Şou-biznes

“Flora Kərimova yaxşı Leyli idi, sonra bilmədim ki, niyə...” - Arif Babayev 57 il əvvələ qayıtdı...

1 Dekabr 2022 13:02
Baxış: 1 547

1907-ci ildə Üzeyir Hacıbəyov tərəfindən yazılmış ilk milli operamız olan "Leyli və Məcnun" 1908-ci ildə səhnələşdirilir. Səhnədə Məcnun obrazını ilk dəfə Hüseynqulu Sarabski ifa edir. O vaxt səhnəyə qadınların gəlişi müşkül məsələyə çevrildiyindən Leyli obrazını isə kişi sənətkarlar ifa edir. Daha sonra teatr səhnəsində bu obrazları görkəmli sənətkarlarımız oynayır. Səhnədə bir-birindən fərqli və gözəl Leylilər olub. Bəlkə də bir çoxları bilmir, amma Leyli obrazını özünəməxsus və fərqli şəkildə oynayan sənətkarlarımızdan biri də xalq artisti Flora Kərimova olub.
 
Milli.Az xəbər verir ki, 1965-ci ildə xalq artisti Arif Babayevlə səhnəyə çıxan sənətkarlar moderator.az vasitəsilə 57 il əvvələ qayıdıblar. Flora xanım saytımıza açıqlamasında bildirib ki, bu obrazı öncə oynamaq istəməyib.

"Mən o vaxt artıq aktrisa kimi "Mehman" filminə çəkilmişdim. Muxtar Dadaşovun qardaşı Soltan Dadaşov Məcnun obrazı üçün Arifi seçdi. Çexoslovakiyaya qastrol səfərinə gedirdim, Soltan müəllim zəng edib məni Leyli obrazına dəvət etdi. Heç ağlıma da gəlməzdi ki, Leyli olaram. Soltan müəllimə dedim ki, mən bu rola yaraşmıram, gözəl deyiləm. Amma məni birtəhər yola gətirdilər. Səsim, oxumağım əslində Leylinin yaşına uyğun idi. O vaxt teatrda böyük sənətkarımız Rübabə Muradova Leyli obrazını oynayırdı. Teatrımıza gələn gənclər də özlərini ona oxşatmağa çalışırdılar. Ondan sonra bu rolu oynamağım əslində çox böyük cəsarət idi. Şam səhnəsində mən şeir deyirdim. O 4 sətirdə bütün zal ağlayırdı. Rəhmətlik Əfrasiyab Bədəlbəyli dirijorluq edirdi, Arif müəllimi də, məni də çox istəyirdi. Mənim üçün "Qatar" muğamı yeri bəm idi, hamı "si"-dən oxuyurdu. Əfrasiyab müəllim onu mənə "do"-dan oxutdururdu" deyə sənətkar bildirib.

Xalq artisti Flora Kərimova Leyli rolundan getdiyinin səbəbini də açıqlayıb.

"Tamaşamıza bir bilsəniz kimlər gəlmişdi? Həqiqət Rzayeva, Gülxar Həsənova, Mehdi Məmmədov, Adil İsgəndərov və s. nəhəng sənətkarlar mənə baxırdılar. Mən onlar tərəfdən ünvanıma bir pis söz eşitmədim.

Yalnız Arif Babayevlə "Leyli və Məcnun" tamaşasında tərəf müqabili olmuşam. Leyli obrazını 9 dəfə oynadım. Daha sonra imtina etdim. Çünki mənim öz səsim lirika-koloratur-soprano idi. Müğənninin ən zəif, ən yaralı və onu müalicə etməyi mümkün olmayan qorxusu var, o da səsinin laxlamasıdır. Qorxdum ki, səsimə zərər dəyər. Arif müəllimə can sağlığı arzulayıram. Azərbaycanı yaşadan hər şeylə bahəm onun sənət ustalarıdır. Onun səsi Azərbaycandan əskik olmasın" deyə sənətkar bildirib.

Xalq artisti Arif Babayev isə o illəri belə xatırlayıb. 

"O vaxt səhnədə Leylilər çox idi, amma Məcnunlar az. Leylilərin də hamısı bir-birindən gözəl idi. Hər kəsin öz gözəlliyi, sənəti var idi. Leyli elə obrazdır ki, həm səs, həm də gözəllik yerində olmalıdır. Görkəmləri də obraza uyğun gəlməli idi. Çünki Məcnun Leylinin gözəlliyini vəsf edir, onun ünvanına xoş sözlər deyir. Leyli obrazını oynayan aktrisa rola yaraşmalıdır. Leylilərim çox olub. Onlardan biri də Flora Kərimova idi. Çox adam təəccüblənir ki, Flora xanım necə Leyli olub? O çox gözəl, qəşəng aktrisadır. Sənətkar kimi çox sevilir. Bizim istəkli müğənnimizdir. Leyli rolu çox çətindir. Amma Flora xanım elə obraz yaratdı ki, möhtəşəm alındı. Öhdəsindən gəlməyi bacardı. Elə bilirsiniz ki, Leylini, Məcnunu səhnədə oynamaq asandır? Sonra bilmirəm ki, sonra o getdi niyə gəlmədi?" deyə sənətkar bildirib.
 
Arif Babayev bildirib ki, səhnədən öz istəyi ilə gedib.
 
"Uzun müddət Məcnun olmuşam. Daha sonra düşündüm ki, səhnədən hörmətlə, izzətlə getmək lazımdır. Hətta mən onlara operadan çıxmağımı deyəndə hamı təəccüblənmişdi. Artıq mənim gedən yaşım idi. Yaxşı cavanlarımız var idi, teatra onlar gəldilər. Mən operaya gələndə cavan, arıq, hündürboy oğlan idim. Eynilə Məcnuna oxşayırdım. Bu gün Opera və Balet teatrındak Leyli və Məcnunların əksəriyyəti mənim tələbələrim, hətta tələbələrimin də tələbələridir. Fəxr edirəm, çox sevinirəm ki, səhnəmiz boş qalmayıb. Onlar məni də tamaşalarına dəvət ediblər, gedib xeyir-dua vermişəm. Bilirsiniz ki, indi səhhətimlə bağlı olaraq gedə bilmirəm, evdən oturub televizor vasitəsilə izləyirəm. Günümün çoxunu evdə keçirirəm. Qocalıq da bir şey deyil (gülür)" deyə sənətkar bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

İllik 12,99%-dən 40 000 manatadək zaminsiz komissiyasız kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics