Şou-biznes

Gövhər Həsənzadə: “O, bizə nankorluq etsə də, üzümüzə ağ olsa da...”

13 Aprel 2024 03:03
Baxış: 1 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən gücünə güvənib, amma haqsız olanın o gücündən istifadə edib haqlı olanı əzən proseslərdə özümə nəzarəti itirə bilərəm".

Milli.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a müsahibəsində bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Gövhər Həsənzadə bildirib. Onunla müsahibəni təqdim edirik.

- Bir zamanlar, daha dəqiq desək, 2000-ci illərin əvvəllərində bir mahnı bumu yaşanırdı Azərbaycan musiqisində. Amma o dövr sanki bir dalğa kimi keçdi və indi yaxşı musiqinin böyük bir boşluğu görünür. Sizcə, bunun səbəbi nədir?

- O dövrdə sağlam rəqabət var idi. Və sağlam rəqabət üçün də şərait var idi. Həmin şəraiti yaradanlar isə musiqiyə aidiyyəti olan peşəkarlar idi. Eyni zamanda, musiqiçi də, rejissor da, şair də, klipmeykerlər də peşəkar idilər. O vaxt "mən klip çəkirəmsə, kinorejissorluğa ehtiyac yoxdur", "mən mahnı yazıramsa, klassik musiqini bilməyimə ehtiyac yoxdur" kimi absurd anlayışlar yox idi. Yəni sənətkarlar hər şeyin bünövrəsini mükəmməl biləndən sonra işləyəcəkləri janrı seçirdilər.

Bundan başqa, o dövrlərdə radio və televiziyalarda çalışan musiqi redaktorları və konsert təşkilatçıları da peşəkar idilər. İncəsənətə, mədəniyyətə aidiyyəti olan insanlar idi. Və onlar efir üçün düzgün, zövqlü musiqi seçmək bacarığına malik idilər.

- Deyirlər, indi zövqlər korlanıb.

- Bəli, indi zövqlər korlanıb. Əlbəttə ki, söhbət əksəriyyətdən gedir, hamıdan yox. Biz o zaman zövqləri formalaşdıran bir komanda idik. Mən musiqi yazırdım, aranjimançı aranjiman edir və bu proses zamanı ehtiyac olan melodiyanı əldə etmək üçün instrumental ifaçılardan da istifadə olunurdu. Beləliklə, bir musiqidə yeddi-səkkiz musiqi alətindən biri sintezator olurdu. Əfsuslar olsun ki, bu gün əksər musiqilərdə heç bir canlı musiqi alətindən istifadə olunmur. Mahnı ancaq sintezatorda aranjiman olunur və onun beynində hər bir canlı alətin ancaq bir manerada ifa olunmuş səs düzümü məhdudiyyəti var. Düşünürlər ki, əgər texnologiya inkişaf edibsə və həmin alətlərin səsini bir alətə yazıblarsa, daha niyə ifaçıları çağıraq? Elə sintezatordan istifadə edək, vəssalam.

Amma mən bir pianoçu kimi skripka partiyasını düzgün və əsl skripkaçı kimi ifa edə bilmərəm. Əlimin altında fortepiano formasında olan alətin dilləri skripka səsi versə də, mən bunu edə bilmərəm. Hər bir alətin öz diapazonu, real ifaçılıq texnikası var. Onlara riayət etmək lazımdır. Başqa halda hər nə cür olsa da, bu səslənmə qeyri-peşəkarlığı büruzə verir. Bu gün ona görə bu cür yazılan musiqilər insan zehninə, beyninə mənfi təsir göstərir. Çünki o instrumentallar süni səslənmə ilə ərsəyə gəlir. Və elektron səslənmənin nəticəsində insan beyni yorulur. Beyin bir neçə saniyədən sonra onu qavramaqdan imtina edir. Elə bu cür yanaşma nəticəsində bu gün janrların müəyyənləşməsi və musiqi səslənmələrində texniki baxımdan çox böyük boşluqlar var.

- Hazırda sanki aranjimançı həm bəstəkardır, həm musiqiçidir, həm səsyazandır. Buna münasibətiniz necədir?

