Din

Öz vətənini sevə-sevə mömin olmaq...

6 Avqust 2022 11:48
Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Mənim dini dünyagörüşümün fərqli olduğuna baxmayın, bu ölkədə məndən çox mömin dost-tanış olan az-az adam olar. Onların sırasında yaxın qohumlar və qohumların yaxın-uzaq qohumları da var.

Tanıdığım, yaxın olduğum mömin dost-tanışların tam əksəriyyəti çox səmimi, içdən gələn ruhani ehtiyacla ibadət yolu seçmiş, vicdanlı insanlardır. Bir-birimizə münasibətlərimiz də çox tolerantdır. Hər kəs öz əqidəsində sabitdir, heç kim qarşısındakını öz dini məfkurəsindən döndərmək xətti yürütmür.

Onların bəziləri öz ibadətlərində o qədər təvazökardırlar ki, yad adam heç vaxt onların nə dərəcədə dindar olduqlarını bilməz. Bu şəxslər öz ibadət vaxtlarını bir saniyə də keçirməzlər, namazlarını qılar, oruclarını tutarlar, amma bunu başqalarına göstərə-göstərə etməzlər.

Bir də var, dəqiqəbaşı, yeri gəldi-gəlmədi, "qıldığım namaz haqqı" deyə and içən, "ağzım orucludur" deyə başqalarına oruc tutması barədə işarə verən, ibadət etdiyini hər kəsə bəyan edən, hətta alnına möhürü izi qalacaq şəkildə basan, dindar olmasından özünə ictimai həyatda üstünlük və mötəbərlik qazanmaq üçün istifadə edən şəxslər. Dindarların sevimli sözü ilə desək, Allah onları hidayət etsin.

İctimai açıqlamalarını çoxdan izlədiyim və qəbul etdiyim din xadimlərindən olan Hacı Şahinin təşəbbüsü ilə bu gün "Məşədi Dadaş" məscidinin qarşısında baş tutan milli bayraqlı möminlərin mitinqi göstərdi ki, ölkəmizdə səmimi və təvazökar, milliyyətçi və dövlətçi dindarlar çoxdur.

Gerçəkdən də, dindar olarkən başqa dövlətlərin paytaxtlarına və dini mərkəzlərinə boylanmağa, oradan direktiv, fətva, buyruq gözləməyə ehtiyac yoxdur, bunlar olmadan da insanlar öz ruhani həyatlarını yaşaya bilərlər.

Əksinə, dindar olarkən yad ölkələrdəki dini mərkəzlərə bağlanmaq, onların iradəsi ilə təşkilatlanmaq, zaman-zaman başqa dövlətlərin mənafeyi naminə hərəkətlənmək heç bir dini əqidəylə bir araya sığmır. Bu, din pərdəsinə bürünmüş siyasətçilikdir, bir çox hallarda öz xalqına xəyanətdir.

Təəssüf ki, ölkəmizdə özünü başqa dövlətlərin təsir agentləri kimi aparanlar, onların fitvası ilə ortalığı qarışdırmağa çalışanlar, qaşınmayan yerdən qan çıxarmağa cəhd edənlər də var.

Bu adamlar əslində siyasi mübarizə aparırlar, hakimiyyətə gəlmək, sekulyar dövlət quruluşunu dəyişmək, şəriət rejimi qurmaq istəyirlər, həm də bunu xarici ölkələrdən aldıqları tapşırıq əsasında edirlər.

Dövlət bu şəxslərə qarşı hansısa qanuni tədbirlər görəndə isə vay-nöfsə başlayır: "Dini ayinlərimizi icra etməyə imkan vermirlər", "inanclı şəxslərə basqı var", "zalımlar məzlum möminləri incidir" və sair və ilaxır.

Yuxarıda dediyim mömin qohum-əqrəba və dost-tanışlarımın içində indiyədək bir nəfər də olsun təqib-təzyiqə məruz qalan olmayıb. Onlar istədikləri vaxt Məşhədə, Nəcəfə, digər ziyarətgahlara gedib-gəlirlər, bütün zəruri dini ayinlərini sərbəst icra edirlər.

Amma "zülm" barədə arqumentlərlə silahlananların əsas müdafiəçilərinə baxın. Onlar özlərinə "siyasətçi", "demokrat", "ana müxalifətçi" adı qoyan siyasət adamlarıdır. Bir-birinə daban-dabana zidd olan ideologiya və fəlsəfi görüşlərə malik, mübarizə üsulları tamamilə fərqli olan bu qüvvələri birləşdirən yeganə "dəyər" hakimiyyət hərisliyidir. İndilikdə onlar bir-birindən istifadə etdiklərini düşünür və "ümumi düşmən" qarşısında müttəfiq rolundadırlar. "Sonrası" barədə sonra fikirləşəcəklər.

Bir çox başqa ölkələrdə bu cür "demokrat siyasilər"lə "dindar siyasilər"in müttəfiqliyinin sonu həmişə faciəvi olub. Tam əksəriyyətində "dindar siyasətçilər" ilk fürsətdə öz müttəfiqlərini - "demokrat siyasilər"i məhv ediblər.

Bugünkü aksiya isə dindən siyasi məqsədlərlə istifadə edənlərə yaxşı cavabdır. Onlar göstərdilər ki, din-iman öz yerində, vətən, bayraq, milli dövlətçilik sevgisi önəmlidir və səmimi mömin olmaq üçün öz millətini, vətənini xor görməyə, ona qarşı olmağa lüzum yoxdur.

Bu gün azərbaycanlı möminlər bu hərəkətləri ilə dünyaya, eləcə də Azərbaycana barmaq, burun, dil uzadan məzhəbçilərə də ciddi mesaj verdilər. Onlar göstərdilər ki, ekstremist dini cərəyanlara qoşulmayacaqlar, İslam dininin reputasiyasını korlayan aksiyalara qol qoymayacaqlar, öz ruhani həyatlarını yaşayacaq, mənəvi ehtiyaclarını ödəyəcəklər.

Qoy məzhəb davası aparanlar da anlasınlar ki, bu xalqın dini hisslərini qızışdırmaq və idarə etmək xətləri həmişə iflasa uğrayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.