Rusiya

Rusiya ordusunu çıxdığı yerə kimi kim qovmalı...

23 May 2022 11:00
3 Şərh     Baxış: 1 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna elə bir həssas mövzuya çevrilib ki, indi reallığı demək az qala xainlik, işğala haqq qazandırmaq kimi yorumlanır

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, Ukrayna müharibəsinin nə vaxt yekunlaşa biləcəyi haqda proqnoz vermək riskli, bəlkə də mənasız işdir. Mən bir ay deyirəm, siz 1 il... Amma müharibədə dönüş nöqtəsinin yetişdiyi hiss olunmaqdadır. Müasir Ukraynanın yeni ideologiyasının əsasında formalaşmış "Azov" döyüşçülərinin 1 aylıq mühasirədən sonra təslim olması müharibələrdə bəlkə də sıradan bir hadisədir- əsir də ola bilər, itkilər də və sairə...Amma buna sıradan hadisə kimi baxmamaq da olar, bəlkə də bu müharibənin razvyazka, kulminasiya, hətta qırılma nöqtəsidir...  

Hər iki tərəf müharibənin yekunlaşa biləcəyinin anonsunu da verirlər. Zelenski və Şoyqunun bu barədə açıqlamaları bir-birindən fərqlidir. Ukrayna prezidenti ölkənin müəyyən ərazisinin geri qaytarılmasının çətinliyinə açıq eyhamlar vurub. Rusiya müdafiə naziri isə Donbas əməliyyatının uğurla yekunlaşmaya doğru getdiyini deyib.

Ruslardan fərqli olaraq, Zelenski danışıqların mümkünlüyü haqda da  deyir. Bu müharibədə çox vasitəçi olub, amma alınmayıb. Niyəsini bilmək çətin deyil, çünki bu savaşın dayanmasıını istəyənlər az, davam etməsi üçün çalışanlar isə çoxdur. Amerika və Böyük Britaniya, Polşa kimi ölkələr bu münaqişəni qızışdıran tərəf olduğunu dövlət rəsmiləri səviyyəsində verdikləri bəyanatlarda gizlətmirlər də. Başqa ölkələr də var. Bunu Ukrayna müharibəsində ən sağlam mövqe tutmağa çalışan Türkiyənin xarici işlər naziri açıq demişdi ki, NATO-da münaqişənin bitməsini istəməyən dövlətlər var. Sülh tərəfdarlarının niyə tez pəs etdiyinin, geri çəkilməsinin  səbəbləri də bəllidir. Ukrayna elə bir həssas mövzuya çevrilib ki, indi reallığı demək az qala xainlik, işğala haqq qazandırmaq kimi yorumlanır. Fransa prezidentinin Zelenskiyə güzəşt təklifi kimi məsələn... Əlbəttə ki, Zelenski haqsız da sayılmaz. Hansı dövlət başçısına desən ki, ərazidən güzəştə get, eyni reaksiyanı verər. Amma  Ukrayna işğala məruz qalan nə ilk ölkədir, nə də yəqin ki, son.  

90-cı illərin əvvəlində SSRİ-nin və Yuqoslaviyanın dağılması çox qan tökülməsinə səbəb oldu, Avropada milli zəmində toqquşmalar nəticəsində yeni dövlətlər, sərhədlər yarandı. Amma bunlar artıq keçmişdir və Rusiyanın sərhədləri yenidən müəyyənləşdirmək istəyi, həm də faktiki başqa bir dövlətin ərazisi hesabına bunu etməsi dünyanın dəngəsini dəyişməli idi. İndi ya bu özbaşınalığına görə Rusiyanı oradan qovmaq lazımdır, ya da ən çətin yol-kompromis variantı seçilməlidir. Ukrayna və Rusiya  danışıqlar masasına oturmalıdır. Bu faciələr Ukraynanın başına gəlməyə də bilərdi, amma buna görə daha vaysınlamağın xeyri yoxdur. Təkcə Ukrayna deyil, bütün dünya bu şansı əldən verdi. Həm Ukrayna, həm Rusiya bu müharibədə ciddi zərbələr alıb. Özlərinə gəlməyi vaxt alacaq, bəlkə də on illiklər. Amma vəziyyət ümidsiz də deyil. Bu düşmənçilik bir yerdə durmalıdır. Ukraynaya silah ver, Rusiya onları vursun, ya o silahlar rusları vursun, sonra yenə, yenə...

Donbas Rusiyanın nəzarəti altına keçərsə, müharibə bitəcəkmi? Daha ukraynalılar Donbasa raket atmayacaqlarmı,  ruslar da  cavab atəşi açmaqdan vazmı keçəcəklər? Rusiyanın Ukraynanı tam nəzarətə almaq niyyəti, hakimiyyəti dəyişmək istəkləri alınmadı. Rusiyanın bu cür masştablı müharibəyə hazır olmadığı təsdiqləndi. Ona görə Kiyev ətrafından geri çəkilməyə məcbur oldu, əsas birliklərini Donbasa yönəltdi. Ukrayna da Donbasa güclü qüvvə toplamışdı, amma onlar da düşmənlə sonadək döyüşmək gücünü itirməkdədirlər. O halda bir anlaşmaya ehtiyac var...

Nə ola bilər bu anlaşma? Bu barədə hökm, təklif vermək olduqca məsuliyyətli işdir. Azərbaycan da işğala məruz qalmış ölkə olub, atəşkəs rejimində illərlə yaşasaq da, işğalla barışmadıq və zamanı yetişəndə şükür ki, dövlət və ordu bu işi həll etdi. Ukraynanın dayanmadan illərlə müharibə aparmağa gücü yetirsə nə xoş... Amma bu müharibədə itkiləri də artıracaqsa, daha böyük ərazisini risk altına qoyacaqsa, başqa yol düşünülməlidir. Qərb bunu anlayır, müharibənin uzanması üçün, lap deyək ki, ukraynalılara canları yandıqları səbəbindən lazım olan silahların daha çoxunu verəcək. Rusiyanı zəiflədib çıxdığı yerə, öz sərhədlərinə kimi qovmaq bütün işğal niyyətli dövlətlərə dərs olar. Amma bunu reallaşdırmaq hələ ki, mümkünsüz kimi görünür...

Bu müharibə bütün dünyanı silkələyib- qida, buğda qıtılığı, bahalıq bütün ölkələrdə özünü göstərir. Qlobal böhran getdikcə dərinləşməkdir. Müharibə nə vaxtsa   bitəndən sonra da təsirləri üzün müddətli olacaq. O səbəbdən atəşkəs, danışıqlar ən doğru seçimdir. Bunun üçün qollarını çırmalayanlar lazımdır. Savaş baltaları üçün deyil, həm də...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.