəm, ya necə. Ancaq istəmirəm sosial şəbəkədə olsun, ya saytlar şəkillərini yaysın. Bir dəfə şəkillərini feysbuk səhifəmdə paylaşdım, bir neçə sayt tez yaydı. Elə pis oldum ki, tez zəng vurub götürmələrini xahiş etdim. Başqaları kimi uşağımı gözə soxmağı xoşlamıram. Amma belə, qızımın gözəl zövqü var, rəsm qabiliyyəti də yaxşıdır.

- Hazırda modelyer olmaq istəyənlər üçün şərait var?

- Şərait var, ancaq yaxşı büdcə tələb edir. Misal üçün "Azərbaycan" kolleksiyama 10 il ərzində öz büdcəmdən 500 mindən yuxarı pul xərclənib.

- Özünüz də bir zaman dəb müsabiqəsində münsif olmusuz, indiki verilişləri izləyirsiz? Məsələn, elə götürək qalmaqallı "Bu stil mənim".

- Həmin veriliş üçün mənə və başqa modelyerlərə də təklif olunmuşdu. Ancaq nədənsə, sonda düz istiqaməti seçmədilər. Həmin münsiflər heyətində moda sahəsində sözünü demiş şəxslər oturmalıdır ki, qiymətləndirmə düzgün olsun. Mən Zauru çox sevən biriyəm, onunla dostuq. Ancaq dost doğrunu deməlidir. Zaur stilist deyil axı, geyimə münasibət bildirsin. Hər şey öz yerində gözəldir. Mən indi siyasət verilişini aparsam, ekspert kimi danışsam, hamı mənə gülər axı. Bir-iki dəfə baxmışam hər dəfə eyni sözlər təkrarlanır və tamaşaçıların o verilişdən öyrənəcəyi bir şey yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.