- Bu gün ifaçılarımız böyük sənət yolu keçib, bəstəkarla səsyazma studiyalarında əziyyət çəkib, instrumental ifaçıların dediklərini eşitmədən, onlarla ayaqlaşmaq istəmədən, "mən belə oxumaq istəyirəm" deyib, üz tutdular qeyri-peşəkar aranjimançılara. Peşəkar aranjimançılar onlara izah edəndə ki bu səs bu alətdə yoxdur, bunu belə aranjiman etmək olmaz, bu cür ifa etmək böyük bir səhv olar, ifaçılar onları eşitməyib, üz tutdular "hər şey olar" deyən qeyri-peşəkar aranjimançılara. Nəticədə zehnə mənfi təsir edən, psixoloji qavrama sistemini sıradan çıxaran bir musiqi dalğası, daha doğrusu, səs dalğası meydana gəlir. Burada tək müğənni deyil, ümumiyyətlə kim nə istədi, etdi və keçdilər bazar sisteminə. Sponsoru olanlar efir vaxtını pulla alıb, orada istədiyini xalqa təqdim etməyə başladılar. Az qala, hər iki-üç mahnıdan bir onların ifası səsləndirildi və nəticədə biri nəfərdən yüz oldular, yüzdən iki yüz, min, minlərlə olub efiri zəbt etdilər. Nəticədə o peşəkar musiqiçiləri, peşəkar ifaçıları, peşəkar bəstəkarları, peşəkar şairləri sıxışdırıb çıxardılar və bütün şou-biznesi də zəbt etdilər. Təsəvvür edirsinizmi, bu gün peşəkar bəstəkarların efirdə səslənən musiqiləri 100 faizdən cəmi bir faizdir. Peşəkar musiqilər indi ancaq dövlət kanallarında səslənir. Bəzi özəl kanallarda da zövqlü redaktorlar var, bizim dövrün adamlarıdır, tanıyırlar, bilirlər, musiqidən anlayışları var, onlar da ancaq tək-tük müəllif verilişlərində bu imkanlarından istifadə edə bilirlər. Amma əksər efirlərdən səslənən Azərbaycan musiqi təbliği sistemində peşəkar musiqi yoxdur.

- Necə oldu ki, sponsorlu qeyri-peşəkar müğənnilər belə vüsət ala bildilər?

- O dövrdə Bakı Şəhər Mədəniyyət Mərkəzinin (ovaxtkı Şəhriyar adına Mədəniyyət Mərkəzi) direktoru idim, əlimdə səlahiyyət var idi. Belə deyək də, böyük bir inzibati bina Azərbaycan mədəniyyətinə xidmət etmək üçün bizə həvalə edilmişdi. Orada özfəaliyyət kollektivləri, müğənni və ümumiyyətlə yaradıcı insanların inkişafı üçün çox gözəl şərait vardı, Qafqazda ən yüksək səviyyədə akustikası olan və illərlə məşhur "Melodiya" səsyazma şirkətinin bütün vallar üçün səsyazmaları həyata keçirdiyi konsert salonu məhz bu binada yerləşirdi. Həftənin yeddi günü hər zövqə, hər yaş həddinə uyğun 8-10 tədbir keçirilirdi. Mübariz Tağıyev, Nisə Qasımova, Sərxan Sərxan, Nazpəri Dostəliyeva,  Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Aygün Kazımova və demək olar ki, bütün sənətkarların konsert proqramları və eləcə də Eyyub Yaqubovun, Ədalət Şükürovun, Namiq Qaraçuxurlunun, "Bu şəhərdə"nin ilk solo konsertləri orada baş tutmuşdu. Ondan başqa, tez-tez xeyriyyə konsertləri keçirilirdi, müğənnilər canla-başla iştirak edirdilər orada. Bir sözlə, əsl sənət ocağı idi.

