Siyasət

Paşinyanın Bakıdan "idarə olunduğu" ETİRAFI - Rusiyadan TƏCİLİ ADDIM

24 Noyabr 2021 15:24
Baxış: 7 938

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün "Facebook" üzərindən erməni xalqına müraciəti zamanı əsasən sərhədlərin delimitasiya, demarkasiyası və kommunikasiyaların açılması ətrafında açıqlamalar etməsi ilə Azərbaycan dövlət başçısının sözlərini təsdiqləmiş oldu. Məlum oldu ki, Azərbaycan Prezidentinin dediyi "Bu gün Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq" ifadəsi tamamilə reallığı əks etdirir.

Belə ki, Prezident İlham Əliyev Ermənistanın üçtərəfli birgə bəyanatda üzərinə götürdüyü öhədliklərin icrası ilə bağlı danışarkən son çıxışlarında sərhədlərin delimitasiyası, demrakasiyası və Zəngəzur dəhlizi (kommunikasiyaların açılması) məsələsi ilə bağlı çox vacib mesajlar verir. Bu nöqteyi nəzərdən baxsaq, görərik ki, ötən gün Paşinyanın xalqa müraciəti zamanı erməni baş nazir əsasən bu mövzular ətrafında açıqlamaları ilə yadda qaldı.

44 günlük müharibənin 1-ci il dönümü ərəfəsində Soçidə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin gözlənilən növbəti üçtərəfli görüşünün sərhəddə erməni silahlı qüvvələrinin təxribatları sonrası vəziyyətin süni şəkildə gərginləşdirilməsi ilə əlaqədar baş tutmamasından sonra Avropa İttifaqı Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış etməsinə İrəvandan dərhal "hə" reaksiyası bir çox məqamları aşkara çıxardı. Məlum oldu ki, Paşinyan Rusiyanın vasitəçiliyi ilə bağlı Azərbaycanla sərhədlərin delimitasiya, demarkasiya məsələsi və digər öhdəliklərindən söhbət gedən proseslərdə iştirak etmək niyyətində deyil.

Şarl Mişelin Brüssel görüşünün müəyyənləşdirilməsindən sonra Moskva Ermənistan hərbi-siyasi rəhbərliyinin noyabrın 9-da Soçidə planlaşdırılan üçtərəfli görüşü deaktiv etmək üçün sərhəddə təxribat planının əsl səbəbini anlamış oldu. Lakin Moskva II Qarabağ müharibəsi ilə bağlı göstərdiyi fəallıq, apardığı diplomatik səylərin Ermənistan tərəfindən hesaba alınmadığını, əvəzində Qərbə pas vermək istəyini anlayınca İrəvanın planlarını alt-üst etmək məqsədiylə Soçi görüşü üçün yeni vaxt təyin etdi. Bununla da Moskva noyabrın 26-na dövlət başçılarının üçtərəfli görüşünü təyin etdi. Nəticədə Rusiya həm Brüssel görüşünün əhəmiyyətini itirmiş sayıldı, həm də Qərbin Cənubi Qafqazın orbitinə yaxınlaşmağa növbəti dəfə əngəl oldu. 

Paşinyanın planı 17 gün işə yarısa da, erməni baş nazir Rusiyadan kənar bir addım atmağın mümkünsüz olduğunu anlayınca "Facebook" səhifəsində dünənki çıxışında 9 noyabr görüşünün baş tutmaması ilə bağlı gülünc iddiaları ilə yadda qalıb. Belə ki, Paşinyan iddia etdi ki, 9 noyabrda Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı o deyildir. Lakin artıq Rusiya mənbələri də təsdiq ediblər ki, görüşün baş tutmamasının səbəbkarı məhz Paşinyandır.

Diplomatik mənbələr də təsdiq edirlər ki, Ermənistan tərəfi tədbirə bir gün qalmış hər hansı səbəb göstərmədən bu görüşə qatılmaqdan imtina etdi. Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabr görüşünün yekun bəyanatının hazırlandığı bir məqamda Paşinyan bu addımı ilə Rusiyaya hörmətsizliyini növbəti dəfə nümayiş etdirdi. Bunun ardınca Paşinyan üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət etdi və nəticə etibarilə, Rusiyanı çıxılmaz və pərt olmuş durumda qoydu. Bütün bu faktlar da sadalanan iddiaların reallığı əks etdirdiyindən xəbər verir.

Üstəlik Paşinyanın 9 noyabr Soçi görüşü ilə bağlı ağ yalanı diqqətdən qaçmadı. O çıxışında bildirib ki, "Mən dedim ki, əgər konkret qərarlar, məsələn, erməni hərbçilərin qaytarılacağı məsələsi aydınlaşdırılacaqsa, 9 noyabr görüşünə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım". Bu açıqlama ilə Paşinyan həm özünü Qərbin gözündə, həm də onu müharibədən sonra ağır məğlubiyyətdən sonra növbəti dəfə seçən erməni xalqının gözündə alçalmış vəziyyətdən xilas etməyə çalışsa da məlumdur ki, 26 noyabr görüşü Brüssel görüşünün açıqlanmadığı günə kimi məlum deyildi. Olsa idi bu barədə bir kəlmə də olsa ya Rusiya rəsmiləri səviyyəsində, yaxud da Rusiya və Ermənistan mediasında hər hansı bir iddialara rast gəlinərdi. 

Qısaca, Paşinyan növbəti dəfə Moskvanın qulaqburmasını aldı. İki gün əvvəl İrəvan səmasında rus qırıcı təyyarəsinin peyda olması, ondan sonra isə, Putinlə telefon danışığındakı ultimatum Nikolu görüşə razılıq verməyə vadar edən əsas səbəb oldu. Paşinyanın növbəti çıxışı da məğlub ölkənin liderinin çıxışından başqa birtəəssürat bağışlamadı. Nikol o çıxışı zamanı bir çox məsələlərə aydınlıq gətirməyə çalışsa da həmişəki kimi səliqəsiz cümlələri, bir - birini tamamlamayan ifadələri ilə növbəti dəfə natamam Paşinyan obrazıyla diqqət mərkəzinə düşdü.

Soçi görüşü öncəsi erməni ictimai rəyində mövqelərini gücləndirməyə çalışan Nikol Paşinyanın çıxışı zamanı qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış etməsindən, bu tip sərsəm bəyanatlarındən belə nəticə çıxır ki, Paşinyan asan ip-sapa yatmaq fikrində deyil. Açıqlamalarının motivi deməyə əsas verir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi sərhəd, xüsusilə anklavlar məsələsində və kommunikasiya ilə bağlı problemlər yaratmağa davam etmək fikirndədir. Bu da imkan yaradacaq ki, rəsmi Bakı növbəti dəfə "məcburetmə əməliyyatları"na yenidən ehtiyac duysun. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.