Şou-biznes

“Yaşar Nurinin əşyalarını qızıl bilib, oğurladılar” - VİDEO

22 Noyabr 2022 16:40
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaşar Nurinin vəfatının 10 ili tamam olur. Sanki bu hadisə ötən gün olub. Yanımdadır, onu heç zaman həyatımda olmayan bir insan kimi hiss etmirəm. Çünki hiss etsəm ki, Yaşar müəllim yoxdur, o zaman gərək həyatımda çox dəyişikliklər edim".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri bu gün 61 yaşı tamam olan mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım "Səhər mərkəzi" verilişində deyib.

Mərhum aktyorun məzarını ziyarət edən sənətkarın xanımı bildirib ki, iki il əvvəl onların bağ evində oğurluq hadisəsi olub. Bu zaman isə orada Y.Nuridən xatirə qalan bəzi əşyalar oğurlanıb.

"Bağ evimiz var. Yaşar müəllim sağ olarkən onun təmirinə başladıq, amma o xəstələndiyi üçün təmiri yarımçıq qaldı. Otaqlardan birini azca təmir edib, divar kağızlarını yapışdırdıq və Yaşar müəllimin əşyalarını oraya yerləşdirdik. İki il əvvəl bağ evimizdə oğurluq hadisəsi də olmuşdu.

Oğurluq hadisəsində Yaşar müəllimin əşyalarının bir neçəsi oğurlanmışdı. Onun bəzi əşyalarını tərpədəndə səs edirdi. Oğrular da düşünüblər ki, bu qızıldır. Onları da oğurlamışdırlar. Nəfəs aparatını saxlamışam. Həmin otağa daxil olanda təskinlik tapıram. Ora girəndə özümü sənətin içində hiss edirəm. Mən də Yaşar müəllimləyəm və səhnədəyəm", - deyə Rəhimə xanım vurğulayıb.

Sənətkarın xanımı bildirib ki, o, qızı ilə birlikdə xəstəxanaya gəlsə də, lakin özündə güc tapmadığı üçün  Xalq artisti ilə vidalaşa bilməyib:

"Gecə ilə mənə zəng edib dedilər ki, gəlin xəstəxanaya. Qızım Ülkərlə getdik. Gördük ki, həkim oturub ağlayır. Söylədilər ki, istəyirsinizsə gedin onunla görüşün. Cavab olaraq dedim ki, siz nə danışırsınız, mən onu canlı görmüşəm.

Yaşar müəllim həyatımda da canlı qalmalıdır. Onu ölü görsəm, həyat bağlanacaq mənim üçün. Onunla vidalaşmaq üçün özümdə güc tapmadım. Düşünürəm ki, son 10-15 ildə biz əsl məhəbbət yaşamışıq. Sən demə yaşa dolduqca məhəbbət şirin olur".
Y.Nurinin müğənni qızı Ülkər isə atası ilə bağlı xatirələrini dilə gətirdiyi zaman kövrəlib:
"Atam mənə söylədi ki, sənin başına elə tac qoyub gedəcəyəm ki, o tacı heç zaman yerə qoyma. Həqiqətən də onun dediyi kimi oldu. Məzarını ziyarət etdiyim zaman deyirəm ki, həyatda elə şeylər edə bilmədim ki, sən onu görüb, sevinəsən və ya narahat olmayasan. Ailə quranda istədim ki, övladım olsun, atam baba olsun. Belə məsələlər var ki, yadıma salanda məni incidir. Bu barədə isə özümü qınayıram. Allah sənə rəhmət eləsin, ruhun şad olsun ata. Hər zaman qızınla fəxr et!", -deyə Ülkər söyləyib.

Qeyd edək ki, Yaşar Nuri 2008-ci ilin mayında İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu.

Aktyor 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində İstanbulun Memorial xəstəxanasında müalicə almışdı. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilmişdi. O, Bakıda Mərkəzi Gömrük Hospitalında müalicə almışdı.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.