Oradakı studiyamızda "Şeron", "W-trio", "Unformal" və daha altı rok qrupu formalaşıb araya-ərsəyə gəlib. Bir binada həm məşq otaqları, həm səsyazma studiyaları, həm klipmeykerlərin iş otağı (burada Kənan M.M., Emin Mirabdullayev, Fuad Əlişov və s. kimi klipmeykerlər çalışırdılar), eyni zamanda da səhnə vardı. Yaradıcı adam bu ortamda həm məşqini edir, həm səsini yazdırır, həm klipini çəkdirir, həm də peşəkar səhnədə konsertini verirdi. Yəni müğənni üçün lazım olan hər bir şey sistem şəklində orada vardı. Müğənni orada tam bir sənət yolu keçirdi. Mədəniyyət Mərkəzimiz bir tramplin kimi idi. Orada konsert verən adam sanki imtahandan uğurla keçir, ölkənin bir nömrəli konsert salonu olan Heydər Əliyev Sarayında konsert verməyə hazır olurdu. Bax, bu sistem yaradıcı adamı gözəl bir yaradıcı sexdən keçirərək inkişaf etdirir, yetişdirirdi. Rəqabət də bu cür sağlam formalaşırdı. Amma indi hərə bir otaq ayırıb, deyir ki, bura mənim şəxsi studiyamdır. Özü söz yazır, özü musiqi bəstələyir, özü oxuyur. Belə olmaz axı. Hamı bir yerdə olmalı, qaynayıb-qarışmalıdır. Necə ki yazıçılar üçün Yazıçılar Birliyi, bəstəkarlar üçün Bəstəkarlar İttifaqı, rəssamlar üçün Rəssamlar İttifaqı var, bu da o cürdür. Yəni yaradıcı insanların toplaşdığı, görüşdüyü, müəyyən layihələr işlədiyi, fikir mübadiləsi apardığı bir yer, bir qurum olmalıdır. Heyf ki, bizim bir canlı orqanizm kimi işləyən sistem dağıldı.

- "Day after day" mahnısı "Avroviziya" müsabiqəsində ən yaddaqalan mahnı oldu.

- O mahnıda bizim xarakterimiz var. Orada tənqid, üsyan, qürur, Azərbaycanın odlar yurdu olması var, muğamlarımızın Allahın, səmaların musiqisi olması var, çağırış var, təslim olmamaq - mübarizlik var. Bütün bunlar biz azərbaycanlılara xas olan şeylərdir. Birinci il "Avroviziya"ya gedəndə bizə verilən əsas tapşırıq Azərbaycanı Avropaya təqdim etmək idi. Biz mahnı səslənən həmin o üç dəqiqədə özümüzü tanıtmalıydıq. Bəli, kompozisiyamız əla rezonans yaratdı. Amma əslində, biz qeyri-adi heç nə etməmişdik. Nəyimiz vardısa, hərəsindən bir az-bir az götürdük və onu yaratdıq. Klassik musiqimizi, vokal məktəbimizi, rokumuzu, müasirliyimizi, beynəlmiləlliyimizi, tolerantlığımızı göstərdik. Mahnı beynəlxalq dildə - ingilis dilində ifa olunsa da, muğam parçası əlavə edərək "aman-amanla" öz dilimizi də göstərdik. Və nəhayət, biz orada necə mərhəmətli xalq olduğumuzu göstərdik. Var-dövlətin içərisində çaşıb qalan bədbəxt şeytanın əlindən tutduq, paltarını cırdıq, qara mələyi ağ mələyə çevirdik. Biz yenə də əl tutduq, biz yenə də bağışladıq, mərhəmət göstərdik. Çünki biz öldürən, asan-kəsən, zəbt edən xalq deyilik. Biz həmişə ehtiyacı olan adama qapı açmışıq, süfrəmizin yuxarı başında oturtmuşuq, nemətlərimizin ən yaxşısına onları qonaq etmişik. Sabah o bizə nankorluq etsə də, üzümüzə ağ olsa da, öz aləmində bizi aldatmış olsa da, biz beləyik. Amma onlar heç nə edə bilmirlər, riyakar istəklərinə çata bilmirlər. İlahi vəhy bizi qoruyur. Biz dəyişib pis olmuruq, əksinə, daha da yaxşı olmağa və pisləri də yaxşıya çevirməyə çalışırıq.

- Sizcə, "Avroviziya"da uğurlu nömrə üçün nə lazımdır?

- Mən ilk və ən mükəmməl hazırlıq dönəmində iştirak edən, Allahın xoşbəxt bir bəndəsi kimi deyə bilərəm ki, ən gözəl və ən mükəmməl hazırlıq bizdə olub. Bu etimadı mənə göstərdiyinə görə dönə-dönə dövlətimizə minnətdarlıq edirəm. "Avroviziya" üzrə ən təcrübəli bir adam kimi isə deyə bilərəm ki, bu işdə müğənninin 20 faiz qatqısı var. Qalanı 80 faizi yaradıcı heyətdir. Çünki səhnədə olan ifaçı ancaq ona deyilənləri edir. Özündən heç nə əlavə edə bilməz, əlavə də etmir. Ona o hüquq verilmir. Hansı saniyədə gözünü qırpmalıdır, əlini qaldırmalıdır, onu edir. Buna görə biz ifaçını heç vaxt müzakirəyə çıxartmamalıyıq. İfaçı istedadlıdır. İstedadlı olmasa, oraya göndərməzlər. Əsas məsələ - yaradıcı heyətdir. Kompozisiya, yaradıcı heyət nə qədər çox ruhən azərbaycanlıdırsa, o qədər uğurludur. Mən milliyyətdən danışmıram, ruhdan danışıram. Dönə-dönə deyirəm, yaradıcı heyət nə qədər azərbaycanlı ruhdadırsa, çıxış bir o qədər uğurlu olacaq. Ola bilməz ki, Azərbaycan məhsulu, Azərbaycan yaradıcılığı, Azərbaycan heyətinin hazırladığı musiqi növü Avropada uğursuz olsun. Bu, mümkün deyil!

- Bizim musiqimizin ruhu, canı nədir?

- Biz sevgi xalqıyıq. Bizim ruhumuzda sevgi, mərhəmət və qürur birləşərək azad təfəkkürə tabe olur. Bizi çərçivəyə salmaq olmaz. Bizim musiqimiz azad təfəkkürdür. Biz hər şeyə sevgi qatırıq. Hətta xörək bişirəndə belə onu sevgi ilə edirik. Sevərək evimizi bəzəyirik, qonağı sevgiylə qarşılayırıq, rəsmi sənədi belə, sevgi ilə hazırlayırıq. Baxırıq ki, o da estetik cəhətdən gözəl olsun. Hətta sənədi imzalayacağımız qələmə də diqqət edirik. Onun da gözəl olmağını istəyirik. Bizim ruhumuz ancaq gözəlliyi tərənnüm edir.

- Yeddi notdan sonra nə gəlir?

- Yeddi notdan sonra yeni oktava gəlir. Və orada notun adı eyni olsa da, bu artıq başqa diapazon, başqa oktavadır. Deməli, səslənməsi də başqadır. Deyirlər ki, yeddi not var, yeddi rəng var. Bəs rəngdən-rəngə keçən çalarlara biz nə deyirik? Göy ilə sarı arasında dəyişən rənglərin adı nədir? Göy yaşıla doğru sarılaşa-sarılaşa gedir və nəticədə yaşıl olur. Bəs o arada qalan rənglərə nə deyirik? Bilirsinizmi, notlar da elədir. Məsələn, do ilə re arasında yüzlərlə səs var. Bu, bemol, bekar, diyez deyil, onlar, sadəcə, tonu dəyişir. Mən dediyim səs xırdalıqlarıdır. Muğamda səs titrəmə dalğaları var. O qədər xırdadırlar ki, not kimi tutmaq mümkün deyil, o notun adı yoxdur.

- Bəs həyatda yeddi notdan o yana nə var?

- Əfsuslar olsun ki, həyat mənim üçün yeddi notdan ibarət deyil. İki laddan, iki xarakterdən - major və minordan ibarətdir. Bunlar duyğu səslənmələridir - şən və qəmli.

- Major Gövhər Həsənzadə hansıdır, minor hansı?

- Vəzifəsi, tutduğu mövqeyi, sənəti, üzərində olan məsuliyyətləri olmayanda ancaq özü olan Gövhər majordur. Amma ciddi olmaq üçün mütləq minor olmalıyam. Bəzən səmimiyyət çərçivələrini aşıram. Amma biz "olmaz"lar olan bir dünyada yaşayırıq. Ciddi işlərlə məşğul olursansa, hər hansı bir vəzifədəsənsə, demək, "olmaz"ların "olar"larından daha çoxdur. Sən mütləq çərçivənin içərisində olmalısan. Və qanunlara tabe hərəkət etməlisən. Hisslərlə çalışmaq olmaz. Mən yaradıcılıqda olanda da tam rahat deyiləm, hər istədiyimi etmirəm. Bu, aldığım  təhsildən irəli gəlir. Musiqinin də qanunları, "olmazları" var. Onları adlaya bilmərəm.

- Kənardan olduqca təmkinli, səbirli görünürsünüz. Təmkinli Gövhər Həsənzadəni özündən nə çıxara bilər?

- Haqsızlıq! Məni özümdən ancaq haqsızlıq çıxara bilər. Bu, mənim ən zəif tərəfimdir. Mən gücünə güvənib, amma haqsız olanın o gücündən istifadə edib haqlı olanı əzən proseslərdə özümə nəzarəti itirə bilərəm. Məndən buna etiraz olaraq başqa bir Gövhər ortaya çıxa bilər. Heyf ki, dəstək olmağa bir çox hallarda gücüm yetərli olmur. Amma ədalətin bərpası üçün lap şəxsi maraqlarımdan keçməli olsam, tərəddüd etmədən keçərəm və keçmişəm də. Buna görə həyatda həddindən artıq zərbə almışam. Amma heç vaxt duruşumu dəyişməmişəm və dəyişmərəm də. Özümə bunu yaraşdırmaram. Mən şəxsi maraqlarıma görə heç vaxt haqsızın yanında olmaram, gözümü ədalətsizliyə yummaram.

- Bu gün yaradıcılıqla yanaşı, yaradıcıların müəllif hüquqlarını da qoruyursunuz.

- "Müəllif hüquqları" İctimai Birliyinin İdarə Heyətinin sədri kimi mən Azərbaycan sənəti, musiqisi, incəsənətinin qorunması üçün işlərin məsuliyyətini üzərimə götürmüşəm. Hazırda biz musiqilərimizin müəlliflərinin müəyyənləşdirilməsi, onların beynəlxalq statuslarının alınması, beynəlxalq layihələrdə səslənməsi, anonimlikdən çıxarılması, müəllifin adının təqdimatı üçün çalışırıq. Dünyasını dəyişən müəlliflərin vərəsələrinin müəyyənləşməsi üzrə də işlər gedir. Yəni hər bir yaradıcı insanın öz yaratdığı əsərin rəsmi müəllifi olsun deyə səylər göstəririk. Bu işdə böyük dəyəri və dəstəyi olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməyini və diqqətini xüsusilə qeyd etmək istəyirəm. Bu yaxınlarda Benilüks ölkələrində səfərdə olduq. Lüksemburq, Brüssel, Amsterdam, İstanbul kimi şəhərlərdə, həmçinin, Avropanın digər şəhərlərində işgüzar səfərdə olduq. Həm ölkəmizi, həm də bir azərbaycanlı kimi bizi tanımaqları vətəndaş olaraq məni çox sevindirdi. Mən bunu qələbə hesab edirəm. Əvvəllər də xaricdə rəsmi səfərlərdə çox olmuşam. Amma indi Azərbaycanın imicinin bu qədər yüksək olması, tanınması mənə çox qürurverici oldu. Deməli, dövlətimizin illərlə apardığı siyasət, gördüyümüz işlər uğurlu olub. Əlbəttə, bunun bünövrəsində 30 ildən sonra torpaqlarımızı azad etməyimiz, suverenliyimizi bərpa etməyimiz kimi şərəfli bir işimiz dayanır.

- Heç əlçatmaz arzunuz olub?

- Ən böyük arzum və sevgim baletdir! Lap balaca yaşlarımda baletlə məşğul olsam da, sonra davam etməmişəm. Mənim üçün balet, səhnədəki balerina həyatda istədiyim, amma həyata keçməyən yeganə arzumdur. Ondan başqa nəyi istəmişəmsə, Allah mənə yetirib. Heç nəyin arzusunda nakam qalmamışam. Bircə balet alınmayıb. Mənə elə gəlir ki, doğulanda o arzu ilə doğulmuşam. Bu günə qədər balet mövzusuna çox həssasam. Balet izləyəndə mənə elə gəlir ki, hər şey həmin dövrdə - mənim uşaqlıq illərimdə baş verir. Elə bilirəm ki, bu gün heç kim balet yazmır, heç kim balet oynamır. Hamısı o zamanda baş verir. Mən orada dayanmışam hələ də...

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.